12:46
560
İslahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, 2025-ci ilin sonundan etibarən valyuta bazarında sabitlik davam edəcək və ilin sonuna yaxın məzənnənin iqtisadi əsaslarla təxminən 6 faiz ətrafında formalaşacağı gözlənilir: “2025-ci ilin ötən dövründə neft və qeyri-neft seqmentləri üzrə valyuta bazarına təsir edən tendensiyalar balanslaşdırılıb ki, bu da məzənnə sabitliyini və qiymət sabitliyinə dəstəyi təmin edib. Cari əməliyyatlar hesabının profisitli qalması, iqtisadi gözləntilərin effektiv idarə edilməsi valyuta bazarında tarazlığı gücləndirən əsas amillərdir. 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən həyata keçirilən ötürmə mexanizminin gücləndirilməsi ilə bağlı islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5 faizə enib və bu, tarixdə ən aşağı göstəricidir. Bu dinamika həm gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını göstərir”.