Reşat Kökçen: Azərbaycana kiberhücumların 12%-i bank sektoruna yönəlir İqtisadiyyat

Reşat Kökçen: Azərbaycana kiberhücumların 12%-i bank sektoruna yönəlir

Azərbaycana edilən kiberhücumların hər səkkiz hadisəsindən biri birbaşa bank sektorunu hədəfləyir və bu tendensiya qlobal trendlə tam üst-üstə düşür.

“APA-Economics” xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı “Mastercard”ın EEMEA üzrə Kibertəhlükəsizlik Biznesinin vitse-prezidenti Reşat Kökçen bildirib. O deyib ki, Azərbaycanda banklar kiberhücumların 12%-ni təkbaşına qəbul edən ən riskli sahələrdən biridir. Onun sözlərinə görə, süni intellektin (Al) geniş tətbiqi xakerlərə daha hədəfli və sürətli hücumlar etməyə imkan verir və bu, kibertəhlükəsizlik sahəsində yeni risklər yaradır.

R. Kökçen qeyd edib ki, rəqəmsallaşma, internetə bağlı cihazların çoxalması və böyük data axını kiberhücum səthini sürətlə genişləndirir. O vurğulayıb ki, yalnız müdafiə tərəfinin də AI əsaslı həllərə keçidi nəticəsində risklərin qarşısı effektiv şəkildə alına bilər.

Ekspertin sözlərinə görə, 2030-cu ilə qədər kibercinayətlərin iqtisadi dəyəri 15,9 trln dollara çatacaq və bu göstərici qlobal ölçüdə ABŞ və Çindən sonra üçüncü ən böyük “iqtisadi güc” sayılacaq. Mastercard artıq Azərbaycan banklarına kibertəhlükəsizlik və froudun qarşısının alınması üzrə bir sıra konsaltinq xidmətləri göstərib.