11:44
518
Sığorta üzrə qlobal reytinq agentliyi AM Best “AzRe Təkrarsığorta” ASC-nin maliyyə dayanıqlığı reytinqini B++ (Yaxşı), uzunmüddətli kredit reytinqini isə “bbb” (Yaxşı) səviyyəsində təsdiqləyib. Proqnoz stabil saxlanılıb.
"APA-Economics" xəbər verir ki, AM Best-in qiymətləndirməsinə görə, “AzRe”nin reytinqləri şirkətin möhkəm maliyyə dayanıqlığını və güclü əməliyyat nəticələrini göstərir. Hesablamalara əsasən, şirkətin kapital səviyyəsi ən yüksək qiymətləndirmə üçün tələb olunan həddən xeyli yuxarıdır.
Şirkət investisiya portfelində ölkədaxili aktivlərin payını azaldaraq daha çox xarici istiqrazlara yönəlib və 2025-ci ilin avqustuna olan məlumata görə, onların payı ümumi investisiya aktivlərinin 42%-ni təşkil edib. Bununla yanaşı, agentlik bildirir ki, AzRe-nin xarici bazarlarda genişlənən portfelində böyük fəlakət risklərinə qarşı əlavə qorunma (retrosessiya) məhduddur və bu amil reytinqə qismən mənfi təsir edir.
Şirkət 2024-cü ildə də güclü nəticə göstərib. Birləşmiş zərər və xərc nisbəti 65,5% olub ki, bu da yaxşı əməliyyat performansına işarədir. Yüksək faiz dərəcələri investisiya gəlirlərini artıraraq ümumi mənfəəti dəstəkləyib. AM Best şirkətin növbəti illərdə də müsbət nəticələr əldə edəcəyini gözləyir, lakin böyük risklərin nəticələrdə dəyişkənlik yarada biləcəyini qeyd edir.
Agentlik vurğulayır ki, AzRe Azərbaycanda aparıcı təkrarsığorta şirkətlərindən biridir, lakin beynəlxalq bazarda hələ də nisbətən kiçik oyunçu sayılır. Xarici bazarlarda fəaliyyət şirkətə yeni imkanlar açsa da, burada daha böyük rəqiblərlə rəqabət güclüdür.