12:09
336
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 34,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 16,9% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 29,6 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 825 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 0,9% artım müşahidə olunub.
Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 17 135,6 mln. kubmetr qaz ötürülüb (1,98%-lik artımolub).
Xatırladaq ki, 2024-cü ilin Azərbaycanda magistral qaz kəmərlərində 47,3 mln. kubmetr itki olub, bu da illik müqayisədə 20,9% azdır.
Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).