Aİ İrəvanın Rusiyadan enerji asılılığını azaltmaq üçün Ermənistan-Türkiyə elektrik xətti üzərində çalışır İqtisadiyyat

Aİ İrəvanın Rusiyadan enerji asılılığını azaltmaq üçün Ermənistan-Türkiyə elektrik xətti üzərində çalışır

Avropa İttifaqı Ermənistanın enerji sahəsində diversifikasiyasına yardım edir, eyni zamanda, Ermənistan–Türkiyə elektrik ötürücü xətti üzərində də işləyir.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşündə bildirib.

Komissar deyib ki, Daşkənddə imzalanmış sənədə əsasən Ermənistan enerji infrastrukturunun yaxşılaşdırılması, enerji təhlükəsizliyinin və diversifikasiyanın gücləndirilməsi, həmçinin xarici oyunçulardan asılılığın azaldılması məqsədilə “Qafqaz Elektrik Şəbəkəsi” layihəsi çərçivəsində dəstək alacaq.

“Daşkənddə 500 milyon avro dəyərində layihə haqqında sənəd imzaladıq. Bu, sizin enerji sisteminizin Gürcüstanın enerji sistemi ilə birləşdirilməsi üçün 500 milyon avroluq investisiyadır və biz artıq Ermənistan–Türkiyə enerji sistemi üzərində də işləyirik. Niyə? Çünki sizin Rusiyadan enerji asılılığınızı minimuma endirmək lazımdır. Bu, bizim öz təcrübəmizdən qaynaqlanır. 2022-ci ildə müharibə başlayanda Avropa Rusiyadan 60% qaz, 50% kömür və 40% neft idxal edirdi. İndi kömür — 0, neft — 0, qaz üzrə isə tədricən sıfıra yaxınlaşırıq. Bu proses hər zaman asan olmur, siz də bunu yaxşı bilirsiniz”, — Marta Kos qeyd edib.

Bildirilir ki, “Qafqaz Elektrik Şəbəkəsi” layihəsinin məqsədi Ermənistan və Gürcüstanın enerji şəbəkələrinin sinxronizasiyası yolu ilə Cənubi Qafqazda etibarlı, çevik və qarşılıqlı faydalı transsərhəd enerji mübadiləsini təmin etməkdir.