
"Bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir. Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir.
Cari ilin sentyabr ayında Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfəri dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb".
Xalcebhesi.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.
"Sevindirici haldır ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəliyimiz zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlığı müşahidə edirik.
Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək" - nazir çıxışında qeyd efib.
M.Cabbarov onu da deyib ki, ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq, Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.
İnvestisiya sahəsində əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik:
"Azərbaycanda bərpa olunan enerji layihələrində Əmirlik şirkətləri ölkəmiz üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər. İstifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə “Masdar” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir".