Mərkəzi Bank uçot dərəcəsini azaltdı İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə dekabrın 10-da faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib. Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Mərkəzi Bankda hesab edirlər ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.

Cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.94% olub. Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar baş verib. Ötən iclasdan sonra depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.

Mərkəzi Bankın uçot dərəcəsini 0.25 faiz azaldaraq 6.75% müəyyənləşdirməsi banklarda kredit faizlərini aşağı düşməsinə nəzəri olaraq zəmin yaradır. Hər halda ən azında kreditlərin bahalaşma ehtimalını azaldır. Hərçənd ki, kommersiya banklarının hazırki kredit faizləri istehsal sahibkarlığı üçün əlverişli deyil, indiki 18-30%-lik illik kreditlərlə istehsala investisiya yatırmaq, gəlir və mənfəət əldə etmək, üstəlik bank kreditlərini də qaytarmaq ağlabatan deyil. Ona görə də təsadüfi deyil ki, bank kreditləri istehlaka, kommersiya sahələrinə yönəlir. Son məlumatlara görə, ölkədə ümumi kredit qoyuluşlarının həcmi 29,4 milyard manatdır. Ancaq əmanətlərin həcmi 16 milyard manatdır.Bu isə deməkdir ki, kredit portfelinin yarıya qədəri digər maliyyə resurslarının hesabına formalaşır. Əhalidən illik 8-10%-lə əmanət qəbul edən bank kreditləri 13-15%-lə deyil, 20%-dən yuxarı təklif edir. Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18%-dir. Son illər bu faiz nəinki azalmayıb, hətta artım müşahidə olunub. Mərkəzi Bankın uşot dərəcəsini 6.75%-ə endirməsi nəticəsində ümid etmək olar ki, ölkə üzrə kreditlər üzrə orta illik faiz dərəcəsi 1-2% azalsın.

Hər halda ölkədə ktredit faizlərinin artması fonunda ona təsir göstərə biləcək əsas amillərdən biri kimi Mərkəzi Bank uçot dərəcəsini azaltdı. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların aşağı faizli, daha ucuz maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, sahibkarların kreditlərə, investisiya qoyuluşları üçün daha çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməlidir. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli maliyyə-kredit resursları lazımdır.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) işğaldan azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

Aydın məsələdir ki, davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 21 milyard manat vəsait xərclənib. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.

Mahir Həmzəoğlu