Kriptobirjada eniş: "Bitcoin" 86,4 min dollara kimi ucuzlaşıb İqtisadiyyat

Kriptobirjada eniş: "Bitcoin" 86,4 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında azalma meyli davam edir.

“APA-Economics” "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, son 24 saat ərzində bazarın ümumi kapitallaşması 1,35% azalaraq 2,91 trln. dollar təşkil edib.

Kapitallaşmaya görə lider olan "bitcoin"in (BTC) qiyməti son sutkada 0,25%, son 7 gündə isə 4,36% azalaraq 86 385,77 dollar səviyyəsinə enib. "Bitcoin"in bazar kapitallaşması 1,72 trln. dollar olaraq qalır.

İkinci pillədə qərarlaşan "Ethereum" (ETH) daha kəskin azalma nümayiş etdirib. "Ethereum"un qiyməti sutka ərzində 3,61%, son 7 gündə isə 12,15% azalaraq 2 823,93 dollar olub. Aktivin bazar kapitallaşması 340,8 mlrd. dollar səviyyəsindədir.

Üçüncü yerdə olan Tether (USDT) isə stabil kriptovalyuta kimi qiymət sabitliyini qoruyub. USDT son 24 saatda cəmi 0,02% azalaraq 0,9994 dollar səviyyəsində qalıb.

Bazarın aparıcı digər kriptovalyutalarında da azalma müşahidə olunur. BNB 3,23%, XRP 4,60%, Solana (SOL) 4,09%, Dogecoin (DOGE) 5,18%, Cardano (ADA) isə 4,96% ucuzlaşıb.

Analitiklər kriptovalyuta bazarındakı cari azalmanı qlobal risk iştahının zəifləməsi, ABŞ-da pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənlik, eləcə də son həftələrdə müşahidə olunan texniki korreksiya prosesi ilə izah edirlər. Eyni zamanda, altkoinlər üzrə satış təzyiqinin artması bazardakı ümumi enişi dərinləşdirib.