6 Yanvar 10:15
1 204
“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.
Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait yaradacaq.
Eyni zamanda, kapital tələblərinin Bazel III standartlarına uyğunlaşmadırılması prosesinin başa çatdırılması prudensial siyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməklə yanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyinə müsbət töhfə vermiş olacaq.
Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib. Belə ki, yeni tələblərə 01.01.2027-ci il tarixindən etibarən tam riayət olunması banklardan tələb ediləcək.
Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/61125
16:02
994
14:08
1 022
11:06
1 540