Neft-qaz gəlirlərimiz... İqtisadiyyat

Neft-qaz gəlirlərimiz...

Hesablama Palatası 2026-cı ildə neft və qaz yataqlarından gözlənilən gəlirlərlə bağlı proqnozlarını təqdim edib. Trend bu barədə Hesablama Palatasına istinadən məlumat verir. 2026-cı ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 5 milyard ABŞ dolları və ya 8,551 milyard manat olması proqnozlaşdırılıb ki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2,9 milyard manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1,2 milyard manat və ya 12,7% azdır.

Energetika Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barrel) olub. Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.

2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.

Göründüyü kimi, 2025-ci ildə də Azərbaycanda neft hasilatının həcmi azalamaqda davam edib. Neftin dünya bazar qiymətlərinin də aşağı düşmsəi “qara qızıl”dan gəlirlərimizin azalması ilə nəticələnir. 2026-cı ilin dövlət büdcəsinin gəlirlərində neftin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda qiymətlər 60 dollar ətrafında dəyişir. Proqnozlar isə heç də ürəkaçan deyil.

2027-ci ildə dünya birjalarında neft qiymətləri aşağı enəcək. Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib. “Goldman Sachs”a görə, 2027-ci ildə “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 58 dollar, “Light” markalı neftin qiyməti isə 54 dollar/barel olacaq. Bank hər iki neft növü üçün qiymət proqnozunu 5 dollar/barel aşağı endirib. Bunda başqa, “Goldman Sachs” 2026-cı il üçün qiymət proqnozlarını dəyişdirməyib. Cari ildə “Brent” neftinin orta qiymətinin 56 dollar/barel, “Light”ın qiymətinin isə 52 dollar/barel olacağı gözlənilir. İl ərzində neft bazarında gündəlik 2,3 milyon barel profisit yaranacağı proqnozlaşdırılır. Banka görə, ABŞ, Venesuela və Rusiyada artan tədarük səbəbindən neft qiymətləri bu ilin son rübündə kəskin aşağı düşəcək, sonra isə uzunmüddətli və daha tədricən bərpa prosesinə keçəcək.

Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri xam neftin hasilat həcmi və ixrac qiymətinin azalması, həmçinin gəlir mənbələrinin daralması fonunda son beş il (2022–2026) ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb. Trend bu barədə Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, fərman layihəsinə əsasən, 2026-cı il üzrə Fondun büdcə gəlirləri 13,032 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin müvafiq icra göstəricisindən 5 milyard manat və ya 27,8%, 2025-ci ilin təsdiq olunmuş büdcə gəlirindən 1,420 milyard manat və ya 9,8%, gözlənilən icra göstəricisindən isə 1,039 milyard manat və ya 7,4% azdır.

2026-cı il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 65 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 440,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülüb. Eyni zamanda, Fondun 2022–2025-ci illər üzrə gəlir proqnozları ilə müqayisədə 2026-cı il üçün gəlirlərin həcmi həmin dövr ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb.

Keçən ilin 9 ayı üzrə Fondun büdcə gəlirlərinin 90,5%, büdcə xərclərinin isə 74,6% icra olunması, müvafiq tarixə xam neftin orta satış qiymətinin (71,4 ABŞ dolları) proqnozlaşdırılan (70 ABŞ dolları) məbləğdən 1,4 ABŞ dolları yuxarı olması, Fondun vəsaitlərinin idarəedilməsindən gəlirlərin büdcədə nəzərdə tutulandan (2036,6 mln. ABŞ dolları) 151,2% icra edilməsi , neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş dividend məbləğinin (396,2 mln. manat) daxil olmamasına baxmayaraq Fondun aktivlərinin dəyəri cari ilin əvvəli ilə müqayisədə (60 031,4 mln. ABŞ dolları) 16,9% artaraq 70,2 milyard ABŞ dollarına (büdcədənkənar gəlirlər nəzərə alınmaqla 10,1 milyard dollar) çatmasına şərait yaratmışdır. Fondun gəlir və xərclərinin 9 aylıq icra göstəricilərinin yüksək olmasına və xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz göstəricilərini üstələməsinə baxmayaraq, Razılaşma Protokolu üzrə 209,4 mln. manat, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər üzrə 396,2 mln. manat vəsaitin daxil olmaması, həmçinin tranzit gəlirlərinin proqnozdan geri qalması nəticəsində Fondun 2025-ci ilin sonuna gözlənilən ümumi daxilolmaları üzrə 381,3 mln. manat azalma proqnozlaşdırılıb.

Dünya bazarında hazırda əsas tendensiya təklifin tələbı üstələməsi və qiymətlərin aşağı meyilli olmasıdır. Qlobal neft təklifi artmaqda davam edəcək. ABŞ, Braziliya, Kanada və digər ölkələr istehsalı yüksəldirlər, OPEC+ isə istehsal artımını saxlayıb bazarı stabilləşdirməyə çalışır. Dünya Energetika Agentliyinin (IEA) və Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına görə, tədarük 2026-da tələbatdan əhəmiyyətli dərəcədə çox ola bilər.

Neftə tələbat iqtisadi artımın zəif olması, yanacaq səmərəliliyinin artması və elektrik avtomobillərinin yayılması ilə aşağı düşür. Çin və digər Asiya iqtisadiyyatlarında benzin və dizel tələbatının genişlənməsi proqnozu əvvəlki illərlə müqayisədə zəifləyib ki, bu da qlobal tələbat artımına təsir edir. Geosiyasi risklər də var: İran, Rusiya, Venesuela və Yaxın Şərqdəki qeyri-sabitlik bazar qeyri-müəyyənliyini artırır və qiymət volatilliyinə səbəb ola bilər. OPEC+ bəzi dövrlərdə istehsal həcmini artırıb, 2026-da daha konservativ mövqe sərgiləyərək əlavə artımları dayandırıb. Bu bazar balansını qorumaq cəhdidir, lakin təklif hələ də yüksəkdir. Aşağı qiymətlər ABŞ-da qazma fəaliyyətinin yavaşlaması ilə nəticələnə bilər, bu isə 2026-da istehsalın artımını məhdudlaşdıra bilər.

Bəzi analitiklər 2026-da neft və qaz sektorunun digər əsas əmtəələrdən (məsələn, metallardan) daha zəif performans göstərə biləcəyini proqnozlaşdırır. Davam edən enerji keçidi, emissiya tələbləri və təmiz enerji investisiyaları neft və qaz tələbatını uzun müddətdə azaltmağa davam edə bilər.

2026-cı il üçün dünya neft və qaz bazarında üstünlük hələ də təklifin çox olması istiqamətindədir və bu, qiymətlərə aşağı təzyiq yaradır. Tələbat artımı struktur dəyişiklik, geosiyasi risklər və enerji keçidi ilə bağlıdır. Təbii qaz bazarında isə qiymətlər nisbətən sabit qalacaq və LNG ixracı vacib rol oynayacaq. Bu proqnozlar iqtisadiyyatı neft-qaz gəlirləri ilə birbaşa bağlı olan Azərbaycan üçün də çox əhəmiyyətlidir. Bu, həm makroiqtisadi, həm də sektorlar səviyyəsində mühümdür. Çünki bütün bunlar ölkənin neft gəlirlərini azalda bilər və büdcə gəlirlərini təsir edə bilər. Bu durumun nəticəsi olaraq Azərbaycan 2026-da neft və qazdan əldə etdiyi ixrac gəlirlərinin azalması gözlənilir. Belə bazar şəraitində dövlət büdcəsinin və sosial xərclərin maliyyələşdirilməsi üçün neft gəlirlərinin sabitliyi mühüm amildir. Bununla belə, qlobal təbii qaz bazarında qiymət və tələbatın nisbətən sabit qalması Azərbaycanın üçün əlverişli perspektivlər yarada bilər. Azərbaycan təbii qaz hasilatını artırmaqdadır. Bu isə Avropa və digər regional bazarlara satış imkanlarını genişləndirir və neftdən əldə olunacaq gəlirlərin azalmasının bir hissəsini kompensasiya edə bilər.

M.Həmzəoğlu