15:38
672
“Azərbaycanla İsrail arasında münasibətlərin inkişaf etməsi tarixi xarakter daşımaqdadır. Həm də təkcə siyasi və ya iqtisadi anlamda deyil, mədəni sahədə əlaqələrin də ciddi inkişaf etdirilməsi mövcuddur. Nəzərə alsaq ki, Azərbaycanın beynəlxalq sahədə mövqelərinin müdafiə edilməsində İsrail dövlətinin və yəhudi lobbisinin böyük dəstəyi oldu. Bu, heç kim üçün sirr deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
O əlavə edib ki, eyni zamanda, qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiyaların qoyulması, həmçinin mədəni və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi bütün bunların hamısı görülən işlərə nümunə ola bilər: “Bu gün biz bilirik ki, Azərbaycan neftinin əsas alıcılarından biri məhz İsrail dövlətidir. Eyni zamanda, İsrailin müdafiə təyinatlı məhsullarının alışında Azərbaycanın xüsusi payı var. Yəni qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi həyata keçirilir. Təbii ki, Azərbaycan İsraildə, İsrail də Azərbaycanda bir sıra layihələrin maliyyələşdirilməsi, yəni investisiya qoyulması sahəsində də ciddi iş görməkdədirlər. O baxımdan düşünürəm ki, İsrail və Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir”.
S.Hümbətov bildirib ki, II Qarabağ savaşı və ondan sonrakı mərhələdə də münasibətlər sistemində çox ciddi bir irəliləyişlər həyata keçirilib və İsrail xalqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsindən söhbət gedə bilər: “Bunlarla bərabər, həm də iki dövlət hər zaman bir-birinə səmimi münasibət göstərib. Düşünürəm ki, bütün bunların hər biri əlaqələrin inkişafına müsbət təsir göstərən amillərdəndir. Böyük ehtimal bu, gələcəyə də stimul yarada bilər”.
Röya İsrafilova