Qızıl, gümüş və "bitcoin" niyə kəskin ucuzlaşır? - Şərh İqtisadiyyat

Qızıl, gümüş və "bitcoin" niyə kəskin ucuzlaşır? - Şərh

Əlvan metalların, xüsusilə də qızılın uzunmüddətli bahalaşma trendi fonunda son günlərdə kəskin ucuzlaşması – başqa sözlə, bazarda “bitcoin davranışı” göstərməsi – qlobal maliyyə bazarlarında şok effekti yaradıb. Qızılın birja qiyməti ötən gün ticarət zamanı hətta 4 644,8 dollar səviyyəsinədək enib. Paralel olaraq "Bitcoin" də kəskin ucuzlaşıb və qiyməti 76 min dollardan aşağı düşüb.

Bu kəskin eniş təbii olaraq suallar doğurur: qızıl və gümüş niyə birdən-birə ucuzlaşdı?

İqtisadçı Elman Sadiqovun fikrincə, analitiklərin böyük hissəsi qiymətlərin özünə fokuslanaraq əsas, köklü səbəbi gözdən qaçırdı. Halbuki bazarlardakı bu enişin mərkəzində konkret bir siyasi-monetar mesaj dayanır.

Söhbət Donald Trampın Kevin Varşı ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə namizəd kimi irəli sürməsindən gedir.

Kevin Varşın əvvəlki çıxışları və mövqeləri göstərir ki, o Tramp administrasiyasının xəttinə uyğun olaraq faiz dərəcələrinin azaldılmasını dəstəkləyir. Lakin bu, dollar üçün çox kəskin eniş demək olar. Artıq ABŞ-ın iri investorları, maliyyə dairələri və dolların arxasındakı əsas güclər son bir həftə ərzində dolların qısa müddətdə bu qədər dəyər itirməsinin – xüsusilə dollar indeksinin enişinin – sistem üçün təhlükəli ola biləcəyi mesajını veriblər.

Faiz endirimi və balansın azaldılması paradoksu

Məhz bu səbəbdən Kevin Varş belə bir mesaj verdi: faizlər endiriləcək, lakin paralel olaraq FED-in balansı kəskin şəkildə azaldılacaq. O, əvvəlki çıxışlarında FED-i həddən artıq çox dollar çap etməkdə günahlandırırdı. Bu mesaj bazarlarda şok effekti yaratdı. Çünki faizlərin aşağı salınması dolları zəiflətsə də, dolların dövriyyədən çəkilməsi onun təklifini azaldır, tələbi isə artırır. Nəticədə dolların faizi ensə də, dəyəri kəskin düşmür.

Qızıl, gümüş və koin bazarlarında eniş

Məhz bu səbəbdən qızıl, gümüş və koinlərin maliyyə bazarlarındakı qiymətləri kəskin şəkildə endi. Hazırda maliyyə bazarları bazar ertəsini gözləyir. Qeyd etmək lazımdır ki, bütün bu əməliyyatlar fonunda müəyyən dairələr milyardlarla dollar qazanc əldə ediblər.

Niyə bazar çökmədi?

Elman Sadiqov bu vəziyyətdə maliyyə bazarlarının çökməməsini belə izah edib: "Kevin Varş eyni zamanda koinlərin tərəfdarı kimi tanınır. Yəni, "Bitcoin" başda olmaqla – o cümlədən Trampın koini daxil olmaqla – kriptovalyutaların qiymətlərinin artmasının tərəfdarıdır. Bu prosesin necə davam edəcəyi isə əsas suallardan biridir".

Dolların dövriyyədən çəkilməsi və offşor mərhələ

O qeyd edib ki, faizlər enəcək, bazara dollar təklifi azalacaq, dollar dövriyyədən çəkiləcək, yəni FED-in balansı kiçiləcək. Lakin bunun əvəzində offşor şirkət və bank hesablarında olan, habelə dövriyyədən kənarda qalan dollarlar yenidən dövriyyəyə cəlb ediləcək.

"Trampın hakimiyyətə gəlişindən bu günə qədər keçən təxminən bir il ərzində bu istiqamətdə atılan addımlar artıq müşahidə olunur. Beləliklə, 2001-ci ildə bank sirrinin aradan qaldırılması ilə başlayan missiyanın ikinci mərhələsinə – offşorlarla bağlı addımlara – keçid gözlənilir"- E. Sadiqov vurğulayıb.

Bir daşla üç quş strategiyası

İqtisadçı hesab edir ki, ABŞ bir daşla üç quş vurmağı hədəfləyir. Bu plan baş tutsa, bir sıra ölkələr üçün fəlakət ola bilər; tutmasa isə dünya maliyyə sistemi üçün daha böyük bir fəlakət riski yaranar. Hər iki halda ciddi sarsıntı qaçılmazdır: "Önəmli qeyd ondan ibarətdir ki, maliyyə bazarlarında hazırda ciddi tərəddüdlər mövcuddur. Fəlakət gözləntisi qızılın qiymətinin kəskin enişinin qarşısını alan əsas amillərdən biridir. Digər tərəfdən, həm Tramp, həm də Kevin Varş qızıl, gümüş və Bitcoin daxil koinlərin qiymətlərinin çökməsində maraqlı deyillər. 2–3 fevral tarixlərində maliyyə bazarlarında baş verən hərəkətlər növbəti mərhələlərin əsas indikatoru olacaq. Əslində isə ümumi istiqamət artıq təxminən bəllidir".

E.Sadiqov əlavə edib ki, təxminən 10–12 gün əvvəl səsləndirilən “may ayında qlobal bazarlarda kəskin dəyişikliklər olacaq” fikri əslində FED sədri Jerome Powell-in səlahiyyət müddətinin başa çatması və yeni sədrin təyin olunması ehtimalı ilə bağlı idi. Məhz qızıl və gümüşün kəskin eniş yaşadığı 30 yanvar tarixində Trampın FED sədrliyinə öz namizədini elan etməsi bu ehtimalları daha da gücləndirdi. Görünən odur ki, bu dəyişikliklər hələ çox dəyişikliklərin müjdəçisidir.