“Bu, Orta Dəhlizin və Zəngəzur dəhlizinin imkanlarına əhəmiyyətli töhfə verəcək” İqtisadiyyat

“Bu, Orta Dəhlizin və Zəngəzur dəhlizinin imkanlarına əhəmiyyətli töhfə verəcək”

“Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması hesab edirəm ki, tək nəqliyyat subyekti deyil, həm də ölkənin regiona inteqrasiyasını təmin edir. Bu, həm də Orta Dəhlizin fəaliyyətinin bir istiqaməti və hissəsidir ki, bu da artıq gələcək inteqrasiya, gələcək ticari əlaqələrin genişlənməsi, tranzit logistika xətlərinin fəaliyyətinin işə düşməsidir. Bu da ölkəmizin həm xarici iqtisadi əlaqələrinin genişləndirilməsini, həm də ölkədə sahibkarlığın xarici bazarlara çıxışını təmin edəcək”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.

Onun sözlərinə görə, digər tərəfdən bu, Orta Dəhlizin və Zəngəzur dəhlizinin imkanlarına əhəmiyyətli töhfələr verəcək: “Sözsüz ki, bu cür körpülərin açılması nəqliyyat infrastrukturunun da təkmilləşdirilməsinə şərait yaradır və bu baxımdan ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirir. Bu da həm qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir, həm də burada yük axınının və yük ötürülməsinin imkanlarını və sürətini artırır”.

E.Kərimli qeyd edib ki, bundan başqa bu, həm də sülh prosesinə töhfənin artıq tam formalaşmasına imkan yaradır: “Həmçinin qonşu ölkələrlə iqtisadi əlaqələrin və yükdaşımaların sürətlənməsinə və başlamasına bir infrastruktur obyekti kimi imkanlar yaradacaq. Hesab edirəm ki, bu, gələcəkdə həm Qarabağ iqtisadi, həm Zəngəzur iqtisadi zonasının imkanlarını genişləndirəcək, həm də bölgənin iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Röya İsrafilova