Metronun 3 stansiyasında qrunt sularından istifadə üzrə layihələr həyata keçiriləcək İqtisadiyyat

Metronun 3 stansiyasında qrunt sularından istifadə üzrə layihələr həyata keçiriləcək

Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda müəyyən edilən hədəflərdən biri də Bakı metrosunun stansiyalarında formalaşan qrunt sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsidir.

"Bakı Metropoliteni" QSC-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən layihələr, yığılan suyun miqdarı nəzərə alınaraq, əsasən “Elmlər Akademiyası”, “Ulduz” və “Nəsimi” stansiyalarını əhatə edir.

Qeyd edilib ki, həmin stansiyalar üzrə illik formalaşan qrunt suyunun həcmi “Elmlər Akademiyası” stansiyasında təqribən 160 000 ton, “Ulduz” stansiyasında təqribən 58 000 ton, “Nəsimi” stansiyasında isə təqribən 55 000 tondur:

"Qrunt sularının toplanması və istifadəsi üçün Yer səthində xüsusi çənlərin quraşdırılması, ehtiyac olduqda isə təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulur. Toplanan qrunt sularından bir qismi Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin istifadəsinə verilərək, yaşıllıqların suvarılması və küçələrin yuyulmasında, həmçinin FHN tərəfindən yanğının söndürülməsi zamanı istifadə ediləcək. Tunellərin yuyulması və ayrılacaq yanğın su xəttinin qrunt suları ilə təmin olunması nəticəsində ilkin olaraq təxminən 25-30% suya qənaət gözlənilir. Pilot layihələrin icrası metropolitenin istismar və təhlükəsizlik rejiminə heç bir riski yoxdur. Pilot layihələrin ümumi icra müddəti 2026-2035-ci illəri əhatə edir. İlkin nəticələrin 2027-2028-ci illərdə əldə olunacağı gözlənilir".

Məlumata görə, hazırda Bakı Metropoliteninin stansiyalarında formalaşan qrunt sularından istifadəyə dair pilot layihələr üzrə layihələndirmə və ekspertiza mərhələsi davam edir:

"Bu mərhələ başa çatdıqdan sonra ortaya çıxacaq xərc hesablamalarına əsasən hər üç pilot layihənin icrası üzrə qərarların verilməsi nəzərdə tutulur. Layihələrin icrası ilə bağlı məsələlər müvafiq dövlət proqramı çərçivəsində mərhələli şəkildə dəyərləndiriləcək. Maliyyələşmə mənbələri isə layihələrin texniki-iqtisadi əsaslandırması və smeta sənədləri hazırlandıqdan sonra müəyyən ediləcək. Bu çərçivədə dövlət vəsaiti ilə yanaşı, beynəlxalq maliyyə institutları, özəl tərəfdaşlıq mexanizmləri və digər mümkün maliyyə mənbələri üzrə yanaşmalar müzakirə olunur. Yekun qərarlar qəbul edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".