Lidya Salahova: Ötən il Aİ-yə 12 mlrd. kubmetr qaz tədarük edilib İqtisadiyyat

Lidya Salahova: Ötən il Aİ-yə 12 mlrd. kubmetr qaz tədarük edilib

2025-ci ildə Azərbaycan Qaz Təchizatı Şirkəti (AGSC) tərəfindən ümumilikdə təxminən 27 milyard kubmetr qaz satılıb, bunun 12 milyard kubmetri Avropa İttifaqına tədarük edilib.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Qaz Təchizatı Şirkətinin baş direktoru Lidya Salahova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, 2020-ci il 31 dekabr tarixindən etibarən Avropa bazarına Azərbaycan qazının tədarükünə başlanılıb və ötən beş il ərzində Avropaya ümumilikdə 55 milyard kubmetr qaz satılıb.

Lidya Salahova qeyd edib ki, 2025-ci ildə daxili tələbatın təxminən 34%-i təmin olunmaqla yanaşı, şirkət beynəlxalq bazarlarda mövqeyini gücləndirib. Azərbaycan qazının İtaliya, Yunanıstan və Türkiyə bazarlarında payı təxminən 16%, Bolqarıstanda 34%, Gürcüstanda isə 51% təşkil edib.

O bildirib ki, ötən il “Şahdəniz” yatağında 25 milyard kubmetrdən çox qaz hasil olunub ki, bu da satış həcmlərinin artmasına şərait yaradıb.

Şirkət rəhbəri vurğulayıb ki, hasilat şirkətləri ilə ötürücü sistem operatorları arasında effektiv koordinasiya təmin edilib, təchizat sabitliyi qorunub və xidmət fasiləsizliyi yüksək səviyyədə saxlanılıb.