"TotalEnergies" "Abşeron" yatağının işlənilməsi ilə bağlı planları açıqlayıb İqtisadiyyat

"TotalEnergies" "Abşeron" yatağının işlənilməsi ilə bağlı planları açıqlayıb

“Abşeron” qaz yatağının tammiqyaslı işlənməsi mərhələsinin inkişafı üzrə layihələndirmə işləri davam edir və layihə həm daxili, həm də ixrac bazarlarına qaz tədarükünü dəstəkləyəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Martina Opizzi, "TotalEnergies" şirkətinin Avropa üzrə kəşfiyyat və hasilat üzrə baş vitse-prezidentitti Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, layihə SOCAR və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir və beynəlxalq təcrübə ilə regional tərəfdaşlığın sintezini əks etdirir.

""Abşeron" yatağının ikinci mərhələsi iki əsas komponentdən ibarətdir. Birinci komponent dənizdə üç sualtı quyunun qazılması və onların təxminən 140 kilometrlik çoxfazalı sualtı boru kəmərləri vasitəsilə sahilə birləşdirilməsini nəzərdə tutur. İkinci komponent isə qazın emalı və daxili, eləcə də beynəlxalq bazarlara ixracını təmin edəcək quru emal qurğusunun tikintisidir", -
Martina Opizzi qeyd edib.

O bildirib ki, layihə aşağı maya dəyəri və aşağı emissiya prinsipləri əsasında hazırlanır. Dizaynın sadələşdirilməsi və innovativ texnologiyaların tətbiqi xərclərin azaldılmasına və əməliyyat səmərəliliyinin artırılmasına imkan verir.

Martina Opizzi əlavə edib ki, layihənin məqsədi Azərbaycanın etibarlı regional qaz təchizatçısı rolunu daha da gücləndirmək və Cənub Qaz Dəhlizi çərçivəsində uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verməkdir.