18:52
735
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib.
APA xəbər verir ki, Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero, Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub.
Dəyirmi masada Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Aİ-nin bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.
Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), “Yaşıl Dəhliz Alyansı” (Green Corridor Alliance), “SOCAR Green”, “Azərenerji” ASC, “Siemens Energy”, “Total Energies”, “Nobel Energy”, “Azerbaijan Green Energy Company”, “ACWA Power”, “Masdar”, ENERCON, AYİB, AİB, BMK və Alman-Azərbaycan Ticarət Palatası təmsil olunub.