Xarici ticarət dövriyyəsi azalır İqtisadiyyat

Xarici ticarət dövriyyəsi azalır

Azərbaycanın xarici ticarətində azalma meyilləri müşahidə olunur. Belə ki, 2025-ci ildə ölkəmiz dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 128 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48,9 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 24,5 milyard dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24,4 milyard dollarını (49,9 faizini) isə idxal məhsulları təşkil edib, nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz azalıb. Əsas göstərici isə məhz real rəqəmlərdir. 2025-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 3628,2 milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalmışdır.

Azərbaycanın xarici ticarətində real ifadədə azalmanın müşahidə olunması bir neçə daxili və xarici iqtisadi amillərlə bağlı ola bilər. Real ifadədə azalma, əsasən qiymət dəyişiklikləri və inflyasiya təsirləri aradan qaldırıldıqdan sonra hesablanır. Bu səbəbdən faktiki artım olsa belə, real göstəricilərdə azalma müşahidə oluna bilər. Bu proses xüsusilə ölkə iqtisadiyyatının enerji sektorundan asılılığı və qlobal iqtisadi dəyişikliklərlə əlaqədardır. Azərbaycanın ixracının əsas hissəsini neft və qaz təşkil edir. Dünya bazarında neft qiymətlərinin dəyişkənliyi xarici ticarət dövriyyəsinə birbaşa təsir edir. Məsələn, Brent Crude Oil qiymətlərində enmə və ya sabitləşmə ixrac gəlirlərinin real dəyərinin azalmasına səbəb ola bilər. Neft və qaz hasilatında müəyyən dövrlərdə baş verən azalma və ya texniki məhdudiyyətlər ixracın real həcmini azalda bilər.

Dünya iqtisadiyyatında baş verən tənəzzül və ya artım tempinin zəifləməsi də ölkələrin idxal tələbatını azaldır. Bu isə Azərbaycanın əsas ticarət tərəfdaşları tərəfindən enerji və digər məhsullara olan tələbin azalmasına gətirib çıxara bilər. Son illərdə qeyri-neft sektorunun inkişafı prioritet olsa da, ixracın strukturunda enerji məhsulları hələ də üstünlük təşkil edir. Qeyri-neft ixracının həcmi enerji ixracındakı azalmanı tam kompensasiya edə bilmir. Regional münaqişələr, sanksiyalar, nəqliyyat dəhlizlərində problemlər və beynəlxalq ticarət qaydalarındakı dəyişikliklər də ticarət axınlarına təsir göstərə bilər.

İnflyasiya iqtisadiyyatda qiymətlərin artması ilə bağlı kompleks təsirlər yaradır və istehlak, istehsal, investisiya və xarici ticarət göstəricilərinə birbaşa təsir edir. Bu səbəbdən makroiqtisadi sabitliyin qorunması üçün inflyasiyanın optimal səviyyədə saxlanılması daha vacibdir.

Azərbaycanın xarici ticarətində real azalma əsasən qlobal enerji bazarındakı dəyişikliklər, dünya iqtisadiyyatının zəifləməsi, ixrac strukturunun enerji sektorundan asılılığı və logistika amilləri ilə bağlıdır. Bu səbəbdən uzunmüddətli perspektivdə qeyri-neft ixracının artırılması və ixracın diversifikasiyası mühüm əhəmiyyət daşıyır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 24 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1 faizi Ukrayna və s. ölkələrlə aparılmış ticarət əməliyyatlarının payına düşür.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarıdır.

İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilmiş məhsullardır.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edir.

2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz – 29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri – 38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artıb. Buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz, ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement – 19,7 faiz azalıb.

2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz, şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları – 25,0 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87,0 faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artıb. Tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8,0 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz azalıb.

Ancaq yuxarıda qeyd olunan amillərin fonunda ölkədə qeyri-neft sektorunda vergi yığımının artması diqqət çəkir. Belə ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.

2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb. İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

M.Həmzəoğlu