Oxford Economics: Neft 140 dollara kimi bahalaşsa, qlobal iqtisadiyyatda yüngül resessiya başlayacaq İqtisadiyyat

Oxford Economics: Neft 140 dollara kimi bahalaşsa, qlobal iqtisadiyyatda yüngül resessiya başlayacaq

Qlobal neft qiymətlərinin iki ay ərzində davamlı şəkildə bir barel üçün təxminən 140 ABŞ dollarına yüksəlməsi dünya iqtisadiyyatının bəzi hissələrini yüngül resessiyaya sürükləyə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə Oxford Economics analitik mərkəzinin yeni hesabatında bildirilib.

Hesabata görə, belə bir ssenari qlobal enerji bazarlarında gərginliyin artması və təchizat zəncirlərində əlavə risklərin yaranması ilə müşayiət oluna bilər.

Qeyd olunur ki, iqtisadiyyatın sonrakı bərpasının sürəti əsasən Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının nə qədər tez bərpa olunması, həmçinin neft qiymətlərinin, təchizat zəncirindəki gərginliyin və maliyyə bazarlarında təzyiqlərin nə qədər tez azalması ilə müəyyən ediləcək.

Şirkətin analitiklərinin müəyyən etdiyi ssenariyə əsasən, Brent markalı neftin orta qiymətinin iki ay ərzində təxminən 140 dollar/barel səviyyəsində qaldığı, təbii qazın qiymətlərinin isə kəskin artdığı halda əlavə mənfi təsirlər nəticəsində 2026-cı ilin sonuna qədər qlobal real ÜDM-in 0,7% azalacağı proqnozlaşdırılır.

Təhlilə görə, belə vəziyyətdə Avrozonada, Böyük Britaniyada və Yaponiyada iqtisadi aktivlikdə yüngül daralma müşahidə oluna bilər. ABŞ iqtisadiyyatı isə müvəqqəti durğunluq mərhələsinə yaxınlaşa bilər, işsizlik səviyyəsinin yüksəlməsi və ölkənin resessiyaya yaxın vəziyyətə düşəcəyi ehtimal edilir.

Eyni zamanda, qlobal inflyasiyanın da sürətlənəcəyi gözlənilir. Hesabat müəlliflərinin hesablamalarına görə, dünya üzrə istehlak qiymətləri indeksinin (CPI) artımı maksimum 5,8%-ə çata bilər.

Analitiklər qeyd edirlər ki, bu göstərici 2002-ci ildə qeydə alınmış 8,9%-lik pik səviyyədən aşağıdır. Bu, enerji qiymətlərində artımın daha məhdud olması və təchizat zəncirlərində pozuntuların daha az ciddi olacağı gözləntiləri ilə izah olunur.

Bununla belə, hesabat müəllifləri bildiriblər ki, bu ən pis ssenarinin reallaşma ehtimalı aşağı qiymətləndirilir.