“İtirən alıcı olacaq“ İqtisadiyyat

“İtirən alıcı olacaq“

Hüsrət İbrahimov: "Kredit şərtlərinin sərtləşdirilməsi avtomobillərin sayının azalmasına gətirib çıxaracaq"
Zəfər Kərimov: "Bu qərar maşın bazarına çox kəskin təsir göstərəcək"

Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Yaxın vaxtlarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq.
İlkin ödənişin məbləği avtomobilin təzə və ya köhnə olmasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq.
Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək.
Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Xatırladaq ki, yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib.
Kredit şərtlərinin sərtləşdirilməsi maşın bazarına necə təsir edəcək?
Bundan başqa müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarındakı durğun vəziyyəti daha da gərginləşdirib. Yeni şərtlərin mənfi təsiri daha çox təkrar bazarda özünü göstərir. Bu şərtlərlə borclanmaqdansa nəğd alış-verişi sərfəli sayan alıcılar bazardan əliboş dönməli olurlar.
Maşın bazarını araşdıran iqtisadçılar da nikbin proqnozlar vermir.
Ekspert Ramin Osmanlı deyir ki, avtomobil kreditlərini daha sərt qaydalarla verilməsini qərarlaşdıran hökumətsə bu yolla həm ölkədə avtomobillərin sayını, həm də dolayısı ilə benzinə olan təəlabatı da tənzimləmək istəyir: "Hazırda ölkədə verilən istehlak kreditlərinin böyük bir hissəsi avtomobil kreditlərinin payına düşür. Araşdırmalara görə qaytarılmayan kredit borclarının da təqribən 40 faizə qədəri avtomobillərə verilən vəsaitlərdir. Qaydalar çox ağırlaşdırılıb. Yeni avtomobillər üçün 40-50%, istismar müddəti 1-2 il (təkrar bazar) olan avtomobillər üçün isə 70-80% ilkin ödəniş müəyyənləşdirilib. Bu, o deməkdir ki, təkrar bazar kreditdən kənarda qalacaq. Təkrar bazarda avtomobilin qiyməti 10 min manatdırsa, alıcı bu məbləğin 80%-ini ödəməlidir. Burda yalnız alıcı itirəcək. Komisyon, bank, sığorta xərclərini də nəzərə alsaq, yəqin ki, alıcı çatışmayan məbləği kimdənsə borc edib düzəldər, nəinki lazımsız kreditə girər. Mərkəzi Bank yaxın günlərdə qərarın hansı gündən qüvvəyə minəcəyi barədə rəsmi açıqlama verəcək. Yəni bu gün kimsə kreditlə maşın almaq istəsə, bu mümkün olmayacaq".
Həqliyyat üzrə ekspert Zəfər Kərimov bildirdi ki, bu qərar maşın bazarına çox kəskin təsir göstərəcək: "İstənilən halda çoxsaylı alıcı itiriləcək. Çünki maşın almaq istəyən bir çoxlarının (ən çox da 1-2 il işlənmiş olan) 80% ilkin ödəniş etməyə imkanı çatmaz. Bizim bazarı nəzərə alsaq bazarda satılan maşınların əksəriyyəti 2-ci əl maşın kimi satılır. Bu da öz təsirini gostərməyə bilmez. Bu sistem həm bazara, həm də sığorta şirkətlərinə öz təsirini göstərəcək. Bir nüansı da qeyd etmək istəyirəm. Bəzi maşınlar var ki, hal-hazırda bankda kreditdədir. Həmin maşınların qiyməti də daha kəskin şəkildə artacaq. Yenə də itirən alıcı olacaq".
Məsələyə münasibət bildirən NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, kreditlə avtomobil almaq normalda hər kəs üçün əlçatan olmamalıdır: "O şəxs kreditlə avtomobil almalıdır ki, onun sonradan həmin krediti ödəmək imkanı olsun. Əgər vətəndaş alacağı avtomobilin dəyərinin təxminən 40 faizini öncədən ödəyə bilmirsə, təbii ki, ona kredit vermək özü risklidir. Biznesin qızıl qaydası var ki, pulsuz insanla heç vaxt iş birliyi qurmaq olmaz. Banklar da bu prinsipə əməl etməlidir ki, əgər vətəndaş alacağı avtomobilin dəyərinin yarısını verə bilmirsə, ona kredit verilməsin. Heç kimə sirr deyil ki, bu günədək istənilən bir insan bankdan kredit götürərək maşın ala bilirdi. Sonradan isə həmin krediti ödəmək problemi yaranırdı ki, bu da vətəndaşla bank arasında xoşagəlməz hallara gətirib çıxarırdı. Bu risklərdən yayınmaq üçün banklar tərəfindən atılan addım məqbul sayılmalıdır".
Nüsrət İbrahimovun sözlərinə görə, qaydaların sərtləşdirilməsi avtomobil bazarında bir qayda-qanun yaranmasına səbəb olacaq: "Bu həm də avtomobillərin sayının azalmasına gətirib çıxaracaq. Yollar, avtomobillərin sayı, sürücü mədəniyyətinin artırılması üçün qaydaların sərtləşdirilməsi məqbuldur".
Ekspertlər hesab edirlər ki, bu, maşın bazarına ciddi təsir edəcək. Çünki Azərbaycanda hər 10 maşından ən azı 7-si bank krediti vasitəsilə alınır. Bu isə o deməkdir ki, avtomobil kreditlərinin dondurulması birmənalı şəkildə bazara təsir edəcək. Artıq bu təsir özünü göstərməkdədir. Onu da qeyd edək ki, bu növ kreditlər əsasən bahalı, ili təzə avtomobillər üçün alındığından, hesab edilir ki, istehsal ili təzə olan avtomobillərə tələbat azalacaq. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyir. Belə ki, orta hesabla, sığortalanan avtomobillərin 70%-dən çoxu kreditlə alınanlardır. Bəzi şirkətlərdə isə kasko sığortanın 90%-ə qədər olan hissəsi kreditlə alınan avtomobillərin payına düşür. Ekspertlər isə hesab edir ki, yeni şərtlərlə avtomobil kreditlərinin verilməsi bu bazarda oansısa ciddi aktivləşmə yaratmayacaq. Çünki şərtlər, qeyd olunduğu kimi, kifayət qədər ağırdır. İndiki halda isə kreditlərin dayandırılmasının əsas səbəbləri istehlak kreditlərinin, o cümlədən avtomobillərin alınması üçün verilən kreditlərin yığılmasında problemlərin olmasıdır. O da faktdır ki, son illər banklar dünya bazarındakı tendensiyaları analiz etmədən, avtomobil sahibinin gəlirlilik səviyyəsini nəzərə almadan avtomobillərin alınması üçün böyük həcmdə kreditlər verirdilər. Elə bu səbəbdən kreditlə alınan avtomobillərin sayı durmadan artırdı. Elə verilən istehlak kreditlərinin yarıdan çoxu məhz avtomobillərin alınması ilə bağlı olub. Kredit verən bankların yanaşması ondan ibarət idi ki, vətəndaş krediti qaytara bilməsə, bank avtomobili sataraq dəymiş ziyanı örtəcək. Banklar bu səbəbdən də kredit verərkən avtomobilləri nisbətən aşağı qiymətlə dəyərləndirirdilər. Eyni zamanda, ilkin ödəniş tələb edirdilər. Lakin bu ödəniş çox da yüksək olmurdu. Problem yarandıqda isə bank geri aldığı avtomobili çox vaxt istənilən qiymətə sata bilmir. Nəticədə də avtomobillərin alınması ilə bağlı verilən kreditlərin qaytarılmaması, girovların satılmaması bankların maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarmaqda idi. Belə vəziyyət isə ümumi iqtisadiyyata təsir etdiyindən, Mərkəzi bank hərəkətə keçdi. Lakin qeyd olunduğu kimi, bu hal maşın bazarında da vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub. Eyni zamanda belə fikirlər də səslənir ki, avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətinin müflisləşmə ehtimalı yüksək sayılır.

Əli