

“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri ilə Cənubi Qafqazda sülh və sabitlik gündəliyində yeni diplomatik mərhələ açılır. Bu səfər uzun müddətdir formalaşan gərgin geosiyasi konfiqurasiyanın yenidən qurulması və ABŞ-Azərbaycan münasibətlərində strateji baxımdan yeni səhifənin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident Əliyevin ABŞ səfəri yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, həm də regional məsələlərin həllində yeni yanaşmanın tətbiq edildiyi bir mərhələni ifadə edir. Vaşinqton bu dəfə təkcə görüş yeri deyil, həm də siyasi balansın yenidən qurulması üçün platformadır. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirilən bu səfər, tərəflər arasında etimadın möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə keçməsinə yol aça bilər”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O vurğulayıb ki, xüsusilə nəzərə almaq lazımdır ki, Tramp administrasiyasının regiona baxışı Bayden dövründən əhəmiyyətli dərəcədə fərqlənir: “Əvvəlki illərdə Konqresin qəbul etdiyi 907-ci düzəliş, eləcə də birtərəfli ittiham ritorikası Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmişdi. Lakin hazırkı administrasiya Azərbaycanın strateji əhəmiyyətini və regionda sabitlik gətirən rolunu daha obyektiv qiymətləndirməyə başlayıb. Səfərin diqqətçəkən hissələrindən biri isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə sülhün əsas memarı kimi çıxış edir. Azərbaycanın irəli sürdüyü şərtlər – ATƏT-in Minsk qrupuna son verilməsi, Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması və Zəngəzur dəhlizinin açılması – beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan sülh gündəliyinin təməlini təşkil edir”.
Siyasi şərhçinin bildirdiyinə görə, bu kontekstdə ABŞ-nin vasitəçi qismində rolu yalnız texniki deyil, həm də simvolikdir: “Əgər Vaşinqton danışıqları real razılaşma ilə nəticələnərsə, bu, ABŞ diplomatiyasının Yaxın Şərqdə Kemp-Devid modeli ilə əldə etdiyi uğurun Cənubi Qafqazda da təkrarlanması anlamına gələ bilər. Tramp və Əliyev arasında formalaşmış qarşılıqlı etimad isə bu prosesin uğurla irəliləməsi üçün ciddi zəmin yaradır. Digər tərəfdən, səfərin iqtisadi və texnoloji gündəmi də az önəmli deyil. ABŞ-nin süni intellekt, rəqəmsal iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində təklif etdiyi imkanlar Azərbaycanın qeyri-neft sektoru üçün yeni səhifələr aça bilər. Bu sahələr üzrə əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji tərəfdaşlığın dərinləşdirilməsi deməkdir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Vaşinqtonda iştirakı ilə açılan yeni diplomatik faza, Azərbaycanın həm regional sülh, həm də qlobal diplomatiyada təşəbbüskar mövqeyinin möhkəmləndiyini göstərir. Əgər bu proses nəticə verərsə, Vaşinqton görüşü yalnız protokol səfəri olaraq deyil, Cənubi Qafqazın geosiyasi taleyində dönüş nöqtəsi kimi tarixə düşəcək”.
Röya İsrafilova