“Azərbaycan diplomatik meydanda sülhə və tərəfdaşlığa açıqdır” Gündəm

“Azərbaycan diplomatik meydanda sülhə və tərəfdaşlığa açıqdır”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə planlaşdırılan səfəri yalnız iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması kontekstində strateji əhəmiyyət daşıyır. Bu səfər ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə baş tutacaq və onun gündəmində enerji təhlükəsizliyi, rəqəmsal iqtisadiyyat, müdafiə əməkdaşlığı və Ermənistanla sülh prosesi kimi vacib mövzular yer alacaq”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Z.Qarayeva deyib ki, Azərbaycan bu səfərlə bir daha göstərir ki, regionun qalib və təşəbbüskar dövləti kimi, yalnız hərbi deyil, diplomatik meydanda da sülhə və tərəfdaşlığa açıqdır: “Vaşinqtonla formalaşan yeni strateji münasibətlər modeli Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizi qlobal təhlükəsizlik sisteminin etibarlı tərəfdaşlarından birinə çevirir”.

Politoloq vurğulayıb ki, bu səfər, eyni zamanda, Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumağa qadir müstəqil və uzaqgörən xarici siyasət kursunun növbəti diplomatik uğuru kimi tarixə düşə bilər.

Röya İsrafilova