Valyuta ehtiyatlarına təzyiq azalıb İqtisadiyyat

Valyuta ehtiyatlarına təzyiq azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Sənəddə bildirilib ki, tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib.
"Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub. Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib. Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nailolmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsi ilə mümkündür", - deyə bəyanatda vurğulanıb.
Bəyanat müəllifləri hesab edir ki, bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.
AMB-nin bəyanatında qeyd olunur ki, 2017-ci ildə tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb: "Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 mlrd. ABŞ dolları) artıb və 42,6 mlrd. ABŞ dolları təşkil edib. Sənəddə bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 mlrd. ABŞ dollarına çatıb.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub".

Azərbaycanda maliyyə sabitliyi platforması formalaşdırılacaq

AMB-nin bəyanatında bildirilir ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənəddə qeyd olunub ki, bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaq.

"Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Bu məqsədlə növbəti ildə və orta müddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcək", -deyə bəyanatda vurğulanıb.

Xüsusi mexanizmlər hazırlana bilər

Azərbaycan Mərkəzi Bankının bəyanatında bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcəyi vurğulanır.
Sənəddə qeyd olunub ki, bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir: "Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi".
Bəyantda bildirilib ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir.
AMB-də hesab edirlər ki, qeyd olunan amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaradacaq.

Rəqəmsal identifikasiya sistemi yaradılacaq

Sənəddəı bildirilir ki, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək: "Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyəsektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutan pilot layihənin reallaşmasını təmin edəcək",- deyə bəyanatda vurğulanıb.

Manatın əhəmiyyətli bahalaşaması bir sıra risklərə yol aça bilərdi

Mərkəzi Bank hesab edir ki, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.
Bəyanatda qeyd olunub ki, çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.
"Manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilərdi. Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olub. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10,5% artıb", - deyə sənəddə vurğulanıb.

Mərkəzi Bank inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq

2018-ci ildə pul siyasəti hədəflərinə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) sərəncamındakı maliyyə alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.
AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər.
"Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək. Beləliklə, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq", - deyə sənəddə vurğulanıb.
Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunması ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifədir. Ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir. Bu səbəbdən AMB orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.

Valyuta bazarında sabitlik təmin olunacaq

AMB-nin bəyanatında qeyd olunub ki, proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir: "İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək. Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcək.
Bəyanatda bildirilib ki, ümumilikdə qiymətləndirmələrə əsasən, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. "Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir", - deyə bəyanatda vurğulanıb.