Dünya bazarında neft bahalaşır İqtisadiyyat

Dünya bazarında neft bahalaşır

Bu il dövlət büdcəsinin icrasında hər hansı problem olmayacaq

Tərlan

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,50 dollar bahalaşaraq 1 barelə görə 105,1 dollar təşkil edib. London qitələrarası birjasında brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar artaraq 107,95 dollar olub. Bu qiymət Azərbaycan üçün əlverişlidir. Çünki dövlət büdcəsinin gəlirləri hesablanarkən "qara qızıl"ın qiyməti 1 barel üçün 100 dollar nəzərdə tutulub. Deməli, indiki halda ölkəmiz proqnozlardan əlavə gəlir əldə etmək imkanlarına malikdir. Ona görə də bu il dövlət büdcəsinin icrasında hər hansı problem olmayacaq. Bu il Azərbaycanın qeyri-neft sektorunun 10%, növbəti 3 ildə isə 8% artacağı gözlənilir.
Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulur. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin yarısı təkcə Heft Fondunun hesabına təmin ediləcək. Vergilər Hazirliyinin xətti ilə daxilolmalarda da ARDHŞ-in vergi şəklində ödəmələrinin mühüm yer tutduğunu nəzərə alsaq, əslində 2014-cü ildə də dövlət büdcəsinin üçdə ikisi neft amili ilə bağlı olacaq. Bu xəbərlər dövlət büdcəsinin gəlirlərinin 75%-i neftdən asılı olan Azərbaycan üçün düşündürücü məsələdir. İqtisadiyyatımız neftdən asılı vəziyyətə düşüb. Ona görə də, gələcək üçün qeyri-neft sektoru, insan kapitalı, biliklər iqtisadiyyatı indidən inkişaf etdirilməlidir. Heft Fondunun pullarını xaricdən əmlak və qızıl almağa deyil, daha çox sağlam və bilikli insanlar yetişdirməyə sərf eləmək vacibdir.
Azərbaycan hökuməti hələlik ümidlərini daha çox neft gəlirlərinə bağlayıb. Əlbəttə, 2014-cü ilin dövlət büdcəsinin icrası üçün də hər hansı bir təhlükə yoxdur və burada "təhlükəsizlik yastığı" rolu oynayan Dövlət Neft Fondudur. Ölkənin 50 milyard dollara yaxın valyuta ehtiyatları var. Hər hansı bir səbəbdən, o cümlədən xarici bazarda konyunkturun pisləşməsinə görə büdcə gəlirləri ciddi şəkildə azalacağı təqdirdə büdcənin sekvestri, yəni büdcə xərclərinin azaldılması mümkündür. Azərbaycanda hətta belə bir addım atılsa, bu, iqtisadi və ya makroiqtisadi baxımdan mənfi nəticə verməyəcək, çünki büdcənin böyük bir hissəsi dövlət investisiya layihələri ilə bağlıdır ki, bunların təxirə salınması ciddi problem yaratmır.
Heftin ucuzlaşacağı halda investisiya xərcləri adı altında həyata keçiriləcək tikinti layihələri təxirə salına bilər. Bu il büdcə xərclərinin tərkibində əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşları (6,260 mlrd. manat) tutacaq. Sosial müdafiə və sosial təminat xərcləri 2,072 mlrd. manat, ümumi dövlət xidmətlərinə 1,997 mlrd. manat, təhsilə 1,653 mlrd. manat, müdafiəyə 1,637 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər isə 1,240 mlrd. manat təşkil edəcək.
Şist neft yataqlarının aktiv işlənməsi dünya neft bazarında balansın pozulmasına və qiymətlərin enməsinə səbəb olacağı gözlənilir. Ekspertlərin fikrincə, artıq 2020-ci ildə neftin 1 barelinin qiyməti 80 ABŞ dollarına enəcək. Neftin ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar getdikcə daha da əsassız görünür. BP-nin proqnozlarına görə, artıq 2013-cü ildə ABŞ şist yataqlarındakı neft hasilatı sayəsində neft hasilatının həcminə görə, Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada birinci yerə çıxacaq. Proqnozlara görə, 2020-ci ildə ABŞ sutkada 6 mln. barel (ildə 300 mln. ton) şist nefti hasil edəcək, hasilatın artımı qiymətlərin enməsinə səbəb olacaq. Nəticədə, artıq 2015-ci ildə OPEC neftin qiymətinin 100 dollardan aşağı düşməməsi üçün hasilatı azaltmalı olacaq. Buna baxmayaraq, 2020-ci ilə neftin qiyməti 80 dollara düşəcək.
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, 2014-cü ildə AÇG-yə təxminən 2 mlrd. dollar xərcləyəcəyik. Bu, ötən ilki xərcdən nisbətən azdır". Q.Birrel bildirib ki, builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq. Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi "Qərbi Çıraq" platformasının tikintisinə xərclənib. Şirkət "Qərbi Çıraq" platformasından neft hasilatına başladığını ötən ay açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq.
Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat daha az olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulurdu.
Qlobal iqtisadi böhranın davam etməsi neft ölkələri də daxil olmaqla bütün inkişafda olan dövlətlər, o cümlədən Azərbaycan üçün bir sıra risklər, xüsusən də inflyasiya təzyiqi yaradır. Amma Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları 2014-cü ildə də ölkədə iqtisadi artımın olacağını göstərir. Azərbaycanın bəxti gətirir ki, strateji valyuta ehtiyatlarına malikdir. Ölkənin valyuta ehtiyatları artaraq 50 milyard dollara çatıb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalı üçün kifayət edir.