““Əsrin müqaviləsi” Azərbaycan üçün strateji layihələrdən biridir” İqtisadiyyat

““Əsrin müqaviləsi” Azərbaycan üçün strateji layihələrdən biridir”

Vüqar Bayramov: “Bu, həm də yeni nəqliyyat və enerji layihələrinin formalaşmasına imkan yaratdı”

Sentyabrın 20-də Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illi tamam olur. Xatırladaq ki, “Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Azərbaycan parlamenti tərəfindən təsdiqlənib. Ekspertlər müqavilənin Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını qeyd edirlər.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatı və dövlətimiz üçün vacib strateji layihələrdən biridir: "Nəzərə alsaq ki, 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanan zaman Azərbaycan iqtisadiyyatı fərqli bir durumda idi. Bu gün biz 2019-cu ildə “Əsrin müqaviləsi”ni qiymətləndirən zaman həm ümumi daxili məhsulda (ÜDM), həm də büdcə gəlirlərində kəskin artımların olmasını müşahidə edirik. “Əsrin müqaviləsi” bağlanan zaman bütövlükdə Azərbaycanın ÜDM-un həcmi 400 milyon manatdan az idi. Artıq Azərbaycanın ÜDM-nun həcmi 82 milyard manatdan çoxdur. “Əsrin müqaviləsi” eyni zamanda Azərbaycanda digər müqavilələrin bağlanması, digər strateji qərarların verilməsi üçün bir baza formalaşdırıb. Bu yalnız dövlət gəlirlərinin və iqtisadiyyatın artımı üçün deyil, həmçinin yeni nəqliyyat və enerji layihələrinin formalaşmasına imkan yaratdı. Bu baxımdan “Əsrin müqaviləsi” Azərbaycana həm də yeni dövr üçün çağırışların və strategiyanın müəyyənləşdirilməsinə imkan verdi”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, enerji layihələri üzrə mütəxəssis Şahmar Hacıyev deyib ki, müqavilənin parlament tərəfindən ratifikasiyası və hüquqi qüvvəyə malik olması xarici investorların inamını daha da artırmış oldu. O qeyd edib ki, “Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində imzalandı və ölkənin enerji sektoruna böyük xarici kapital qoyuluşu cəlb etdi: “Bununla da neft amili müstəqilliyin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı kimi vacib məsələlərin həlli istiqamətində əsas qüvvəyə çevrildi. O vaxtdan etibarən Azərbaycan enerji ehtiyatlarını qlobal enerji bazarlarına ixrac etməyə və iqtisadi inkişafı üçün böyük qazanc əldə etməyə başladı. Məhz bu müqavilə Azərbaycanın sürətli inkişaf dövrünün əsasını qoydu və ölkəni aparıcı qlobal enerji tədarükçüsünə çevirərək, bölgənin enerji xəritəsini dəyişdirdi”.
Şahmar Hacıyev qeyd edib ki, məhz enerji layihələri Azərbaycanın Xəzər regionunda geosiyasi əhəmiyyətini artırmış oldu: “Bu mənada “Əsrin müqaviləsi” ölkənin sosial-iqtisadi inkişafı üçün yeni dövr açdı və ölkənin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi. Azərbaycan öz enerji sənayesinə xarici kapital cəlb etmək üçün Qərb ölkələri ilə qarşılıqlı sərfəli istehsalçı-istehlakçı dialoqu qura bildi və xarici investorlar enerji təhlükəsizliyi məsələlərini həll etmək və nəhəng enerji layihələrindən qazanc əldə etmək üçün Azərbaycanın neft-qaz layihələrinə investisiyalar yatırmağa başladılar. Bu mənada Azərbaycan bütün enerji layihələrini “Əsrin müqaviləsi” olmadan həyata keçirə bilməzdi. Hazırda Azərbaycan Avropanı təbii qazla təmin etmək üçün Cənubi Qafqaz Boru kəməri, TANAP və TAP kimi enerji layihələrini həyata keçirir. Ölkənin Qərb bazarlarına neft və təbii qaz ixrac etmək potensialı ildən-ilə artır və bu da Qərbin enerji təhlükəsizliyini təmin etməsi üçün vacibdir”.
Millət vəkili Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, "Əsrin müqaviləsi" ilk növbədə Azərbaycana güclü inkişaf etmiş iqtisadiyyat bəxş etdi: “Bakı- Tbilisi- Ceyhan, Bakı- Supsa neft ixrac kəmərləri, Bakı- Tbilisi -Ərzurum qaz kəməri, Asiyanı Avropa ilə birləşdirən Bakı-Axalkalaki- Qars dəmir yolu xətti,Yeni Bakı Ələt dəniz limanı, regionların sosial iqtisadi inkişafı, eyni zamanda Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafını özündə əks etdirən çoxsaylı dövlət proqramlarını, minlərlə yeni məktəb binaları, uşaq bağçaları, xəstəxanalar, səhiyyə ocaqları, mədəniyyət ocaqları, on min kimometrlərlə magistral və kəndarası yollar, çoxsaylı infrastruktur layihələri, hava limanları, ən müasir silahlarla təchiz olunmuş güclü ordu, eyni zamanda Azərbaycan xalqının sosial rifah halını yaxşılaşdıran bir çox layihələr icra olundu. Ümumiləşdirib desək bugünki, inkişaf etmiş güclü Azərbaycan verdi”.
O bildirib ki, əgər həmin dövrdə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olmasaydı neft kontraktlarının imzalanması bu şərtlərlə mümkün olmayacaqdı: “İlk növbədə müqavilələrin imzalanması üçün hüquqi baryerlər mövcud idi. Qərb şirkətləri, Xəzərin statusu müəyyənləşmədən böyük miqdarda sərmayə yatırmaq istəmirdilər və regionda maraqları olan ölkələr isə o şirkətlərin Azərbaycanda fəaliyyət göstərmələrinin qarşısının alınması istiqamətində real addımlar atırdılar. Hətta 1994- cü ilin avqust ayında respublikamızın Qərb bölgəsində yenidən müharibə başlanması təhlükəsi yaranmışdı. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından ağır cinayətlərdə ittiham olunan məhbusların qaçırılması təşkil olunmuşdu. Hökumətin özündə belə hərbi müxalifət fəaliyyət göstərirdi və onlar hər cür təxribatlarla müqavilənin imzalanmasını əngəlləməyə çalışırdılar. Ancaq Ulu Öndərin qətiyyəti, prinsipiallığı, şəxsi nüfuzu sayəsində mövcud maneələr aradan qaldırıldı, müqavilələr imzalandı”.
Millət vəkili əlavə edib ki, "Əsrin müqaviləsi"nin nəticəsi olaraq ölkə iqtisadiyyatının bütün sahələri inkişaf etdi, iqtisadiyyatda diversifikasiya baş verdi, qeyri neft sektoru , aqrar sektor inkişaf etdi, həm ölkə daxilində , həm də xarici ölkələrdə gələcəyə hesablanmış investisiyalar qoyuldu, qızıl valyuta ehtiyatlarımız artdı: “Əgər "Əsrin müqaviləsi" olmasaydı, bu günki, iqtisadiyyat da olmazdı. Həmçinin çoxsaylı transmilli layihələr, infrastruktur layihələri, sosial siyasət həyata keçirilə bilməzdi. Güclü ordu yaranmazdı. Azərbaycan kredit alan ölkədən, kredit verən ölkəyə çevrilməzdi. Dünya çapında belə inkişaf etmiş ölkə olmaz, idman , mədəni, siyasi, tədbirlərin keçirildiyi mərkəzə çevrilməzdi. Bu baxımdan, tam məsuliyyətlə demək olar ki, bugünki, inkişafın təməlində "Əsrin müqaviləsi" durur və xalqımız onun memarı Ulu öndər Heydər Əliyevi daim minnətdarlıqla xatırlayır”.
Millət vəkili Eldəniz Səlimov vurğulayıb ki, "Əsrin müqaviləsi" müstəqilliyimizin möhkəmlənməsinə ölkəmizin inkişafına böyük töhfə verdi. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı: "Ölkəmiz yeni neft strategiyasını müəyyənləşdirdi. Azərbaycan tarixini zənginləşdirən bir hadisə kimi “ Əsrin müqaviləsi” kimi tarixə düşdü. Qeyri neft sektoru inkişaf etdi.
1993-cü il Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ölüm ya ölüm məsələsini həll etdi. Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. İlk növbədə ölkənin dağılmaq qarşısını almaq, sonra inkişaf barədə fikirləşmək. Neft müqavilələri barədə müzakirələrə xüsusi yer verdi. Uzun müddət müqavilələr üzərində işlənildi burada ölkənin mənafeyinə, maraqlarına xidmət edən bir müqavilə əldə edildi. 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə neft kontraktı bağlanıldı. Neft kontraktının bağlanması üçün çox ağır danışıqlar aparıldı nəhayət Ümummilli lider Heydər Əliyev xalqın maraqlarına cavab verən böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsinin” imzalanmasına nail olur. Ulu öndər Heydər Əliyevin təkidi, zəhməti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı naminə yeni inkişaf erasına daxil olması üçün Azərbaycan neftinin Avropaya nəql olunmasına hesablanmış bir layihənin reallaşmasına imza atdı və nəhəng neft şirkətlərinin bu layihəyə imza etmələrinə inandırdı və “əsrin müqaviləsinin” imzalanmasına nail oldu. Bu işi Ümummilli lider Heydər Əliyevdən başqa heç bir qüvvə bu cür müqavilə imzalaya bilməzdi.
“Əsrin müqaviləsi” imzalandıqdan sonra “Çıraq” yatağından hasil olunan neftin Supsa Limanından dünya bazarına ixracına başladı. Bu gündən ölkə iqtisadiyyatının inkişafına təməl yarandı. Şaxələnmiş iqtisadiyyatın yaradılmasına şərait yaratdı. Gələn gəlir hesabına əhalinin sosial vəziyyəti, güzaranı yaxşılaşmağa doğru əhəmiyyətli rol oynadı.Yeni iş yerləri açıldı, istehsal sahələri yaradılmağa başlandı.
Azərbaycanın bu günki inkişafında "Əsrin müqaviləsi"nin mühüm rolu vardır. Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Möhtərəm Prezidentimiz buna nail oldu və daha çox nəticə aldı. Ölkəmizin inkişafının əsasını neft gəlirləri təşkil edirdi. Vəsait iqtisadiyyatın müxtəlif sahələrinə yatırılırdı. İqtisadiyyat inkişaf etdi. Hədəflərdən biri isə dövlət büdcəsini, neftdən asılılığını azaltmaq, kənd təsərrüfatına qoyulan vəsait, güzəştlər kəndçini torpağa qaytardı. Azərbaycan enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorları n cəlb olunmasına şəriat yaratdı. Ölkəmizə o vaxtdan gələn investorlar bu gündə işləyirlər. Müqavilə bu gündə öz əhəmiyyətli rolunu oynayır. Prezident Cənab İlham Əliyev demişdir ki, “neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alaraq “Əsrin müqaviləsi” müddətinin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar müqaviləni imzalamışdır. Enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı. Ölkəmiz enerji təhlükəsizliyi ilə əlaqədar olan beynəlxalq layihələrdə söz sahibinə çevrildi".