Ölkədə dollar ajiotajına əsas varmı? İqtisadiyyat

Ölkədə dollar ajiotajına əsas varmı?

Ölkədə sanki süni dollar ajiotajı yaranıb. Ayda 500-600 manat əməkhaqqı alan da bankdan dollar almağa tələsir. Hənsı ki, buna ehiyac yoxdur. Çünki bu gün hay-küyə düşüb 200-300 dollar alan adam, 1-2 həftə sonra onu satıb ailəsinə ərzaq və çörək almalı olacaq. Süni ajiotaj və qeyr-rəsmi xəbərlər, bəzi şaiyələr insanları çaşdırır. Üstəlik özəl banklar da satış üçün kifayət qədər valyuta olduğu halda, əhaliyə normal xidmət göstərə bilmirlər. İqtisadi maariflənmənin zəif olduğu bu cür şərait insanlarda narahatlıq yaradır. Digər tərəfdən, ölkənin özəl banklarının xidmətləri hələ də arzu edilən səviyyədə deyil. Əslində indiki halda ciddi narahatçılğa və ajiotaja ehtiyac yoxdur. Hər şey hökumətin nəzarəti altındadır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov da açıqlama verərək adamların təşvişə düşməməsi üçün mühüm ismarıclar verdi. Həm də maraqlıdır ki, daha çox bankları günahlandırdı. Baş bankir deyib ki, ölkədə "valyutanın çatışmaması deyil, bankların xidməti çatdırmamaları problemi var. Banklar tərəfindən aparılan əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni əhaliyə vaxtında xidmət göstərmək problemi var. Bu problem var, valyutanın çatışmaması problemi yoxdur". Mərkəzi Bankın sədri əlavə edib ki, banklar dünən valyuta hərracında aldıqları vəsaiti əhaliyə tam sata bilməyiblər: "Bankların tələbləri hərracda tam şəkildə ödənilib. Bütün banklarda əhalinin ala bilməsi üçün vəsait var. Banklar dünən satdığımız valyutanın hamısını reallaşdıra bilmədilər".
E.Rüstəmov onu da əlavə edib ki, Mərkəzi Bankın və hökumətin "B" planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Hələlik strateji valyuta ehtiyatlarından istifadə nəzərdə tutulmur. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur: "Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək". Xatırladaq ki, hazırda ölkənin ümumi valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarından, o cümlədən AMB-nin valyuta ehtiyatları 6,4 mlrd. dollardan çoxdur.
Baş bankir – “ Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq” - deməklə, çox güman ki, yaxın bir neçə ay ərzində neftin qiymətinin yüksələcəyini və stabilləşəcəyini nəzərdə tutur. Nikbin proqnozlara görə, iyun ayınadək neftin qiymətləri yenidən 55 dollar ətrafında dəyişəcək. "Qara qızıl"ın belə kəskin ucuzlaşması, şübhəsiz ki, Azərbaycanın gəlirlərinin nəzərə çarpan azalması deməkdir. Koranavirusun yaratdığı böhranın davamlılığı çox güman ki, elə onun ömrü qədər olacaq. Yəni, iyun ayında bu sahədə vəziyyətin düzələcəyi ilə bağlı proqnozları, habelə əsas səbəbkarların – Səudiyyə Ərəbistanı və Rusyanın neftin uçuz olmasında maraqlı olmamasını nəzərə alsaq, qiymətlərin yenidən artaraq 50-55 dollar ətrafında dəyişəcəyini proqnozlaşdırmaq olar. Neftin hətta bir neçə ay 35-40 dollar səviyyəsində olması belə Azərbaycan üçün təhlükəli sayıla bilməz. Ən pis halda belə hökumət təhlükəsilik yastığından – 50 milyard dollarlıq valyuta ehtiyatlarından istifadə edəcək.
Tezliklə devalvasiyanın baş verəcəyi də gözlənilən deyil. Hər halda hökumətin valyuta ehtiyatları imkan verir ki, tələbi qarşılamaqla bazarı tənzimləsin. Baş bankirin son açıqlaması da elə bundan xəbər verir. Digər tərəfdən, növbəti devalvasiya sosial sferaya və real iqtisadiyyata ciddi ziyan vura bilər, banklar daha çətin vəziyyətə düşər, idaxal mallarının bahalaşması qaçılmaz olar və s. Ona görə də hökumət buna getməz.
İndiki halda ən azı süni ajiotajın qarsısı alınmalıdr. Bəzi qüvvələrin süni ajiotaj yaratmaq cəhdləri də diqqət çəkməyə bilməz. Bu, manata psixoloji təzyiqi artıra bilər. İnsanlar ehtiyac olmadan belə əllərindəki manatı dollara dəyişməyə başlayıb ki, bu da dollara tələbi artırıb. Belə davam etsə, insanlar banklardakı manatla olan əmanətlərini də geri çəkməyə başlaya bilər. Ona görə də, ölkədə maliyyə böhranının olmadığı hamıya aydın olmalıdır. Bununla belə, artıq bazarda stabilləşmə meyilləri hiss olunur. Belə ki, martın 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib. Hərracda tələb martın 10-dakı tarixdə keçirilmiş hərracla müqayisədə 168,2 milyon ABŞ dolları və ya 52 faiz azalaraq 155 milyon dollar təşkil edib. Tələb tam təmin edilib.
Nazirlər Kabineti də bəyan etdi ki, hökumət neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malikdir. Xüsusən də, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, monetar və fiskal tədbirlər, sosial layihələrin icrasının davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən heç bir sosial layihənin təxirə salınmaması, inflyasiyanın hədəflənən səviyyədə saxlanılması nəzərdə tutulur. Bunlarla yanaşı, ölkədə iqtisadi inkişafın davamlılığı da müşahidə olunur. Bu ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb, inflyasiya isə 2,8% təşkil edib...
Mahir Həmzəoğlu