Azərbaycanda fundamental pensiya islahatı İqtisadiyyat

Azərbaycanda fundamental pensiya islahatı

Elman Mehdiyev: "Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq"

Dövlət Sosial Müdafiə Fondunda "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb. Bu barədə media nümayəndələrinə açıqlamasında Fondun sədri Elman Mehdiyev məlumat verib.
Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın əhəmiyyətindən bəhs edən DSMF sədri vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır.
Elman Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan sualları cavablandıraraq vurğulayıb ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq.
Dövlət Sosial Müdafiə Fondunun sədrinin qənaətinə görə, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Müasir şəraitdə dünya ölkələrinin pensiya təminatı sistemlərində aparılan islahatların əsas istiqamətlərindən söz açan Fond sədri qeyd edib: "Beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür".
Elman Mehdiyev ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Bu yöndə aparılacaq islahatların əsas vəzifələri qismində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir. Elman Mehdiyev qeyd edib ki, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.
Elman Mehdiyev deyib ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi ilə bağlıdır.
Fond sədri bildirib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir. "Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq".
Pensiya məbləğlərinin nəzərdə tutulan artımı qaydalarına da aydınlıq gətirən Elman Mehdiyev bildirib ki, "əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək. Yeni qaydaların tətbiqi pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin hər il indeksləşdirilərək artırılmasını nəzərdə tutur".
Fond sədri sığorta-pensiya sisteminin dayanıqlı inkişafı makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də nəzərə alınmasını tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən dövrdə ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunmuşdur. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız maliyyə böhranından sonra başlanılmışdır ki, bunun da yaratdığı ciddi gərginlikləri hələ də müşahidə etməkdəyik. "Beynəlxalq praktikada pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda – bilavasitə yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimlənir. Bu daimi bir prosesdir və burada əsas vəzifə aktuar tədqiqatlara əsaslanmaqla müxtəlif alternativlərin hazırlanması və daha uyğun olanının seçilməsidir."
DSMF sədri həmçinin bildirib ki, Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti qadınların say çoxluğu şəraitində orta hesabla 16 ildir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan ºəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.
Elman Mehdiyev Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərdiyini xatırladıb.
Fond sədri bildirib ki, qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.
DSMF və Avropa İttifaqının birgə layihəsinin qarşısında duran vəzifələrdən bəhs edən Elman Mehdiyev bildirib ki, layihənin qeyri-dövlət pensiya fondları ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti üzrə meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir. Belə ki, qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.
Diqqətə çatdırılıb ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri cari ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 300-ə yaxın yeni bankomat alındığını, hazırda həmin bankla birlikdə dislokasiya yerləri üzrə həm yeni bankomatların qurulması, həm də köhnə bankomatların yeniləri ilə əvəzlənməsi işinin aparıldığını deyib. Qeyd edilən istiqamətdə mütəmadi monitorinqlər aparıldığını söyləyən Elman Mehdiyev bildirib ki, yeni dislokasiya yerləri müəyyən edilərək yeni bankomatların quraşdırılması üçün müvəkkil banklara müraciət edilir.
Fond sədri pensiyaların nağd şəkildə götürülməsi üçün bankomatlardan istifadə zamanı yaranan çoxsaylı növbələrlə bağlı suallara toxunaraq bunun xüsusilə pensiya məbləğlərinin maliyyələşmə günündə dərhal bankomatdan çıxarılmasından qaynaqlandığını vurğulayıb. Elman Mehdiyevin sözlərinə görə müvəkkil bankların monitorinqləri göstərir ki, bir bankomatdan bir ay ərzində daha çox 2-3 gün pensiyaların maliyyələşdirildiyi günlərdə istifadə olunur. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində istifadəsi isə bu cür hallara gətirib çıxarır, bankomatların inkassasiya olunması və növbələrin azaldılması bir problemə çevrilir.
Elman Mehdiyev bildirib ki, bu məsələnin həllinə post-terminal şəbəkəsinin genişləndirilməsi və post-terminallardan istifadə müsbət təsir edə bilər. Bu məqsədlə DSMF bu il "Pensiya+" layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit alma şansı verilir. Plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: "Biz pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz etmişik. Pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər".

XC