“Kazım Karabəkirlə Abbas Zamanovun heykəlləri yanaşı qoyulmalıdır” Müsahibə

“Kazım Karabəkirlə Abbas Zamanovun heykəlləri yanaşı qoyulmalıdır”

"1981-ci ilin noyabrında Heydər Əliyev dedi ki, indi bizim üçün ən əsas məsələ Cənubi Azərbaycan məsələsi olmalıdır"
İş görmək istəyən insanlar üçün pərdənin dəmirdən və ya qumaşdan olmasından asılı olmayaraq, həmişə yollar vardır

Türkiyədə yaşayan jurnalist-yazar, dr. Mayis Əlizadənin xalqımızın böyük oğlu Abbas Zamanov haqqında BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Mayis bəy, xalqımızın milli-məfkurəsinin formalaşmasında böyük rol oynayan professor Abbas Zamanovun rolu haqqında nə deyə bilərsiniz?
- Mərhum professor Abbas Zamanov Azərbaycan ədəbiyyatşünaslığında Firidun bəy Köçərlinin yaratdığı peşəkarlar məktəbinin önəmli təmsilçilərindəndir. Müəllimim idi, masamın üstündə daim Abbas müəllimin tərtib etdiyi "Müasirləri Sabir haqqında" (1962) və "Cəlil Məmmədquluzadə: xatirələr və məqalələr" (1967) kitabları durur. William Faulknerin sözüylə desəm, onlar mənə "dost kitablardır, sıxıntılı vaxtlarımda əlimi atıb istənilən yerindən oxuya bilirəm". "Müasirləri Sabir haqqında" kitabında Abbas müəllimin ərəb əlifbasıyla avtoqrafı var; yox, mənim üçün imzalamayıb, dünya türkologiyasının zirvəsindəki alimlərdən biri olan mərhum professor Muharrem Erginə ərmətanıdır, 1966-da imzalayıb. Qürurla saxladıtım kitabın mənə necə çatmasını isə soruşmayın. Biz tələbələri üçün Abbas müəllim XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının canlı ensiklopediyası idi. Abbas Zamanov nadir alimlərdən idi ki, 1983-cü ildə Akademiyanın müxbir üzvü seçilməsini hamı müsbət qiymətləndirmiş, özü isə sanki heç bir şey olmayıbmış kimi bunu soyuqqanlılıqla qarşılayıb. "Sizsiz" povestində Anar yazır ki, Rəsul Rza həyatda olub Abbas Zamanovun Akademiyaya müxbir üzvü seçilməsini görsəydi (zarafatla) deyəcəkdi ki, Abbas Zamanov, orda bir fərli alim tapmadılarmı, səni seçdilər? Müharibədə Rəsul Rza ilə Krım cəbhəsində olublar, dostluqları orda möhkəmlənib ("Sizsiz"də bununla bağlı maraqlı yerlər var). Müharibədən sonra zəfər coşqusunu yaşadığına görə Yazarlar Birliyinin 1991-ci ildəki qurultayında kürsüyə çıxıb ədəbiyyatdan danışmayıb, diqqəti Qarabağa yönəldərək, "80 yaşındayam, elə bu gün Qarabağa savaşa getməyə hazıram" - demişdi. Abbas müəllimi axırıncı dəfə o qurultayda görmüşdüm. Dərslərində bəzən mövzunu bir tərəfə qoyar, kimin nə dərəcədə diqqət göstərməsindən və qavramasından asılı olmayaraq bizə mühacirlərdən danışardı, çoxlarının adlarını çəkməyə belə, cəsarət etmədiyi insanlar barədə qəzetlərə məqalələr yazardı. Möhtərəm alim, vətənpərvər insan, əziz müəllimim kimi həmişə rəhmətlə yad edir, ruhu qarşısında baş əyirəm.
- Bildiyimiz qədər Abbas Zamanovla bağlı Ərzurumda kitabxana var. Sovet dövründə Abbas müəllim Türkiyə ilə əlaqələri olan şəxs olub. O, dəmir pərdəni necə yarardı?
- Sovet dönəmində Abbas Zamanov Bakıda çıxan kitabları çox vaxt müəlliflərindən alaraq Ərzurum Universitetinin kitabxanasına göndərirdi. Təkcə Türkiyə ilə yox, İranla da yaxın əlaqələr yaratmışdı. İş görmək istəyən insanlar üçün pərdənin dəmirdən və ya qumaşdan olmasından asılı olmayaraq, həmişə yollar vardır. Abbas müəllim də o yolları taparaq öz işini görmək üçün məharətlə istifadə edirdi. Bəxtiyar Vahabzadə Türkiyədən göndərilən kitabları almaqda çətinlik çəkəndə problemi Almaniyadakı dostu Əhməd Şmidenin vasitəsilə həll edirdi: Türkiyədən kitablar Berlinə - Əhməd Şmideyə göndərilir, Şmide isə onları Bakıya - Bəxtiyar müəllimə yollayırdı. Sosialist Almaniyasından gələn kitablara sovetlər çox əngəl törətmirdi. Bunu ilk dəfə yazıram: 1992-ci ilin aprelində Ankarada Azərbaycan Milli Mərkəzinin başqanı, mərhum doktor Məhmət Kəngərlinin otağının arxa bölümündə ikilikdə təxminən 2 saat söhbət etdik. Doktor Kəngərli mənə deyirdi ki, sovet dönəmində bizim Bakıda gizli təmasda olduğumuz adamlarımız vardı. Məsələn, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Dilara Əliyeva. O vaxtlar Abbas Zamanov Türkiyədə əlaqədə olduğu ədəbiyyat, elm və sənət adamları üçün "Abbas əmi" imiş. Yavuz Bülənt Bakilərin "Azərbaycan yüreyimde bir şah damardır" kitabına baxsanız, Yavuz abinin sovet vaxtında Bakıda "təhlükəli" adamların yanında "artıq-əskik" danışmaması üçün Abbas müəllim tərəfindən saniyələr içində göz-qaşla necə xəbərdar edildiyini görəcəksiniz. Hazırda İzmirdəki 9 Eylül Universitetində kafedra müdiri olan professor Əli Yavuz Akpınarı dərslərindən birinə gətirdiyini və professor Akpınarın bizə 45 dəqiqə Azərbaycan ədəbiyyatı barədə danışdığını unutmaram; o vaxtlar bizim üçün möcüzə kimi bir şey idi. Abbas müəllim Türkiyəyə kitabları təkcə Ərzurum universitetinə göndərmirdi. 1988-ci ilin iyulunda Bakıda beynəlxalq "Dədə Qorqud" kollokviumu keçirilirdi. Başda "Kitabi-Dədə Qorqud"un əfsanəvi tədqiqatçısı Orhan Şaik Gökyay olmaq üzrə Türkiyədən Bahəddin Ögel, Fikrət Türkmən, Tuncər Gülənsoy, Saim Sakaoğlu, Osman Fikri Sərtkaya kimi tanınmış alimlər kollokviumda iştirak edirdilər. Ustad Orhan Şaik Gökyayın yanından ayrılmamağa çalışırdım. Çantasından Kamal Abdullayevin namizədlik dissertasiyasının rusca avtoreferatını çıxarıb mənə verdi, "Təcili bunun Türkcə xülasəsini mənə hazırla" - dedi. Avtoreferatı Kamal müəllim Abbas Zamanov üçün imzalayıb. Abbas müəllim isə latın əlifbası ilə "Men de bunu Orhan Şaik Gökyaya verirem" - yazaraq avtoreferatı İstanbula göndərmişdi. O gecə avtoreferatın türkcə xülasəsini hazırlayıb ustad Gökyaya verdim. Daha sonra ustadla məktublaşdıq, 1000 səhifəlik "Dedem Korkudun kitabı"nın son nəşrini mənə göndərdi. Demək istəyirəm ki, Abbas müəllimin açdığı cığır bu işlərə könül verən hər kəs üçün son dərəcə yararlı idi, o cığır əhatəli elmi çalışmalar üçün insana bəzən möcüzə kimi gələn qapıları açmağa kömək edirdi. Sovet dönəmində Cənubi Azərbaycanla elmi əlaqələr sahəsində Abbas Zamanovun gördüyü misilsiz işlər vardı. Şəhriyarın şeirlərinə baxsanız, Süleyman Rüstəm, Məmməd Rahim, Rüstəm Əliyev, Əbülfəz Hüseyniylə ədəbiyyat üzərindən yaratdığı əlaqələri görəcəksiniz. Elmi sahədə isə bu işi Şimali Azərbaycandan Abbas müəllim həyata keçirirdi. Onun professor Cavad Heyətlə olan yaxın əlaqələri, İranda Azərbaycan dilində çıxan kitab və jurnallar barədə yazdığı məqalələr, Arazın o tayına yorulub-usanmadan göndərdiyi kitablar, qəzetlər, jurnallar. Hamının istifadə edə bilməsi üçün gələn kitab-jurnalları müvafiq kitabxanalara verirdi... Bu qədər həssas və zəhmətli işlərin öhdəsindən necə gəlməsinə heyrətlənərdik. Abbas müəllim bu işlərin öhdəsindən gəlirdi, bunun əsas səbəbi isə onun bu işləri sevərək yapması idi, bu işlər onun gündəlik həyatının parçası idi. Burada mərhum müəllimim, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri Fərhad Zeynalovu da rəhmətlə yad etməyi özümə borc bilirəm. O vaxtlar Fərhad müəllimin dünyanın önəmli türkoloqlarıyla yaratdığı şəxsi əlaqələr barədə ayrıca danışmaq lazımdır.
- Deyilən görə, böyük şairimiz Səməd Vurğunun vəfatının ikinci il dönümündə onun məşhur çıxışı olub. Bu haqda nə deyə bilərsiniz?
- Bu barədə mənə o yığıncaqda iştirak edən bir yazar danışıb. Səməd Vurğunun vəfatının ikinci ildönümüylə bağlı keçirilən yığıncaqda arxa sıralardan salona müraciət edən Abbas Zamanov deyib ki, ermənilər Naxçıvan Muxtar Respublikasını İrəvana bağlamaq üçün iş aparırlar. Bir an əvvəl diqqətimizi bu məsələyə yönlətməliyik. Bu iş baş tuta bilməz, çünki Naxçıvanın üzərində Türkiyənin təminat haqqı var. Türkiyənin razılığı olmadan Naxçıvanı Azərbaycanın tabeçiliyindən çıxarmaq olmaz, belə bir cəhd edilərsə, Naxçıvanın Türkiyəyə birləşmə haqqı doğar. O vaxt Abbas müəllimdə 1920-21-ci illərdə imzalanmış və Türkiyəyə Naxçıvan üzərində təminat hüququ verən Kars, Gümrü və Moskva sazişlərinin surətləri varmış. Abbas müəllimin o surətləri Kreml arxivlərindən əldə etdiyi söylənirdi, ancaq bəlkə Abbas müəllim o sazişlərin surətlərini Türkiyə vasitəsilə də əldə edibmiş - bunu dəqiq bilmirəm. Nəticə isə bundan ibarətdir ki, Abbas müəllim İstiqlal savaşının Şərq cəbhəsinin komandanı, general Kazım Karabəkirin imzaladığı o sazişləri ortaya çıxarmaqla ermənilərin hiyləgər planının qabağını ustalıqla alıb. İstiqlal savaşının qəhrəmanlarından olan general Kazım Karabəkir 1920-21-ci illərdə Türkiyə Böyük Millət Məclisinə yazdığı raportlarda "Ermənistanı tamamilə məhv etmək üçün Məclisdən səlahiyyət istəyən" bir hərbçidir, onun "İstiklal harbimiz" adlı 2 cildlik kitabında və 50 cildlik xatirələrində bu barədə bir çox sənəd, məktub və raporta rast gəlmək olar. Gəncliyində Hüseyn Cavidlə yaxın dostluğu olub. Naxçıvan üzərində Türkiyənin təminat haqqını sazişlərə bağladığına və Abbas Zamanov məhz o sazişlərə istinad edərək ermənilərin Naxçıvanı Ermənistana bağlamaq planının qarşısını aldığına görə general Kazım Karabəkir və professor Abbas Zamanovun Naxçıvanda heykəllərinin yanaşı qoyulmasının vaxtının gəldiyinə inanıram. Karabəkir paşanın qızı Timsal xanım atasının adına qurduğu vəqfi idarə edir. Bu yaxınlarda aldığım məlumata görə, Timsal xanımın ən böyük arzusu vəqfin həyətində Atatürk, Karabəkir və İstiqlal savaşının digər qəhrəmanı Rauf Orbayın bal mumundan yapılmış heykəllərini görməkdir, ancaq vəqfin buna maddi imkanı çatmır. Azərbaycanlı bir heykəltəraş dostumuz o heykəlləri pulsuz yapmağa hazırdır, ancaq bal mumu heykəllərinin materialları xeyli pul tutur. Azərbaycanda maddi imkanı olan vətənsevər insanların bu məsələ ilə maraqlanacağına umuram...
- Belə fikir dolaşır ki, Abbas müəllimin Heydər Əliyevlə yaxşı əlaqələri olub. Bir sıra planlar haqqında söhbətlər ediblər. Əsasən iki şəxs arasında hansı məsələlər müzakirə olunub?
- Elmi rəhbərim, mərhum akademik Kamal Talıbzadə bir neçə dəfə məni otağına çağırıb qapını arxadan bağlayaraq "Sənə mühüm şeylər danışmaq istəyirəm, bunları unutma" - deyirdi. Yanılmıramsa, 1990-cı ilin yazında Kamal müəllim mənə atası Abdulla Şaiqin 100 illik yubileyində baş verən bir əhvalatı danışdı. Kamal müəllim danışırdı ki, 1981-ci ilin noyabrında atamın 100 illik yubiley mərasiminin rəsmi hissəsindən sonra az adamın iştirak etdiyi ziyafətdə Heydər Əliyev "İndi bizim üçün ən əsas məsələ Cənubi Azərbaycan məsələsi olmalıdır. Xomeyni qocalıb, müəyyən işləri görmək üçün fürsətlərimiz ola bilər. Bundan istifadə etməliyik" - dedi. Sonra üzünü Mirzə İbrahimova tutub dedi ki, bir təşkilat yaradaq, sən fəxri sədr ol, Abbas Zamanov bu işlərlə məşğul olmağı çox sevir, əsas işləri o görəcək. Xomeyni qocalıb, bəzi mühüm işləri görmək üçün imkanlar yarana bilər. Mirzə İbrahimov artıq yaşlandığını, bu işlərlə məşğul ola bilməyəcəyini deyəndə, Heydər Əliyev bir az əsəbi tonda dedi ki, sən həmişə bu millətin mənafeyinin əleyhinə getmisən, sənə deyirəm ki, Xomeyni qocalıb, işgörməyimiz üçün imkanlar yarana bilər, buna hazır olmalıyıq. Kamal müəllim deyirdi ki, Heydər Əliyev üçüncü dəfə "Xomeyni qocalıb" - deyəndə mən anladım ki, əslində o, gerçək Xomeynini yox, Brejnevi nəzərdə tutur. O vaxt sovet qoşunları Əfqanıstana girmişdi, Heydər Əliyev düşünürdü ki, indiki şərait Cənubi Azərbaycana müdaxilə üçün də uyğundur və ona görə buna hər an hazır olmaq üçün güclü ictimai təşkilat lazımdır. Abbas Zamanovun elmi-ictimai fəaliyyətinin bu işlərə çox faydalı olduğunu görərək belə bir təklifi irəli sürüb. Azərbaycan istiqlal mücadiləsinin Türkiyədəki önəmli simalarından olan mərhum Əlirza Turan 1990-cı ildə hörmətli Vaqif Sultanlıya, daha sonra isə bir neçə dəfə mənə (22 avqust 2001-də vəfat edənə qədər ata-oğul münasibətimiz vardı) danışırdı ki, 1946-cı ildə sovet qoşunları Trumenın ultimatumu ilə Cənubi Azərbaycandan çıxarkən o vaxt Buxarestdə olan Məmmədəmin Rəsulzadə buna təəssüflənirdi. Əlirza əmi deyirdi ki, öz-özümə düşündüm ki, əcəba, bəlkə biz bilmirik, yoxsa Emin bəy də gizli şəkildə rusların tərəfini saxlayır? Bunu Emin bəydən soruşanda səbəbini belə izah etmişdi: bir gün Sovet İttifaqı dağılacaq və biz müstəqil olacağıq. Əgər sovetlər dağılıb biz müstəqil olana qədər qoşunlar Cənubi Azərbaycan qalsaydı, biz müstəqilliyimizi Vahid Azərbaycan kimi əldə edəcəkdik...

Elnur Eltürk