Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr
14 Yanvar 23:55

Kənan Rövşənoğlu: “ABŞ gözlənilməz və sərt müqavimətlə üzləşə bilər”
İranda vəziyyət gərgin olaraq qalır. Dünya mediasında prosesin gedişi ilə bağlı fərqli və ziddiyyətli fikirlər yer alır. Dini idarəetmənin dəyişməsi, Pəhləvi ssenarisi, yaxud xaos və digər aspektlər üzərindən müzakirə olunur. İrana hücum ehtimalı, bölgənin qanlı coğrafiyaya çevrilməsi riskləri də istisna edilmir.
Ara.dırmasçı-jurnalist, Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Xalq Cəbhəsi”nə müsahibəsində ümumi mənzərəyə aydınlıq gətirib.
- İranda baş verən proseslər necə nəticələnə bilər?
- İranda ilk dəfə dekabrın 28-də sosial-iqtisadi vəziyyətə etiraz olaraq əhali küçələrə çıxdı. İllik inflyasiya 42 faizə enib, hökumət milli valyutanı qoruya bilmir, üstəlik sanksiyalar səbəbi ilə neft ixracı minimuma enib və bu da valyuta daxil olmalarını azaldıb, nəticədə ölkədə bütün təbəqələrdə sosial narazılıq var.
Burda daha bir məqam isə islahatçı hökumət ilə mühafizəkar qanad, xüsusən də SEPAH arasında çəkişmə idi. Bu çəkişmə vəziyyəti daha da dramatikəşdirdi. Mühafizəkar media hökumətin hər addımını qatı müxalifətçilər kimi tənqid edirdi. Bu mənada sosial partlayış gözlənilirdi.
Ancaq bütün əvvəlki etirazlarda olduğu kimi, sosial etirazların arxasında siyasi tələblər ortaya çıxdı və şüarlar rejim əleyhinə çevrildi. Nəticədə aksiyalar iğtişaş və küçə döyüşlərinə çevrildi. Yanvarın 12-də keçirilən aksiyalar göstərdi ki, hakimiyyət hələ güclüdür, monolitdir, ordu hələlik küçələrə çıxarılmayıb. Bu da aksiyaların Tehranı çox ciddi narahat etmədiyini göstərir. Nə zaman silahlı qüvvələr küçəyə çıxsa o zaman vəziyyətin dramatik olduğu məlum olacaq.
- Amma ölümlər var...
- Bəli, bu işin pis tərəfidir.
- Etirazların zorakılıqla yatırılması və ölüm hallaı İran üçün nə vəd edir?
- Bundan əvəvlki etirazlarda da insan ölümləri olub. İki mühüm risk amili var. Birincisi xarici hərbi müdaxilə, yəni ABŞ və İsrailin İrana hücum etməsi. Belə bir ehtimal var və gözlənilir. İkincisi, etnik separatizm kartının işə düşməsi, yəni kürd, ərəb və bəluc silahlılarının hökumətə qarşı vətəndaş müharibəsi və itaətsizlik aksiyaları başlada bilər. Bu, İranda xaotik vəziyyətə gətirə bilər. ancaq dediyim kimi hələlik buna imkan verilmir. Belə görünür ki, kürd amilinə görə, Türkiyə də İrana kəşfiyyat dəstəyi verir.
- Xarici müdaxilə ehtimlı nə qədər realdır? Bununla bağlı ziddiyyətli fikirlər mövcuddur...
- Proseslərin uzun müddət davam etməsi ABŞ və İsrailin müdaxiləsi üçün şərait yarada bilər. Artıq ABŞ İrana hücum edəcəyinin siqnalını verib. Yəni açıq deyilir ki, İrana hücum ola bilər, variantlar masadadır. Hava zərbələri və ya başqa hansı formada olacağı arasında seçim edilir. İstənilən halda risk böyükdür. Çünki, hücum əks nəticə verə və uğursuzluğa düçar ola bilər. Buna görə də birmənalı demək olmur. Amma hər halda belə bir risk var.
-Xarici müdaxilə etiraz mühitinə necə təsir göstərə bilər?
- Bunu demək olmaz. Məsələn, iyunda İsrail İrana hücum edəndə yerli etnik separatçıların hərəkətə keçəcəyini gözləyirdi, amma olmadı. İlk gün Komala və PJAK rəhbərliyi hücumu dəstəkləyən bəyanatlar versələr də, 6-cı gün mövqelərini dəyişdilər, yəni gedişat onları çəkindirdi.
İndi də hər iki variant ola bilər. Situasiyadan aşlı olacaq. Ancaq nəzərə almaq laızmdır ki, xarici müdaxilənin daxilə necə təsir edəcəyini heç kim bilmir.
Xatırladaq ki, dekabrın 28-də İranda gözlənilmədən sosial tələblərlə etiraz başladı. Bir gün sonra isə Netanyhu ABŞ-yə getdi, Floridada görüşdülər, əvvəldən də elan olundu ki, əsas mövzu İran olacaq. Bu, təsadüf ola bilməzdi.
ABŞ İran ətrafına ordu yığır, İranda etirazları qızışdıracaq və İranı daha da zəifləyəcək addım atdı: İranla ticarət edən ölkələrə 25 faiz gömrük rüsumu tətbiq edən qərarı imzaladı. Eyni zamanda, İrandakı amerikalılara öz imkanları ilə iranı dərhal tərk etmək çağırışı etdilər”.
- Tramp üçün İrana hücumla hansı dividentləri əldə edəcək?
- Bu, Tramp üçün Venesueladan sonra ikinci böyük neft ölkəsi elə keçirmək, İsrailin yəhudi lobbisinin xahişini reallaşdırmaq, diqqətləri Epşteyn sənədlərindən yayındırmaq üçün vacibdir.
Eyni zamanda Çin və Rusiyaya Yaxın Şərqdə ağır zərbə vurmuş olacaq.
- ABŞ-ın Yaxın Şərqdəki bazaları İran üçün nə qədər əlçatan hədəf hesab olunur və İran ABŞ-yə ciddi zərər vura bilərmi? Ümumiyyətlə İrana hücum ABŞ üçün hansı risklər yaradır?
- ABŞ gözlənilməz və sərt müqavimətlə üzləşə bilər. Çin və Rusiya İrana gözlənilməz kömək edə və ABŞ-nin İrana əməliyyatı fiaskoya uğraya, 1980-ci il Təbəs çolü əməliyyatinda olduğu kimi, ABŞ-ni bir müddət İrandan çəkindirər. İran Yaxın Şərqdə ABŞ bazalarını vurmaqla Vaşinqtona daha ağır zərər verə bilər.
Röya