Dərviş Əroğlu: “Kipr məsələsində razılığın əldə olunması çətinləşir” Müsahibə

Dərviş Əroğlu: “Kipr məsələsində razılığın əldə olunması çətinləşir”

"Azərbaycanın gündən-günə güclənən, kiməsə ehtiyacı olmayan bir dövlət halına gəlməsi bizi sevindirir"

Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Əroğlunun APA-nın Avropa müxbirinə müsahibəsi

- Kipr münaqişəsinin həlli üçün tərəflər 50 ilə yaxındır ki, danışıqlar aparır və Kofi Annanın təklif etdiyi planın üstündən 10 il keçdikdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Əslində yunanların 2004-cü ildə Annan planını rədd etmələrindən sonra müzakirə masasına oturmağımız doğru deyildi, amma o dövrdə dünya ictimaiyyəti bizi buna məcbur etmişdi. İngiltərənin o vaxtkı xarici işlər naziri Cek Strou bizim yenidən müzakirə masasına oturmağımıza təkid etsə də, indi o vaxt bizi məcbur etməsinin yanlış addım olduğunu deyir. O, bundan böyük səhvin adanın yunan tərəfinin Avropa İttifaqına qəbul edilməsi olduğunu da boynuna almışdı. Yəni biz Annan planından sonra danışıqlar masasına oturduq, amma yunanların tələbləri daha da artdı. Onsuz da Annan planında yunanlara kifayət qədər imtiyazlar verilirdi. Onlar bu imtiyazları rədd edən tərəf oldular, indi isə başqa bir razılığın qəbul olunması üçün daha çox imtiyazlar tələb edirlər. Təbii ki, belə bir şərt altında aparılan müzakirələrin hansısa razılıqla nəticələnməsi olduqca çətin məsələdir. Bundan başqa, bu məsələdə sadəcə yunanların düşüncəsinə diqqət ayrılır və bir çox Aİ ölkələri də təəssüf ki yunan tərəfinin bu mövqeyini dəstəkləyir. Hər iki xalqa razı salacaq anlaşma olmadığı təqdirdə, belə bir anlaşmanın referendumda keçməsi mümkün deyil. Kipr türklərinin də yunanlar qədər bu torpaqlarda yaşamaq haqları var, yunanlar kimi bu torpaqların sahibidirlər. 1964-cü il hadisələrindən sonra burada yaşayan hər iki xalqın - cənubda yunanlar, şimalda türklərin yaratdığı iki ayrı dövlətin eyni dərəcədə adaya sahiblik etmək hüquqları var. Eyni zamanda, BMT baş katibinin və Təhlükəsizlik Şurasının ortaya qoyduqları bəzi parametrlər mövcuddur, bu da siyasi bərabərlik əsasında iki bölgəli, iki icmalı federativ bir respublikanın qurulmasıdır. Bizi yunan iqtisadiyyatına möhtac edəcək anlaşma deyil, öz şərtlərimizi, mənfəətlərimizi, insanlarımızın bir daha qaçqın vəziyyətə düşməməsini nəzərdə tutan və Türkiyənin də zamin durması ilə davamlı bir anlaşmanın əldə olunmasını istəyərdik. Yunanlar isə yalnız nəyisə almaq düşüncəsindədir, hansısa güzəştə getmək düşüncəsində olmayan toplumdur. Zaman keçdikcə razılığın əldə olunması çətinləşir. Çünki yunanların istəkləri daha da artır və bizi yox sayaraq hərəkət edirlər. Yəni deyirlər ki, biz BMT-nin, Aİ-nın üzvüyük və siz də bizə tabe olmağa, bizə daha da çox imtiyazlar verməyə məcbursunuz. Üstəlik, bu düşüncə ilə müzakirə masasını tərk edirlər. Son zamanlar Kipr ərazi sularında aparılan təbii qaz kəşfiyyatı məsələsində bizim də haqlarımız var, amma bizim tərəfin gəmiləri bu araşdırmalara başlayan kimi Nikos Anastasiadis müzakirə masasını tərk etdi. Biz isə deyirik ki, masadan gedən sənsən, buyur gəl, otur masaya, müzakirələrimizi davam etdirək. Gəlmədiyi təqdirdə təbii ki, bundan sonra da 40 il onun müzakirə masasına gəlməsini gözləyəcək deyilik, bizim öz dövlətimiz var.

- Ada ətrafındakı sularda neft və təbii qaz yataqlarına dair kəşfiyyat işlərinin aparılmasının danışıqlar prosesinə zərbə vurduğu görünür. Yenidən danışıqlar başlayarsa, sizcə vəziyyəti gərginləşdirən bu məsələni necə həll etmək olar?

- Mən təbii qaz məsələsinin yunan tərəfini hansısa razılığa apara biləcəyinə əvvəlcədən inanmamışdım. Neftin, təbii qazın çıxması əlbəttə ki, yunan tərəfinin iqtisadiyyatını gücləndirəcək və orada millətçi duyğuların daha da artmasına səbəb olacaq. Bizimlə razılığın əldə edilməsi yolunda səmimi davranmayacaqlarını hər zaman demişəm. Həm də qaz məsələsində Türkiyənin Yaxın Şərqdə münasibətləri pozulan dövlətlərlə - Misir, İsrail dövlətləri ilə əməkdaşlıq edirlər. Yəni bütün bunlar, təbii qazın çıxarıla bilməsi üçün yunanların türklərlə hər hansı bir anlaşma məcburiyyətini ortadan qaldıran davranışlardır və bunun nəticəsində də müzakirə masasından ani bir hərəkətlə qalxa və qarşımıza şərtlər qoya bilirlər.

- Azərbaycanla münasibətlərinizi necə qiymətləndirirsiniz?

- Azərbaycan bu gün inkişaf etməkdə olan bir ölkədir. Təbii ki, Azərbaycanla münasibətlərimiz hələlik istədiyimiz nöqtədə deyil. Azərbaycanın əlbəttə ki, haqlı tərəfi var, Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük ağrısıdır. Bu problem həll edilmədən bizimlə münasibətlərin daha da irəli nöqtələrə aparılması çətinləşir. Çünki Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi, azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən Dağlıq Qarabağ məsələsi mövcuddur. İnşallah bu məsələ həll edildikdən sonra əminəm ki, Azərbaycan dövlətinin rəhbərliyi, ölkə rəsmləri bizimlə ən isti və səmimi münasibətlərin, əməkdaşlığın artması niyyətlində olacaqlar. Azərbaycan xalqını qardaş xalq olaraq görürəm. Onlar da bizim kimi illər boyu çətinliklər yaşamış bir millətdir, amma çox şükür ki, indi müstəqil, gündən-günə güclənən, kiməsə ehtiyacı olmayan bir dövlət olmusunuz. Bu, bizi çox sevindirir. İnşallah, gələcəkdə biz də Azərbaycan xalqı ilə bərabər daha isti və daha səmimi münasibətlər içərisində olacağıq və bu ümidimiz davam etməkdədir. Çünki eyni millətik.

- Bəs mədəniyyət, turizm, ticarət sahələrində əməkdaşlıq necədir?

- Mədəni sahədə əməkdaşlığımız var əlbəttə. Məsələn, təhsil sahəsində, yazarlarımız arasında əməkdaşlıq davam edir. Amma bu mədəni münasibətlər bir az dövlət münasibətləri şəklinə gələ bilsə, daha yaxşı olardı. Yəni dövlət rəsmilərimiz, nazirlərimiz Azərbaycana gedə bilməli, Azərbaycan nazirləri bura gələ bilməlidir. Bizim xarici işlər nazirlərimiz Nyu-Yorkda görüşə bilirlər, amma Kiprdə yox. Turizm sahəsində çox sayda azərbaycanlı bura gəlir, bizim insanlarımız da Azərbaycana səfər edirlər. Hazırda universitetlərimizdə təhsil alan çoxsaylı azərbaycanlı tələbə var. Yaxşı olar ki, bizim tələbələr də Azərbaycana daha çox gedə bilsinlər. Azərbaycanla münasibətləri nə qədər isti nöqtəyə apara bilsək, bunun iki xalq üçün o qədər çox yararlı ola biləcəyini düşünürəm.