Latviya Azərbaycanın Aİ bazarlarına ixracı üçün körpü ola bilər – XİN dövlət katibi Müsahibə

Latviya Azərbaycanın Aİ bazarlarına ixracı üçün körpü ola bilər – XİN dövlət katibi

Trend-in Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşslə özəl müsahibəsi

İlin əvvəlindən iqtisadi əməkdaşlığın yekunları barədə

"Məmnunluqla qeyd etməliyəm ki, iki ölkə arasında ticarət təmasları uğurla inkişaf edir, biznesin marağı artır. 2020-ci ildə COVID-19 pandemiyasına baxmayaraq iki ölkə arasında ticarət dövriyyəsi 2,4 faiz artıb. İkitərəfli ticarət statistikası 2021-ci ilin doqquz ayı ərzində artım tempini saxlayır", - dövlət katibi deyib.

O əlavə edib ki, Latviyanın Azərbaycana əsas ixrac məhsulları ərzaq, əczaçılıq məhsulları və elektrik avadanlıqlarıdır.

"Azərbaycandan idxal isə əsasən polad və plastik kütlədən ibarətdir. İstehsalçılar, həm də səfirliklərin dəstəyi ilə ticarət şəbəkələrində məhsul çeşidlərinin genişləndirməyə çalışır", - deyə A.Pelşs bildirib.

Dövlət katibinin sözlərinə görə, Latviya ilə Azərbaycanın əmtəə ticarəti sahəsində əməkdaşlıq miqyası pandemiyayaqədərki səviyyəyə çatır.

“Amma xidmət ticarəti sahəsində göstəricilər həmidn dövrlə müqayisədə geri qalır. Bunu onunla izah etmək olar ki, bizim xidmət ticarətimiz əsasən turizm sektorunda sərnişin daşımaları ilə əlaqəlidir və bu sahə hazırda ağır günlərini yaşayır. Amma artıq 2022-ci ilin aprelində “Air Baltic” milli aviaşirkətimiz Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyi planlaşdırır. Əminəm ki, bu qarşılıqlı işgüzar təmaslara, eləcə də turizmin canlanmasına təkan verəcək”, - A.Pelşs deyib.

O qeyd edib ki, Latviya birgə mədəni, tədris və tədqiqat layihələrinin reallaşdırılması üzrə əməkdaşlığı genişləndirmək istəyir.

“Mən xüsusilə təhsil sahəsində əməkdaşlığı vurğulamaq istərdim. 170-ə yaxın azərbaycanlı tələbə Latviya ali tədris müəssisələrində təhsil alır, biz bu rəqəmin artmasından şad olardıq. Hər il Latviya hökuməti tədris və beynəlxalq yay məktəblərində iştirak üçün müəyyən sayda təqaüd ayırır”, - dövlət katibi bildirib.

Nəqliyyat sahəsində imkanlar

"Azərbaycan Cənubi Qafqazda nəqliyyat və logistika sektorunda əməkdaşlıq üzrə Latviyanın vacib tərəfdaşıdır. Bizim nəqliyyat ekspertlərimiz Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə tranzit yüklərin daşınmasının inkişafı üçün potensial görür. Biz Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında multimodal nəqliyyat əlaqələri üzrə tərəfdaşa çevrilə bilərik. Latviyanın Azərbaycandan Aİ bazarlarına ixracı üçün körpüyə çevrilmək potensialı var. Biz Azərbaycanın müəssisələrinə təkcə limanlarmız vasitəsilə məhsul nəqlini deyil, həm də onların saxlanmasını, təkrar emalını və Şimali Avropada paylanmasında yardım imkanlarını təklif edirik", - deyə dövlət katibi bildirib.

O vurğulayıb ki, daha bir perspektivli əməkdaşlıq istiqaməti yük aviadaşımalarıdır.

"Riqa beynəlxalq hava limanı yerli yükdaşıma agentləri ilə birgə yük aviadaşımalarının Baltik və Skandinaviya ölkələrinə yönləndirilməsini təmin edə, eləcə də Azərbaycan tərəfinə Avrasiya üzrə daşımaların inkişafını təklif edə bilər", - A.Pelşs deyib.

Bərpa olunan enerji sahələrində əməkdaşlıq perspektivləri

“Latviya günəş qurğularının hazırlanması, tədqiqatlar, texnoloji tədqiqatlar sahələrində Azərbaycanla əməkdaşlığı müsbət qiymətləndurur. Biz beynəlxalq investorları Latviyada fəaliyyətlərini genişləndirməyə çağırırıq, belə ki, ölkənin daxili bazarında idxal olunmuş 22-24 faiz təbii qazı bərpa olunan enerji mənbələri əsasında daxili generasiya gücləri ilə əvəz etmək lazımdır”, - dövlət katibi bildirib.

A.Pelşs vurğulayıb ki, Latviya zərərli tullantılarımn azaldılması və 2050-ci ilədək makroiqtisadi göstəricilərin karbon tullantılarının neytral səviyyəsinə çatdırılması üzrə ümum-Avropa ambisiyalarını bölüşür.

O bildirib ki, Latviyanın daxili enerji balansında təbii qazın rolu son onillikdə bazar, texnoloji və regional amilləri ilə əlaqədar azalıb.

“Latviyada əsas bərpa olunan enerji mənbəsi biokütlə, daha sonra su elektrik stansiyalarında hazırlanan enerjidir. Dayanıqlı enerjiyə, xüsusən də külək və günəş enerjisinə investisiyaların təmin olunması strateji prioritet kimi qəbul olunur”, - deyə o bildirib.

İnvestisiya imkanları

Dövlət katibinin sözlərinə görə, 2021-ci ilin ikinci rübündə Azərbaycandan Latviyaya birbaşa investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azalıb.

“Latviyada İKT sektoru ən sürətlə inkşaf edən sahəyə çevrilib. Latviyanın İKT sektorunda təkilf etdiyi prioritet əməkdaşlıq istiqamətləri bioiqtisadiyyat, biotibb, və intellektual enerji məhsullarını ön plana çəkir. Bizim ikitərəfli münasibətlərimizdə biznes imkanları və biznesin inkişafı əhəmiyyətli rol oynayır. Ona görə də Latviyanın biznes ictimaiyyəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlı olsa, Latviyanın Bakıdakı səfirliyi mümkün olan köməyi göstərməyə hazırdır”, - deyə o bildirib.

Gələcək təmaslar

A.Pelş qeyd edib ki, Gələn il Riqada Latviya-Azərbaycan İqtisadiyyat, sənaye və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək.

"Qeyd etmək istəyirəm ki, Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə müntəzəm siyasi dialoq dəstəklənir. Yaxın zamanlarda yüksək səviyyədə görüşlər planlaşdırılır. Gələn ilin əvvəlində Milli Məclisin spikeri Sahibə Qafarovanın Riqaya və Latviyanın müdafiə naziri Artis Pabriksin Bakıya səfərləri gözlənilir", - deyə o bildirib.