Türkiyədəki “Twitter” qadağası presedenti Siyasət

Türkiyədəki “Twitter” qadağası presedenti

Rövşən Ziya: "Azərbaycan buna nəzarət edəcək güclü bir bazanın yaradılmasına nail olmalıdır"
Cəmaləddin Həsənoğlu: "Sosial şəbəkləri medianın bir hissəsi kimi görürüksə, demək bu şəbəklər də media ilə bağlı həm sosial, həm siyasi, həm iqtisadi qanunvericiliyə əməl etməlidir"

Türkiyədəki siyasi proseslər bölgə və dünya mediası tərfindən maraqla izlənilir. Son günlər isə ən çox müzakirə olunan məsələ "Twitter"in qapadılması ilə bağlıdır.
Onu da bildirək ki, "Twitter" Türkiyəni məhkəməyə verib.
Sosial şəbəkə Türkiyədəki giriş qadağasının qanuni əsasının olmadığı iddiasıyla məhkəməyə müraciət edib. Bu barədə "Twitter"in ümumi hüquq məsləhətçisi Vijaya Qaddi "Blog.twitter.som" ünvanından açıqlama verib. O qeyd edib ki, türk vəkillərlə araşdırma etdik və iddia qaldırmaq üçün məhkəməyə şikayət ərizəsi verdik: "Türk hökumətinin Twitter-ə girişi qadağan etməsindən altı gün keçib. Bu müddət ərzində narahatlıqlarını dinləmək, platformumuzun necə çalışdığı barədə məlumat vermək və problemə bir həll tapa bilmək üçün türk rəsmiləri ilə görüşdük. Ancaq hələ də Türkiyədəki milyonlarla adamın Twitter-dən istifadəsinə icazə verilmir. Bu səbəblə Twitter-ə giriş qadağasına qarşı çıxmaq üçün son bir neçə gündür müxtəlif türk məhkəmələrində müstəqil türk vəkillərlə apardığımız araşdırmalardan sonra iddia açmaq üçün ərizə verdik. Qadağanın icrasının ləğvi üçün bizə Türkiyədən jurnalistlər, mütəxəssislər və beynəlxalq birlik də dəstək verir".
Xatırladaq ki, Türkiyədə dünyanın ən populyar sosial şəbəkələrindən sayılan "Twitter" bir həftə öncə bağlanılıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, "Twitter"in-filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.
Yayılan son məlumatlara görə isə, Türkiyədə məhkəmə "Twitter" sosial şəbəkəsinə qoyulmuş qadağaya xitam verilməsi ilə bağlı qərar qəbul edilib. "Hurriyet Daily News"a istinadən verdiyi məlumata görə, bu barədə qərar Ankara 15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.
Qeyd edək ki, Türkiyədə hökumətin tələbi ilə martın 21-də "Twitter" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Buna etiraz olaraq Türkiyə Hüquqşünaslar Birliyi, Ankara Hüquqşünaslar Birliyi, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-li millət vəkili Oqtay Vural Ankara 15-ci İnzibati Məhkəməsinə müraciət etmişdi. Türkiyə Telekommunikasiya Başkanlığı qanunlara görə, məhkəmə qərarını dərhal icra etməlidir.
Bununla belə, Başkanlığın qərardan şikayət vermək hüququ var. Şikayət Bölgə İnzibati Məhkəməsinə verilə bilər. Lakin şikayət etməzdən öncə qərar icra olunmalıdır, başqa sözlə, Telekommunikasiya Başkanlığının "Twitter"-ə girişi əngəlləmək haqqı yoxdur. "Twitter"-ə giriş yalnız Bölgə İnzibati Məhkəməsinin müvafiq qərarından sonra bağlana bilər. Bu müddətdə Telekommunikasiya Başkanlığı "Twitter"ə girişi açıq saxlamaq məcburiyyətindədir.
Konstitusiya Məhkəməsi də "Twitter" qadağası ilə bağlı müraciətlərə baxaraq, qərar verəcək.
Son olaraq CHP-nin başqan müavini Sezgin Tanrıkulu "Twitter" qadağasının götürülməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Ümumiyyətlə Türkiyədə "Twitter" qadağası presedenti nə vəd edir? Sosial şəbəkələrin ayrı-ayrı ölkələrin qanunvericiliyinə əməl etməsi üçün hansı addım atılmalıdır?
Jurnalist Rövşən Ziya "demokratik quruluşu olan dövlətlərin heç birində vətəndaşların hüququnu əlindən alan qanunlar qəbul edilmir. Biz bu praktikaya yalnız bir neçə il öncə İranda rast gəldik",- deyə məsələyə münasibət bildirib: "Türkiyə kimi demokratik bir dövlətdə sosial şəbəkəyə qadağanın qoyulması fikrimcə, baş nazir Rəcəb Tayyib Ərdoğanın zəif addımıdır. Bunun da səbəbi onunla bağlıdır ki, son vaxtlar "Twitter" sosial şəbəkəsində Türkiyənin bəzi siyasət adamları, ayrı-ayrı şəxslər, hətta sadə vətəndaşlar belə tənqidi fikirlər səsləndirirlər. Çox güman ki, Ərdoğan da bu tənqidlərin qarşısını almaq üçün belə bir addım atıb.
Belə düşünrəm ki, artıq bütün ölkələrdə, o cümlədən də Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunvericilik bazası yaradılmalı və bu məsələ qanunla tənzimlənməlidir. Çünki, ölkəmizdə də sosial şəbəkələr vasitəsi ilə çoxlu sayda yanlış informasiyalar yayımlanır. Nəzərə alaq ki, bu informasiyaları vətəndaşlarımızdan daha çox xarici vətəndaşlar, xarici ölkələrin, o cümlədən torpaqlarımızı işğal edən Ermənistanın xüsusi kəşfiyyat orqanları gündəlik izləyirlər. Bunların qarşısını almaq üçün Azərbaycan parlamenti bir layihə hazırlamalı, vətəndaşların hüquqlarını əlindən almamaq şərti ilə güclü qanun qəbul etməli və buna nəzarət edəcək güclü bir bazanın yaradılmasına nail olmalıdır".
Vətəninfo.az İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, Türkiydə "Twitter"in qadağan edilməsi ilə bağlı Telekamunikasiya Baş İdarəsinin vermiş olduğu qərar müəyyən məhkəmə qərarları ilə həyata keçirilmişdi: "Təbii ki, burda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rolu danılmazdı. Ancaq bu günlərdə Türkiyə Böyük Millət Məclisinin internet media, eyni zamanda digər internet resursları ilə bağlı qəbul etdiyi qərarda açıq şəkildə təsbit edilib ki, hər hansı bir internet resursunda bu və ya digər şəkildə insanların şərəf və ləyaqətini alçaldan nüanslar yer alarsa, o zaman həmin internet resursuna xəbərdarlıq edilməli, xəbərdarlığa əməl edilmədikdə müvafiq ölçü götürülməlidir. Elə ötən gün "Twitter"in bağlanması ilə bağlı qərara etiraz olaraq məhkəməyə edilən müraciət və bu müraciətlə bağlı məhkəmənin vermiş olduğu qərar "Twitter"in bağlanması ilə bağlı digər məhkəmələrin vermiş olduğu qərarın yanlış olduğunu ortaya qoydu. Bunun digər ölkələr üçün bir nümunə ola biləcəyinə gəlincə isə, onu deməliyəm ki, müasir dünya informasiya dünyasıdır. Əgər biz, texnalogiyalar dövründə yaşayırıqsa müasir texnalogiyalar ciddi şəkildə əngəlləri aşacaq gücdədir. Ona görə də Türkiyənin yolunu getmək istəyən dövlətlər bunu diqqətə almalıdırlar. Azərbaycanda şükürlər olsun ki, belə bir abu-hava yoxdu. Eyni zamanda internet medianın, ümumilikdə internet resurslarının daha da güclənməsində dövlət və mövcud itidar da maraqlıdır".
Jurnalist İmdad Həsənli dedi ki, Türkiyədəki qadağanın başqa ölkələrə yayılacağını gümün etmir: "Çünki hazırda Türkiyədə bələdiyyə seçki kampaniyası gedir və Rəcəb Tayyib Ərdoğan iqtidarı ilə müxalifət arasında böyük çəkişmə var, tərəflər qızğın seçki kapmaniyası aparırlar. Seçki ərəfəsində emosiyalar coşur, əsəblər tarıma çəkilir. Seçki kampaniyasına baxanda adama elə gəlir ki, seçkidə qalib gələn məğlub olanı məhv edəcək. Amma seçkidən sonra emosiyalar soyur, hər şey öz axarına düşür. Türkiyədə "Twitter" qadağası seçki emosiyası fonunda atılmış addımdır. Ona görə də bunun president olacağını, başqa ölkələrə də yayılacağını gözləmirəm. Sosial şəbəkələr və burada təmsil olunanlar da bilməlidirlər ki, bura özbaşılanlıq yeri deyil. Ölkə qanunvericiliyi hər yerdə, o cümlədən sosial şəbəkələrdə keçirli olmalıdır".
Jurnalist Cəmaləddin Həsənoğlu diqqətə çatdırdı ki, buna bənzər məhkəmə davaları Google və Avropa ölkləri arasında da yaşanıb: "Eləcə də digər sosial şəbəklərlə bağlı Britaniya, Hindistan və ABŞ-da müəyyən məhkəmə prosesləri keçirilib. Amma həmin məhkəmələr daha çox reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Media azadlığından danışır və sosial şəbəkləri medianın bir hissəsi kimi görürüksə demək bu şəbəklər də media ilə bağlı həm sosial, həm siyasi, həm iqtisadi qanunvericiliyə əməl etməlidir".

Əli