“Ümidsizliyin günahı ATƏT-dədir” Siyasət

“Ümidsizliyin günahı ATƏT-dədir”

Elxan Şahinoğlu: "ATƏT-in Minsk qrupu Ermənistana Dağlıq Qarabağ və ətraf əraziləri tərk etmək üçün təsir etməyənə qədər cəbhədə vəziyyət gərgin qalacaq"

Dağlıq Qarabağ münaqişəsinin həlli qısa müddətdə real görünmür.
Azadinform Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-dan olan siyasi ekspert Paul Stronski keçirdiyi onlayn mətbuat konfransında deyib. Münaqişənin həllində irəliləyişin Ermənistan və Azərbaycanın kompromislərə getməsindən asılı olduğunu deyən Stronski bildirib ki, qoşunların təmas xətti və sərhəd boyunca baş verən toqquşmalar kompromis əldə ediləcəyinə heç bir işarə göstərmir. Stronski bu mənada sentyabrda Azərbaycan və Ermənistan prezidentlərinin baş tutacaq görüşünə yüksək ümidlər bəsləmədiyini də deyib.
Amerikalı ekspertin fikirlərini şərh edən politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu ümidsizliyin günahı da elə ATƏT-dədir: "BMT Baş Assambleyasının sessiyası hər il keçilir və prezidentlərin sessiya çərçivəsində görüşü məsələsi müzakirə edilir. Lakin bu o demək deyil ki, onlar mütləq şəkildə görüşəcək".
Politoloqun sözlərinə görə, münaqişənin həlli ilə bağlı danışıqlar prosesində hələ ki, ciddi bir irəliləyiş yoxdur: "ATƏT-in Minsk qrupu Ermənistana Dağlıq Qarabağ və ətraf əraziləri tərk etmək üçün təsir etməyənə qədər cəbhədə vəziyyət gərgin qalacaq".
Politoloq öz proqnozlarına əsasən bildirib ki, ola bilsin ki, prezidentlər görüş xatirinə görüşməsin.
O, həmçinin rusiyalı plitoloqun Qəbələ RLS hqqında açıqlamasına da münasibət bildirib. "Kremlin məqsədi heç də Azərbaycanı qorumaq deyil, yenidən hərbi varlığını Azərbaycana qaytarmaqdır", -deyən Elxan Şahinoğlu qeyd edib: "Azərbaycan mediasında rusiyalı politoloq Vitali Arkova istinadən belə bir xəbər yayılıb ki, Rusiya Qəbələdəki stansiyasını yenidən bərpa etsə guya bu, Azərbaycan ərazisinin müdafiəsi imkanlarını da xeyli genişləndirəcək. Fərz edək ki, Rusiya ilə yanaşı Azərbaycan da hansısa dövlətin nüvə hücumu təhlükəsi ilə üzləşə bilər və cənub istiqamətində buraxılan raketin trayektoriyasının müəyyənləşdirilməsinə ehtiyac yarana bilər. Ancaq bunun üçün RLS-i Qəbələyə qaytarmağa heç bir ehtiyac yoxdur. Əgər Rusiya Azərbaycanı özünə dost dövlət sayırsa, həmin raketin trayektoriyasını Armavirdəki RLS-dən izləyib Azərbaycana xəbər verə bilər. Məsələ burasındadır ki, Armavirdəki RLS bütün cənub istiqamətini nəzarətdə saxlamağa imkan verir və Qəbələdəki keçmiş stansiyanın bütün imkanlarını özündə ehtiva edir. Ona görə də elə rusiyalı politoloqun da açıqlamasından görünür ki, Kremlin məqsədi heç də Azərbaycanı qorumaq deyil, yenidən hərbi varlığını Azərbaycana qaytarmaqdır. Buna isə biz razı ola bilmərik", - deyə E. Şahinoğlu qeyd edib