Elmlər Akademiyaları və onların analoqları - DÜNYA TƏCRÜBƏSİ Siyasət

Elmlər Akademiyaları və onların analoqları - DÜNYA TƏCRÜBƏSİ

Ötən gün AzTV-də Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı efirə getmiş tənqidi material mediada geniş müzakirəyə səbəb olub. Xatırladaq ki, materialda AMEA-da hökm sürən, faktiki fəaliyyətsizliyə, idarəçilik və strukturdakı nöqsanlara toxunulub. Ümumiyyətlə, əvvəllər də vaxtaşırı ictimaiyyət arasında AMEA-nın müasir tələblərə uyğun gəlmədiyi haqda fikirlər səslənib. Bir çoxlarının fikrincə, köhnə sovet sistemindən qamış AMEA bu günlə ayaqlaşa bilmir.

Bəs, bu məsələdə dünya təcrübəsi nə deyir?

Amerika Birləşmiş Ştatları

ABŞ-da fundamental elm dövlət tədqiqat laboratoriyalarında və institutlarında, universitetlərdə, iri korporasiyaların tədqiqat şöbələrində, həmçinin bəzi özəl qeyrikommersiya təşkilatlarında (fondlarda) cəmləşmişdir.

Elmin dəstəklənməsi ilə məşğul olan əsas federal agentlik 1950-ci ildə Konqres tərəfindən
“millətin sağlamlığını, firavanlığını və rifahını yaxşılaşdırmaq üçün elmi inkişaf etdirmək;
milli müdafiəni gücləndirmək üçün ... " yaradılmış Milli Elm Fondudur (National Science
Foundation - NSF). Fond ABŞ Prezidenti tərəfindən təyin edilən və Senat tərəfindən
təsdiqlənən şura və direktor tərəfindən idarə olunur.

NSF ABŞ hökumətinin dəstəyi ilə universitet və kolleclərdə aparılan fundamental elmi
tədqiqatların təxminən 20%-ni maliyyələşdirir. Bəzi sahələrdə (riyaziyyat, informatika və
sosial elmlər) bu fond dövlətin əsas maliyyə mənbəyidir. NSF digər tədqiqat mərkəzlərinin
birgə tədqiqatlarına, beynəlxalq tədqiqatlara, arktik stansiyalara, okean gəmilərinə,
laboratoriyalara subsidiya, və hər il bir neçə min stipendiya verir.

NSF-dən əlavə, Milli Sağlamlıq İnstitutları, Enerji Departamenti, NASA, Müdafiə
Departamenti, Kənd Təsərrüfatı Departamenti və Daxili Təhlükəsizlik Departamenti də əsas elmi maliyyələşdirmə və dəstək proqramlarını həyata keçirir. Ümumiyyətlə, ABŞ-da
fundamental tədqiqatların 50-60%-i dövlət kanalları vasitəsilə maliyyələşdirilir.
ABŞ-da elmin maliyyələşdirilməsi mənbələri aşağıdakı kimi bölüşdürülür (UNESCO-nun
2010-cu il məlumatı): 27% - federal hökumət, 67% - özəl sektor, 7% - yerli hökumət,
universitetlər, özəl qeyri-kommersiya təşkilatları. Eyni zamanda, bütün maliyyə
vəsaitlərinin 17%-i fundamental tədqiqatlara, 22%-i tətbiqi tədqiqatlara, qalanı isə (60%) son məhsulun hazırlanmasına yönəldilir.

ABŞ-da bir neçə Elmlər Akademiyası da mövcuddur (National Academies of Sciences,
Engineering, and Medicine). Lakin o, ancaq görkəmli alimlərin daxil olduğu elm üzrə
məsləhətçi orqan statusu daşıyır. Akademiya öz tədqiqatlarını aparmır, o, Ford, Rokfeller,
Sloan fondları və qismən də NSF tərəfindən maliyyələşdirilir.

Birləşmiş Krallıq

Böyük Britaniya ÜDM-də elmi-tədqiqat və inkişaf xərclərinin ən yüksək payına sahib olan
ölkələr sırasındadır və ən səmərəli elmi idarəetmə sistemlərindən birinə malikdir. Elmi
tədqiqatlar dövlət qurumlarında və mərkəzlərində, universitetlərdə, korporasiyaların elmitexniki şöbələrində aparılır. 1915-ci ildə İngiltərədə elmi idarə etmək üçün ilk müasir
bürokratik sistem - Elmi və Sənaye Tədqiqatları Departamenti yaradılmışdır (1965-ci ildə
ləğv edilib). Dövlət elmi-tədqiqat işlərinin əsas maliyyə mənbəyi olaraq qalır və bu, idarə və nazirliklərin büdcələri hesabına həyata keçirilir, məsələn: Department for Business, Energy and Industrial Strategy (BEIS) – UKRİ vasitəsilə elmi tədqiqatların maliyyələşdirilməsini həyata keçirir.

Müdafiə Departamenti (DoD) müxtəlif tədqiqat institutlarına resurslar ayırır və öz
sahəsində R&D siyasət və proqramlarını əlaqələndirir.

Elmin dövlət maliyyələşdirilməsi həm də tədqiqat şuraları adlanan qurumlar vasitəsilə
həyata keçirilir (onların bir çoxu təkcə ölkədə deyil, həm də xaricdə tədqiqatları
maliyyələşdirir. UK Research and Innovation (UKRI) universitetlərdə və kolleclərdə təhsil,
tədqiqat və əlaqəli fəaliyyətlər üçün dövlət vəsaitlərinin paylanmasına cavabdehdir;
İncəsənət və Humanitar Elmlər Araşdırma Şurası (Arts and Humanities Research Council
- AHRC) incəsənət və humanitar elmlərdə tədqiqatları dəstəkləyir; Biotexnologiya və Həyat Elmləri Tədqiqat Şurası (Biotechnology and Biological Sciences Research Council -
BBSRC) fundamental tədqiqatların əsas sponsorudur. Strateji Mühəndislik və Fiziki
Tədqiqatlar Şurası (Engineering and Physical Sciences Research Council -EPSRC) -
mühəndislik və təbiət elmləri sahəsində tədqiqat və təlim üçün maliyyə dəstəyi; İqtisadi və
Sosial Araşdırmalar Şurası (Economic and Social Research Council - ESRC), Tibbi
Tədqiqatlar Şurası (Medical Resaerch Council - MRC); Ətraf Mühitin Tədqiqatları Şurası
(Natural Environment Research Council - NERC). Onlardan Elm və Texnologiya Şurası
(Science and Technology Facilities Council - STFC) bütün dünyada alim və mühəndisləri
dəstəkləyən Avropanın ən böyük fənlərarası tədqiqat təşkilatlarından biridir. O,
astronomiya, hissəciklər fizikası, kosmik elmlər, nüvə fizikası üzrə tədqiqatları əhatə edir və Böyük Britaniyaya dünya səviyyəli tədqiqatlara çıxışı təmin edir. Əsasən ekspert və təhsil funksiyalarını yerinə yetirən və AMEA-nın analoqu sayıla bilən bir neçə elmi birlik var. Onlardan ən məşhuru Kral Cəmiyyəti - Böyük Britaniya və Birlik ölkələrinin Milli Elmlər Akademiyasıdır (tam dövlət tərəfindən maliyyələşdirilir və lakin qərar qəbul etməkdə avtonom müstəqildir). Digərlərinə misal olaraq, Britaniya Akademiyası - Milli Humanitar və Sosial Elmlər Akademiyası; Kral Coğrafiya Cəmiyyəti; Kral Mühəndislik Akademiyası; Kral Astronomiya Cəmiyyəti; Britaniya Elm Tarixi Cəmiyyəti.

Bu təşkilatlardan ən əhəmiyyətlisi 17-ci əsrin ortalarında yaradılmış Kral Cəmiyyəti, daha
dəqiq desək, Təbiət Biliklərinin Təkmilləşdirilməsi üzrə London Kral Cəmiyyətidir (The
Royal Society of London for Improving Natural Knowledge). O, ölkənin mindən çox aparıcı alimini və xarici üzvləri birləşdirir, Britaniya Elm Şurasının üzvüdür və milli elm siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində ən mühüm ekspert orqanıdır. Akademiyada üzvlük fərdidir.

Almaniya

Almaniyada tədqiqat idarəetmə sistemi federal və əyalət səviyyələri arasında səpələnmişdir. Federal səviyyədə elm və texnologiya siyasəti Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən formalaşdırılır, İqtisadiyyat və Texnologiyalar Nazirliyi isə innovasiyaların yaradılması və həyata keçirilməsinə cavabdehdir. Regional səviyyədə elmi siyasətin formalaşdırılması Təhsil Nazirliyinə və İqtisadiyyat Nazirliyinə həvalə olunur.

Almaniyada bütün elmi siyasəti əlaqələndirən vahid qurum yoxdur. Bu səviyyədə yalnız Almaniya Elm Şurası fəaliyyət göstərir, o, federal hökumətə tədqiqat və ali təhsillə bağlı
məsləhətlər verir (ABŞ Elmlər Akademiyasına bənzər funksiyalar).

Dövlət səviyyəsində Düsseldorfdakı Şimali Reyn-Vestfaliya Elmlər Akademiyası,
Münhendəki Bavariya Elmlər Akademiyası, Berlin-Brandenburq Elmlər Akademiyası,
Saksoniya Elmlər Akademiyasının daxil olduğu Alman Elmlər Akademiyaları İttifaqı var. Leypsiqdə, Heydelberqdə, Göttingendə Elmlər Akademiyası, Maynsda Elmlər və
Ədəbiyyat Akademiyası mövcuddur.

Almaniyada elmi tədqiqatlar (əsas və ya tətbiqi), Akademiyalar İttifaqı və bir çox
universitetlərdən başqa, dörd böyük dövlət tədqiqat təşkilatı tərəfindən həyata keçirilir:
Maks Plank Cəmiyyəti (geniş profilli əsas tədqiqat), Fraunhofer Cəmiyyəti (korporasiyalar
və müəssisələrin sifarişi ilə tətbiqi tədqiqat), Helmholtz Assosiasiyası (elmi, texniki və
bioloji-tibbi sahələrdə tədqiqat mərkəzləri kompleksi) və Leibniz Assosiasiyası (əsasən
sosial-iqtisadi, psixoloji və siyasi tədqiqatlar).

Bu təşkilatların ən böyüyü Maks Plank Cəmiyyətidir. O, ümumi heyəti 20.000-dən çox işçisi olan 80 elmi-tədqiqat institutu və təşkilatı özündə birləşdirir və universitetlər və
Akademiyaların bölmələri üçün çox çətin olan tədqiqatları (o cümlədən, fənlərarası xarakter daşıyan və çox yüksək xərclərlə müşayət olunan) aparmağa qadirdir.

Maks Plank Cəmiyyəti də AMEA kimi dövlət tərəfindən maliyyələşdirilir və ən mühüm
fundamental tədqiqatları aparır. Amma eyni zamanda, bütün əmlakına tam sahiblik edir,
həm də tədqiqatın istiqamətlərini və məzmununu seçməkdə muxtariyyətə malikdir. Bu
muxtariyyət yalnız Cəmiyyətin Senat adlanan mərkəzi orqanı tərəfindən məhdudlaşdırılır
ki, bu quruma 22 aparıcı alimdən əlavə 10 siyasətçi və dövlət xadimi, 7 ictimai təşkilat və
həmkarlar ittifaqı nümayəndəsi, 6 maliyyə təşkilatı nümayəndəsi və 4 biznes nümayəndəsi daxildir.

Fransa

Bu gün Fransada fundamental elmi inkişaf etdirən əsas təşkilat Milli Elmi Tədqiqat
Mərkəzidir (CNRS, Centre National de la Recherche Scientifique, CNRS). CNRS 10 tədqiqat institutunda və 7 departamentdə minlərlə alimi bir araya gətirir. Onun dövlət statusu və maliyyələşməsi, yüksək elmi muxtariyyət dərəcəsi Almaniyadakı Maks Plank Cəmiyyətinin statusuna çox yaxındır.

Çin

Çində Elmlər Akademiyası 1949-cu ildə Pekində Nankindəki Mərkəzi Tədqiqat
Akademiyasının və Pekin Tədqiqat Akademiyasının bazasında yaradılmışdır. Eyni
zamanda, Çin Xalq Respublikası Elmlər Akademiyası ilkin mərhələdə SSRİ Elmlər
Akademiyasından kadrların hazırlanmasında və tədqiqatların genişləndirilməsində böyük
köməklik almışdır. Müvafiq olaraq, funksiyalarına və təşkilati strukturuna görə Çin Xalq
Respublikası Elmlər Akademiyası SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər
Akademiyasına yaxındır. Əsas fərq ondan ibarətdir ki, Çin Xalq Respublikası Elmlər
Akademiyası humanitar tədqiqatlar aparmır.

Çin Xalq Respublikasının Elmlər Akademiyası təbiət elmləri sahəsində fundamental
tədqiqatlar üzrə aparıcı Çin mərkəzidir, 84 elmi-tədqiqat institutunu və iki universiteti
birləşdirir və beş şöbəni birləşdirir: riyaziyyat elmləri; fizika elmləri; kimya elmləri; yer
elmləri; texniki elmlər.

Çin Xalq Respublikasının Elmlər Akademiyası Elmlər Akademiyasının şöbələrini idarə edən və səkkiz nəfərdən (prezident, altı vitse-prezident və baş katib) daimi komissiya seçən Elmi Şura tərəfindən idarə olunur. Bundan əlavə, ölkənin bütün akademiklərindən ibarət Çin Elmlər Akademiyasının Sənaye Bölmələri Komitəsinə Çinin elmi-texniki sahədə ali məsləhət orqanı rolu həvalə edilib.

Qazaxıstan

Qazaxıstan Milli Elmlər Akademiyası 2003-ci ildən Prezidentin fərmanı ilə yaradılmış
ictimai birlik kimi fəaliyyət göstərir. Akademiyanın bütün elmi-tədqiqat institutları ayrı-ayrı
universitetlərin nəzdində fəaliyyət göstərir. Müstəqil Qərbi Avropa modeli sxemi üzrə
inkişaf edən Akademiyanın Nizamnaməsinə uyğun olaraq, Akademiya indi kollektiv
üzvləri, yəni elmi təşkilatlar və universitetləri də üzvlüyə qəbul edir. Artıq Qazaxıstan
Respublikası Milli Elmlər Akademiyasına 41 kollektiv üzv qəbul olunub - bunlar akademik
qurumlar, respublikanın milli və iri regional universitetləridir.

Litva

Litvada Elmlər Akademiyası 1941-ci ildən fəaliyyət göstərir. Akademiyada 5 bölmə (institut) var. Litvada elm siyasəti və tədqiqatların maliyyələşdirilməsi Litva Elmlər Akademiyası tərəfindən deyil, Litva Tədqiqat şurası tərəfindən həyata keçirilir. Litvanın Tədqiqat Şurası 1991-ci ildə milli səviyyədə elmin inkişafı problemlərinin həlli ilə məşğul olan ekspert institutu rolunu yerinə yetirmək üçün yaradılmışdır. Şura Litva Parlamentinin və Hökumətinin tədqiqat və tədqiqatçıların hazırlanması məsələləri üzrə orqanıdır, tədqiqatın proqram əsasında rəqabətli maliyyələşdirilməsini həyata keçirir, Litvanın ən mühüm elmi inkişafı proqramlarını idarə edir, tədqiqat fəaliyyətini qiymətləndirir və müxtəlif Avropa institutlarında və digər beynəlxalq təşkilatlarda Litva elmini təmsil edir.
Latviya Latviyada Elmlər Akademiyası milli statusa malik qurum olsa da sadəcə nüfuzlu alimlərin assosiasiyası kimi fəaliyyət göstərir. Yalnız iki elmi-tədqiat institutu akademiyaya bağlı qurum kimi fəaliyyət göstərir. Müstəqillikdən sonra Latviya Elmlər Akademiyasının elmitədqiqat isntitutları universitetlərə verilmişdir. Latviyada elm siyasəti və tədqiqatın
maliyyələşdirilməsi Təhsil və Elm Nazirliyi yanında Latviya Elm Şurası tərəfindən həyata
keçirilir.

Estoniya

Estoniyada da Elmlər Akademiyası Litva Akademiyası yolu ilə getmiş və tədqiqat
institutlarını universitetlərə vermişdir. Hazırda Estoniya Elmlər Akademiyası alimlərin
assosiasitiv qurubmudur, publik hüquqi şəxsdir və və Avropa elmi təşkilatları arasında
Estoniya elminin təmsilçisidir.

Polşa

Polşa Elmlər Akademiyası 70 elmi-tədqiqat institutunu birləşdirir və ölkənin elmi
tədqiqatlar həyata keçirən əsas qurumudur. Akademiya dövlət büdcəsindən maliyyələşir.
Bu cəhətdən AMEA ilə oxşarlıq təşkil edir. Lakin Polşa Elmlər Akademiyasından kənar 112
elmi-tədqiqat instututu da mövcuddur. Hal-hazırda PEA-nın institutlarının bir çoxunun
universitetlərə verilməsi ilə bağlı Avropa İttifaqının təklifləri nəzərdən keçirilməkdədir.
PEA baş nazir qarşısında hesabatlı olsa da büdcəni Polşa Elm və ali təhsil nazirliyindən alır.

Çexiya

Çexiya Elmlər Akademiyası keçmiş Çexoslovakiya Elmlər Akademiyasının varisi kimi 1992- ci ildə yaradılmışdır. O, 54 dövlət elmi-tədqiqat müəssisəsindən ibarət kompleksi əhatə edir. ÇEA və onun institutlarının əsas missiyası təbiət, texniki və sosial elmlər və humanitar elmlərin geniş spektrində tədqiqat aparmaqdır. İstər yüksək ixtisaslaşmış, istərsə də fənlərarası xarakter daşıyan bu tədqiqat həm Çexiya cəmiyyətinin, həm də milli
mədəniyyətin spesifik ehtiyaclarını nəzərə alaraq beynəlxalq səviyyədə elmi biliklərin
inkişafını inkişaf etdirmək məqsədi daşıyır. Akademiya institutlarının tədqiqatçıları da
xüsusilə gənc tədqiqatçılar üçün doktorantura proqramları vasitəsilə və universitetlərdə
dərs deyərək təhsildə iştirak edirlər. Akademiya həmçinin tətbiqi tədqiqat və sənaye ilə
əməkdaşlığı inkişaf etdirir. Çex elminin beynəlxalq kontekstə inteqrasiyası çoxsaylı birgə
beynəlxalq tədqiqat layihələri və xaricdəki analoq institutlarla alimlərin mübadiləsi
vasitəsilə təşviq edilir. ÇEA əsasən dövlət büdcəsindən maliyyələşir.

Göründüyü kimi, bir sıra ölkələrdə bu və ya digər şəkildə Elmlər Akademiyaları fəaliyyət
göstərir. Bəzi hallarda onlar yalnız nüfuzlu alimlərin assossiasiyası, digər hallarda isə dövlət tərəfindən maliyyələşən müstəqil elmi təsisatlardır. Burdan çıxış edərək AMEA-nın da zamanın tələblərinə uyğun olaraq yenidən təşkili nəzərdən keçirilməlidir.