“Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq” Siyasət

“Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq”

Əli Həsənov: "Erməni millətinin genində xəyanət var"

"Ötən 20 il göstərir ki, kimdənsə kömək gözləmək nəticəsizdir. Ona görə də prezident İlham Əliyev ordunu, iqtisadiyyatı gücləndirmək yolunu seçib. Ordumuz güclənsə, düşmən başa düşə bilər ki, Azərbaycan öz torpaqlarını azad etməyə başlayar, hətta Zəngəzuru, Göyçəni, İrəvanı da azad edər. Bu güc nümayiş etdirilməsə, dünyadan nə isə gözləmək nəticəsiz olacaq".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ermənilərin İkinci Dünya Müharibəsində faşistlərə xidmət etməsi barədə sənədlərin Rusiya arxivlərində olduğunu söyləyən Ə. Həsənov bildirib ki, Rusiya dövlətinin bunu görməməzliyə vurması anlaşılmazdır: "Hiss etmirlər ki, erməni xalqı sabah da Rusiyaya xəyanət edə bilər? Çünki erməni millətinin genində xəyanət var. Bu gün Rusiyada bir çox yüksək vəzifələrə ermənilər yerləşdirilib. Bu ermənilər yüksək vəzifələrdə məqsədyönlü yerləşdirilib, Rusiya dövləti buna diqqət yetirməlidir. Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq. 10-12 il əvvəl Rusiyanın Krasnodar vilayətində kompakt yaşayan ermənilər baş qaldırmışdılar, müstəqillik istəyirdilər. Bu, Dağlıq Qarabağ probleminin həllinə mane olan Rusiyaya, Qərbə, Avropaya dərs olmalıdır. Biz kiçik dövlət, xalqıq, adətən, belə proseslərdə kiçik dövlətlər daha çox əziyyət çəkir. Ancaq prezident də dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Biz bu istiqamətdə arxayınlaşıb gözləməli deyilik. Biz hamımız ordumuza, əsgərimizə münasibətimizi dəyişməli, gənclərimizi orduya meylləndirməliyik. Məktəblərdə hərbi vətənpərvərliklə bağlı xüsusi proqramlar tərtib olunaraq dərsliklərə əlavə edilməlidir. Mətbuat da hərbi vətənpərvərlik mövzusunu mütəmadi diqqət mərkəzində saxlamalıdır".
Qeyd edək ki, Əli Həsənov dünən Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Kəlbəcərin işğalından danışıb: "Artıq ağlaşma dövrü arxada qalıb, gənclərimizi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlamalıyıq".
Azərbaycan ərazilərinin işğalı faktına digər dövlətlərin münasibəti barədə danışan Ə. Həsənov daha sonra bunları açıqlayıb: "Rusiya bilməlidir ki, İkinci Dünya Müharibəsində SSRİ-yə xəyanət edən, casusluq edən ermənilər bir gün Rusiyaya da xəyanət edəcəklər. Qərb də bunu bilir. Bəzən deyirlər ki, bir xalqın, dövlətin ünvanına bu sözləri demək olmaz. Ancaq ermənilərin ünvanına bunu demək olar. Erməni diasporu, Ermənistan dövləti türkdilli dövlətlərə qarşı siyasət aparır. Niyə yalnız Türkiyə və Azərbaycan erməni şovinizminə qarşı mübarizə aparır? Bəs digər türkdilli dövlətlər nə edir? Bu dövlətlərin rəhbərləri Ermənistana səfər edir, hətta biri 12 il əvvəl qondarma erməni genosidi abidəsinə əklil qoymuşdu.
Digər tərəfdən, işğal olunmuş ərazilərdə narkotik bitkilər yetişdirilir, bu, artıq dünyanın problemidir. Bizə demokratiyadan dərs keçməyə çalışırlar. Nə qədər ki, Qərb, qonşularımız ayılmayıb, bir zaman erməni terrorizmi, separatizmi ilə onlar da üzləşəcəklər".
Dövlət Komitəsinin sədri ilk növbədə işğal altındakı rayonların gənclərinin hərb sənətinə maraq göstərməli olduğunu bildirib: "İşğal altında olan rayonların gənclər hərbi təhsil almağa meyllənməlidir".
Əli Həsənov daha sonra deyib: "Doğma yurd-yuvamız həmişə yuxuma girir. Anam mənə demişdi ki, vəfat edəndə onu həyat yoldaşının yanında dəfn edim. Görün insanlar hansı vəziyyətlə üzləşiblər? Heydər Əliyev məni bu vəzifəyə təyin edəndə dedi ki, bəlkə sən bu insanları başa düşəsən. Elə məmurlar var ki, hələ də qaçqın və məcburi köçkünləri başa düşmürlər. Başa düşmürlər ki, bir gün onlar da qaçqın, məcburi köçkün həyatı yaşaya bilərlər".
Ə. Həsənov bildirib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə böyük güclər qısqanclıqla yanaşır: "Bizim problemi yaradan, ona səbəb olan bilməlidir ki, bir gün onun da qapısı bu problemlə döyüləcək. Avropa da bilməlidir ki, səkkiz başlı oyun oynamaq olmaz. Hər gün eşidirik ki, Suriyada minlərlə insan ölür. Niyə reaksiya vermirlər? Torpaqlarımız işğal olunanda niyə səslərini qaldırmadılar? Yeganə Türkiyə səsini qaldırdı. Biz də dünyanın gedişatına uyğun işimizi qurmalıyıq".
Torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyini vurğulayan Ə. Həsənov ilk növbədə məqsədin adət-ənənələri, milli xüsusiyyətləri saxlamaq olduğunu bildirib: "Mən beynəlxalq təşkilatların təmsilçiləri ilə söhbətdə dəfələrlə demişəm ki, torpaqlar qayıdacaq, bəs min illərlə formalaşan adət-ənənə necə bərpa olunacaq?"