Gömrük İttifaqı Azərbaycana lazım deyil Siyasət

Gömrük İttifaqı Azərbaycana lazım deyil

Bu ittifaq müstəqilliyimizə və iqtisadi siyasətimizə qarşıdır

Cavid

Azərbaycan rəqabətə davamlı bir ölkəyə çevrilib və Rusiya Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirir. Bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Serqey Qlazyev çıxış edib. Qalmaqallı Kreml rəsmisinin sözlərinə görə, Gömrük İttifaqının məqsədi yüksək texnologiyalı məhsulların hazırlanmasıdır. Ermənistanla bu yöndə reallaşdırıla biləcək məsələlər atom enerjisi, maşınqayırma və avadanlıq hazırlığı sahələrinin inkişafıdır.
Qlazyev Azərbaycanın Gömrük İttifaqına üzvlük məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda neft və neft məhsullarının təsirindən monoiqtisadi mühit formalaşıb. Bu, təbii ki, Azərbaycanın rəqabətə davamlı bir ölkəyə çevrilməsinə imkan yaradır. Bu sahədən əldə olunan gəlirlər ölkə daxilində sosial layihələrin həyata keçirilməsinə imkan yaradır. Rusiya Azərbaycanla bu sahə üzrə ayrılıqda, ikitərəfli əlaqələri onsuz da genişləndirməkdədir. Amma Gürcüstanla məsələ belə deyil".
Rusiya rəsmisi Gürcüstanın Gömrük İttifaqına üzlüyü perspektivinə toxunaraq davam edib: "Düşünürəm ki, əgər Abxaziya və Cənubi Osetiya ilə iqtisadi əlaqələrin genişləndirilməsini istəyirsə, Gürcüstan mütləq Gömrük İttifaqına üzv olmalıdır. Gürcüstan hələ də Avropa Birlyi ilə əlaqələrinin inkişafına səy göstərir. Məlumdur ki, Avropa Gürcüstandan Rusiyaya qarşı plasdarm kimi istifadə məqsədi güdür".
Rusiya rəsmisinin Azərbaycanı Gömrük İttifaqında görmədiyini deməsi istənilən halda həm də bu məsələni yenidən gündəmə gətirilməsi deməkdir, özü də Krım hadisələrindən sonra.
Qeyd edək ki, Rusiya hökuməti sözügedən ittifaqa üzvlük məsələsini bütün MDB ölkələrinə, o cümlədən Azərbaycana da təklif edib. Hətta son vaxtlar rəsmi Moskva bu məsələ ilə bağlı Azərbaycana qarşısı açıq şəkildə iqtisadi-siyasi təzyiqlər etməkdən də çəkinmir.
Azərbaycan bir növ Gömrük İttifaqının düyün nöqtəsi hesab olunur. Bəlkə də, MDB-də bu məsələdə ən çox dirəniş göstərən ölkə məhz Azərbaycandır. Əslində bir çox analitiklərin fikrinə görə, Gömrük İttifaqına üzvlük heç cür Azərbaycana sərf etmir. Bu birlik Azərbaycanın nə iqtisadi, nə də siyasi maraqlarını təmin edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri Gömrük İttifaqına qoşulmaq sualına 3 aspektdən yanaşırlar. Birinci aspektdə maraqlı tərəflə bağlı analiz (stakeholder analysis) siyasi aparılıb. Bəlli olub ki, qısamüddətli dövrdə Gömrük İttifaqının maraqlı tərəflərindən beynəlxalq cəmiyyət böyük ehtimalla ziyan çəkəcək. Bununla yanaşı, Azərbaycan biznes mühiti artan rəqabətdən bəhrələnərək inkişaf edə biləcək.
Maraqlı tərəflərə ola biləcək xeyir və ziyandan sonra adıçəkilən mərkəz qoşulmanın sektorial təsirini öyrənib.
Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sektorları təhlil olunaraq hər bir sektorada gözlənilən dəyişikliklər barədə informasiya verilib. Qoşulmadan sonra İT, tikinti və bank sektoru inkişaf etmək potensialına malik olsa da, kənd təsərrüfatına olan yüksək təhlükə bu inkişafı heçə endirə bilir. Çünki Azərbaycanda iqtisadi fəal əhalinin 37-38 faizi kənd təsərrüfatında işlə təmin olunub.
Tədqiqatdakı bu uzunmüddətli yanaşma ilə bərabər qısamüddətli təsirlər barədə analiz aparılıb. Qısamüddətli təsir reqressiya tənliyi və ekonometrik modellər vasitəsilə araşdırılıb. Modellərin tətbiqi zamanı bəzi reqressiya tənliklərini çıxmaq şərtilə əksəri yüksək statistik keyfiyyət göstərərək qoşulmanın iqtisadiyyatın ticarət dövriyyəsinə, büdcəsinə, inflyasiyasına və ÜDM-in artım tempinə müsbət təsir edəcəyini ortalığa qoyub. Yekun nəticəyə əsasən 2010-cu ildə Gömrük İttifaqı təsis olunan zaman Azərbaycan qoşulsaydı, iqtisadiyyat son 3 il ərzində orta hesabla əlavə 1,6 faiz bəndi (son 3 ildə 4,99 faiz) artmaq imkanına malik olacaqdı. Lakin eyni dövrün keyfiyyət analizi göstərdi ki, Gömrük İttifaqının cari üzvlərinin ticarət dövriyyəsi heç də Gömrük İttifaqının digər üzvləri ilə olan ticarət dövriyyəsinə görə artmayıb. Avropa İttifaqı, Çinlə və digər qeyri-Gömrük İttifaqı ölkələri ilə ticarət 2010-cu ilin 1 yanvarından sonra Gömrük İttifaqı üzvləri ilə olan ticarətdən daha çox artıb.
Bütün bunlar deməyə əsas verir ki, Gömrük İttifaqı özünün məqsədlərinə nail ola bilməyib. Layihə iqtisadi yox, siyasi olduğu üçün iqtisadi təhlil onun effektsizliyini üzə çıxarır.
Mərkəz öz növbəsində iqtisadi səmərəsiz olan bir layihəyə qoşulmağı faydasız hesab edir. Rusiyanın bu inteqrativ layihəsinə qoşulmaq məsələsi siyasi səbəblərdən aktuallaşarsa və geridönməz olarsa, mərkəz qoşulmanın Böyük Britaniya Avropa Birliyi ilə münasibətləri modelini təklif edir: Azərbaycan qoşulur, lakin bir çox strateji məsələlərdə özünün qərarvermə gücünü saxlayır. Belə strateji məsələlərə daxili və xarici enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərarvermə ixtiyarını aid etmək olar.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl isə qeyd edib ki, Gömrük İttifaqına qoşulmuş ölkələr Ticarət azadlığı indeksinə görə son yerlərdədir. Onun sözlərinə görə, Azərbaycanın Rusiya, Belarus və Qazaxstan kimi Gİ ölkələri ilə xarici ticarəti adətən sabit deyil, əsasən Rusiya ilə olan siyasi münasibətlər xarici ticarətə də öz təsirini göstərir.
Vüqar Bayramov isə deyib ki, Gömrük İttifaqı üzvləri ittifaqa üzv olmayan dövlətlərə qarşı ümumi gömrük siyasəti həyata keçirir. Belə olan halda Azərbaycan Gömrük İttifaqına üzv olarsa, ölkənin Avropa Birliyi və cümlədən Türkiyə ilə ticarətinə tətbiq olunan gömrük rüsumları ittifaqın cari üzvləri ilə razılaşdırılmalıdır. İttifaq üzvlərinin bütün enerji siyasəti ümumiləşdirilməlidir. Bu isə o deməkdir ki, üzv olacağı halda gələcəkdə Azərbaycan Avropa ilə birgə həyata keçirilməsi nəzərdə tutulan enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalı və strategiyanı razılaşdırmalıdır. İttifaq daxili enerji qiymətləri, xüsusilə qazın qiymətləri də eyniləşdirməyi məqsəd olaraq qarşıya qoyur. Qazaxıstan artıq 2015-ci ilə qədər öz daxili bazarında qazın qiymətini Rusiya bazarına uyğunlaşdırmalıdır.
Eyni zamanda üzvlər öz makroiqtisadi parametrlərini də təşkilatın hüquqi sənədlərində müəyyən olunmuş qaydada hazırlamalıdır. Bu isə ittifağın makroiqtisadi siyasətə də təsir edəcəyindən xəbər verir.
Bütün bunlar deməyə əsas verir ki, qısamüddətli dövrdə gəlir vəd edilsə də Azərbaycan bu ittifaqa üzv olmamalıdır. Bu üzvlük eyni zamanda strateji dövrdə Azərbaycanın nəinki iqtisadi, hətta siyasi müstəqilliyini də risk altına alır.
Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişəli vəziyyətdə olan üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyası mümkün deyil. Bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olaraq Rusiyanın təzyiqləri üçün istifadə edilə bilər".
Ekspertlər hesab edirlər ki, bir sıra digər postsovet ölkələrinin Gömrük İttifaqının əleyhinə çıxmasına baxmayaraq, Putin onu yaratmaqda və MDB ölkələrini bu birliyə daxil etməkdə israrlıdır. Səbəb isə odur ki, Putin Qərbə qarşı daha güclü birlik yaratmaq istəyir, eyni zamanda, bu onun siyasi karyerası üçün də mühüm əhəmiyyət kəsb edir.
İqtisadçı Oqtay Haqverdiyev deyib ki, Azərbaycanın Gömrük İttifaqına daxil olması ölkəmiz üçün heç nə vəd etmir. Onun sözlərinə görə, indiki məqamda biz Avropa bazarından imtina edə bilmərik: "Gömrük İttifaqı məsələsində nə xeyrimiz var, nə də şərimiz. Çünki hazırda bizim əsas ixrac məhsullarımız neft və qazdan ibarətdir. Bəyəm biz nefti və qazı Rusiyaya satırıq? Bizim bazarımız Avropadır. Avrasiya Gömrük İttifaqına qoşulmaq Rusiyaya, Qazaxıstana, Belarusiyaya sərf edə bilər. Çünki bu ölkələrin yüngül və ağır sənayesi, kənd təsərrüfatı bir-biri ilə bağlıdır. Buna görə də Avrasiya Gömrük İttifaqında ilk növbədə bu ölkələrin təmsil olunması təbii haldır".
Ekspert həmçinin bildirib ki, Azərbaycan sözügedən ittifaqa yalnız geosiyasi məqsədlər üçün qoşula bilər. Onun sözlərinə görə, Azərbaycanın hansısa şərtlər əsasında Avrasiya Gömrük İttifaqına daxil olması mümkündür. Bu şərt isə Dağlıq Qarabağ məsələsi ilə bağlı ola bilər: "Tutaq ki, şərt qoya bilərik ki, bizə bir il vaxt verilsin və həmin bir il müddətində də Ermənistan işğal etdiyi ərazilərimizi boşaltsın. Bu il ərzində əgər Ermənistan işğaldakı rayonları boşaldarsa, o zaman Azərbaycan həmin ittifaqa qoşula bilər".
Bununla belə, Oqtay Haqverdiyev onu da etiraf edib ki, Azərbaycanın sözügedən quruma daxil olması eyni zamanda, müstəqilliyimiz bir hissəsini itirilməsi deməkdir: "Məsələn, indi biz müstəqilik və kiminlə istəyiriksə, alver edirik. Amma həmin ittifaqa qoşulsaq, bu sərbətliyimiz olmayacaq. Yəni, hansısa ticarət sövdələşməsinə gedəndə, mütləq digər oyunçularla məsləhətləşməli olacağıq".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə deyib ki, Azərbaycana güc nümayiş etdirmək, ölkəmizi sıxışdırmaqla onu Gömrük İttifaqına və Avrasiya İttifaqına qəbul etdirmək istəyirlər: "Bu, Azərbaycan üçün qəbul olunan yol deyil. Azərbaycan müstəqil dövlət kimi yoluna davam etməlidir. Məncə, Azərbaycanın dövlət qurumları, ölkə hakimiyyəti də bunu başa düşür ki, əgər Azərbaycan öz müstəqilliyini əbədi etmək istəyirsə, bunun üçün Avrasiyaya inteqrasiya prinsipinə üstünlük verməlidir".
Bu gün heç kimə sirr deyil ki, Rusiya həmişəki mövqeyini itirib. Keçmiş SSRİ-nin parçalanması dünyada Rusiyanın mövqeyini sarsıtdı. Rusiya məhz yenidən öz nüfuzunu bərpa etmək məqsədilə bu qurumu formalaşdırır. Bu gün Rusiya NATO-nun və Avropa İttifaqının getdikcə onun sərhədlərinə yaxınlaşmasına görə çox narahatdır. Artıq Latviya, Litva, Estoniya kimi keçmiş Sovet ölkələri Avropa İttifaqının üzvüdür və onları geri qazanmaq Rusiya üçün olduqca mümkünsüz görünür. Deməli, əsas mübarizə Ukrayna, Belarus, Moldova, Mərkəzi Asiya regionu və Qafaz uğrunda gedir. Rusiya ilə yanaşı Avropa İttifaqı da keçmiş sovet respublikalarına öz alternativini təklif edir.