Dini ekstrimizmə qarşı mübarizə gücləndirilir Siyasət

Dini ekstrimizmə qarşı mübarizə gücləndirilir

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik ediləcək.
Bununla bağlı layihə bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihədə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilməsi nəzərdə tutulub. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında "Polis haqqında" qanuna təklif olunan əlavə layihəsi də müzakirə olunub. Lahiyədə terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilməsi nəzərdə tutulur.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silahın tətbiq ediləcək.
"Dini etiqad azadlığı haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə görə isə dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir.
Dəyişiklik təklifinə əsasən qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə "Dini ayinlər, mərasimlər və atributlar" adlanacaq. Qüvvədə olan qanuna əsasən indiyə qədər islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilərdi. Dəyişikliyə əsasən isə islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Qanunun 21-ci maddəsinə yeni bir əlavə də ediləcək. Bu əlavəyə əsasən ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında " qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq.

Bununla bağlı Cinayət Məcəlləsində təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən 168-1.2 maddəsinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında müzakirəsi zamanı bildirib ki, hazırda Azərbaycanda 2166 məscid var. Gündüz İsmayılov hazırda 3 min Azərbaycan gəncinin xaricdə dini təhsil aldığını nəzərə çatdırıb: "Azərbaycana qayıtdıqdan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır".
Gündüz İsmayılov onu da qeyd edib ki, qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: "Məsələn, Aşura mərasimi zamanı qanundakı boşluqlarla əlaqədar dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır".
Gündüz İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: "Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin".
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinə əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək. Eyni zamanda, qanun layihəsində dini mərasimlər zamanı müxtəlif tamaşaların göstərilməsi də qadağan edilir.
Siyavuş Novruzov deyib ki, Azərbaycanda kimlərsə hansısa dövlətin modelini tətbiq etmək istəyir: "Belə insanlar məsuliyyətə cəlb edilməlidir".
Siyavuş Novruzov qeyd edib ki, indiyə qədər dini ekstremizmlə mübarizə ilə bağlı qanunlara müəyyən dəyişikliklər edilib, ancaq bu sahədə ayrıca qanunun qəbuluna ehtiyac var: "Çünki söhbət xarici ölkələrdən ideologiya ixracından gedir. Bununla mübarizə daha kəskin olmalıdır. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət qurub, öz ənənələri var. Hərə özündən bir qayda-qanun tətbiq edə bilməz".

Siyavuş Novruzov çıxışında Azərbaycandan siyasi mühacir adı altında Avropaya gedənlər haqda da danışıb: "Belələrinə bu gün Avropada küçə təmizləmək təklif olunur və bir çoxları da bu işi görür. Ancaq onlar Azərbaycanda qəzet redaktoru və digər vəzifələrdə çalışıblar. Elələrinə Avropada o cür münasibət göstərilməsi yaxşıdır".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihələri barədə məlumat verib. Onun sözlərinə görə, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində qeyd olunub ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir: "Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti baş prokuror və ona tabe olan prokurorlar həyata keçirir".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov təklif edib ki, dini ekstremist fəaliyyətindən könüllü imtina qanunda əksini tapsın: "Əgər bu şəxsin başqa cinayətləri yoxdursa, o məsuliyyətdən azad edilə bilər".