Rusiyalı general Bakıdadır Siyasət

Rusiyalı general Bakıdadır

Moskva NATO-nun Cənubi Qafqaza nüfuz etməsinin qarşısını almağa və Qərbin Azərbaycandakı maraqlarını neytrallaşdırmağa çalışır

Cavid

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri Rusiyanın da rəsmi Bakıya diqqətini atırıb. Xatırladaq ki, Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan ölkə rəhbərliyi ilə görüşdə iki ölkə arasındakı hərbi müttəfiqliyi daha da inkişaf etdirmək haqda qərar verildi.
Öncə onu qeyd edək ki, bu məsələ region ölkələrinə qarşı aqressiv siyasət yürüdən Rusiya ilə münasibətlərə təsirsiz ötüşməyəcək. Çünki rəsmi Bakı regionda öz qəti mövqe ilə seçilir.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib ki, Azərbaycanın bütün bu addımları qabaqlayıcı tədbir deyil: "Azərbaycan özünün hərəkəti ilə regiondakı dövlətləri hansısa hərəkətliliyə vadar edən tərəf deyil. Ötən illər ərzində bölgədəki hərbi-siyasi durumun necə inkişaf etdiyini hər kəs görüb. Sürətli silahlanma və Ermənistanda məlum hərbi bazalar üzündən Azərbaycan alternativ beynəlxalq təhlükəsizlik sistemində özünün yerini axtarmağa məcbur olub. Digər tərəfdən isə bölgədəki transmilli layihələr qərbin bura marağını artırdığından istər-istəməz həmin iqtisadi proyektlər üzərində də bir təhlükəsizlik sistemi formalaşıb. Ən önəmlisi isə budur ki, Azərbaycan tərəfi işğal altında olduğundan və bunun həyata keçirən tərəfin konkret olaraq Rusiya ilə çox yaxın hərbi alyansı olduğu səbəbindən Azərbaycan bu problemin və regiondakı pozulmuş balansın həlli yollarını uzun illər axtarıb. Bu mənada bizi nədəsə günahlandırmaq, həmçinin Türkiyəni regiona hərbi cəhətdən daxil olmaqda qınamaq yolverilməzdir".
Millət vəkili Azərbaycanın Ermənistanla müharibəyə təhrik edildiyini deyib: "Təbii ki, bunlar önəmli məqamlardır. Əgər Rusiyanın bura təşrif buyuran hərbi yüksək çinli nümayəndələri Azərbaycana alternativ güzəşt paketi təklif edəcəklərsə, buyursunlar. Yetər ki, Qarabağ məsələsində daha ciddi addımlar atılsın. Azərbaycan belə olan təqdirdə bölgənin İsveçrəsi olmağa hazırdı. Bəlkə biz inkişaf etdirdiyimiz hərbi-sənaye sahəsinin və kənardan aldığımız silah-sursatın da miqyasının misilsiz səviyyədə olmasından imtina edərik. Ölkənin təhsil və səhiyyə sferasında həllini gözləyən çoxlu problemlər var. Neft dollarlarımızı niyə yalnız silaha verməliyik ki?! Sanki üçüncü tərəflər İran-İraq savaşındakı kimi bizləri də buna vadar edirlər ki, özləri qazansınlar. Ona görə də Türkiyənin Azərbaycanla daha yaxın hərbi alyanslara girməsi bir zərurətdir. Bunun regiondakı siyasi arxitekturaya birbaşa aidiyyəti var. Hər kəs də bu faktla barışmalı olacaq".
Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov Azərbaycana rəsmi səfərinə başlayıb. Səfər çərçivəsində qonağın Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçirəcəyi də söylənilir.
Müdafiə Nazirliyinin məlumatına görə, ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri bu günə başa çatır.
Qeyd edək ki, bu gün həm də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
İctimaiyyətdə belə bir fikir var ki, bu səfər əsnasında, Türkiyənin Azərbaycanla olan yaxınlığından narahat olan rəsmi Moskva Azərbaycana təzyiq edəcək. Hərbi ekspert Cəsur Sümərinli isə hesab edir ki, bu səfəri Azərbaycan üçün təzyiq hesab etmək, doğru deyil: "Aprelin 8-də Bakıda MDB ölkələrinin qərargah rəislərinin toplantısı olacaq. Səfərin əsas səbəbi budur. Eyni zamanda, Rusiyanın Azərbaycan və digər Qafqaz ölkələrinə əsaslı təzyiq edə bilməyəcəyinin səbəbləri var. Belə ki, NATO ayın əvvəlində açıqlama verdi. Qurumdan bildirilib ki, artıq postsovet ölkələrinə dəstək olmaq lazımdır. Bu baxımdan da şübhə doğurmur ki, NATO-nun Ukrayna, Gürcüstan, eləcə də Azərbaycana dəstəyi olacaq".
Ekspertin sözlərinə görə, NATO ilə Azərbaycanın əməkdaşlığı genişləndikcə, Rusiyanın ölkəmizə təzyiqi nəzərəçarpacaq dərəcədə inkişaf edəcək: "Ümumi tendensiya onu deməyə əsas verir ki, yaxın perspektivdə NATO-Azərbaycan münasibətlərinin gücləndirilməsinə cavab olaraq, Rusiya tərəfi də hərbi, siyasi baxımdan müəyyən addımlar ata bilər. Lakin bu təzyiqin konkret sözügedən səfərlə əlaqəsi yoxdur. Çünki bu səfərlər ənənəvi səfərlərdir. Ancaq hesab edirəm ki, bu ilin ortalarında gözlənilən NATO ilə Azərbaycan arasında razılaşmalardan öncə Rusiya ilə rəsmi Bakı arasında müəyyən danışıqlar olacaq. Çünki Rusiya bu prosesləri nəzarətdən kənar buraxmayaraq, Azərbaycana təsir və təzyiqlərini göstərəcək".
Ekspert Tərlan Həsənovun sözlərinə görə, Ukrayna hadisələrindən sonra HATO-nun şərqə və Cənubi Qafqaza doğru irəliləməsi rəsmi Moskvanın narahatlığına səbəb olduğundan diqqətini Bakıya da yönəldib: "Düzdür, bu gün MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası da keçirilir. Rusiyalı generalın əsas məqsədlərindən biri həmin iclasda iştirak etməkdir. Amma azərbaycanlı həmkarı ilə də görüşüb bir sıra məsələləri ayaqüstü müzakirəsi rəsmi Moskva üçün olduqca önəmlidir. Xüsusilə də Ukrayna hadisələri və Azərbaycanın Ermənistanla müharibə dili ilə danışa biləcəyi mesajlarından və Türkiyə-Azərbaycan strateji hərbi müttəfiqliyi məsələsinin ortaya atılmasından sonra Rusiyanın Bakı ilə hərbi sahədə münasibətlərini normallaşdırması olduqca vacib amillərdən biridir". Ekspert onu da bildirib ki, Rusiya Azərbaycanla hərbi sahədə müttəfiq olmasa da əməkdaşlıqda maraqlıdır: "Ötən il Rusiya Azərbaycana dəyəri milyard dollardan artıq silah-sursat satıb. Rusiyanın silah ixrac edən ölkələrdən biri də Azərbaycandır. Rusiya Azərbaycan iqtisadiyyatının sürətləndiyini, ordunu müasir silahlarla təmin etdiyini görür, ona görə də bu sahədə hərbi əməkdaşlıqda maraqlıdır. Bir də Rusiya Azərbaycanı itirmək istəmir. Daha doğrusu, Azərbaycanın başqa dövlətlərlə, xüsusən də Avropaya meylli olmasını qəbul etmir. Ona görə də generalın səfəri bu diqqətə istiqamətlənib".