Medvedevin Qarabağ düsturu... Siyasət

Medvedevin Qarabağ düsturu...

Putin İcraya başlayır?

"Dağlıq Qarabağla bağlı "Kazan düsturu" yenilənmiş formada gündəmə gətirilir".
Bu barədə erməni ekspert Aram Amantuni "1in.am" saytında dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, Rusiyanın təşəbbüsü ilə prezidentlərin Sankt-Peterburqda keçiriləcək görüşünə dair Ermənistan ictimaiyyətində həyəcanlı gözləntilər var: "Rusiyanın təşəbbüsünün həyəcan doğurmasının səbəbi son dövrlər Moskvanın siyasəti, eləcə də aprel döyüşlərində davranışları ilə bağlıdır. Rusiya açıq şəkildə bildirdi ki, onun bu davranışı dəyişməyəcək. Bu haqda nəsə demək çətin olsa da, Rusiyanın regiona sülhməramlı yerləşdirmək hədəfi aydındır. Bu baxımdan, Ermənistanı Sankt-Peterburqda müsbət heç nə gözləmir".
Erməni ekspertin bu fikirləri fonunda Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi diqqət çəkir. Xüsusilə II Dünya müharibəsində nasistlər tərəfindən döyüşmüş Qaregin Njdeyə İrəvandan abidə qoyulmasından sonra hər iki ölkənin siyasətçiləri ilə yanaşıl, ictimaiyyəti də üz-üzə gəldi. Ekspertlər pisləşən rus-erməni münasibətlərinin Sankt-Peterbuqrda keçiriləcək Qarabağ sammitində Azərbaycanın xeyrinə olduğunu hesab edir.
A. Amantuni da yazır ki, rəsmi Bakı Rusiyanın əraziləri qaytarmaq üçün Ermənistana təzyiq edəcəyinə ümid edir.
"Bu bir tərəfdən onu göstərir ki, Ermənistan güzəştə getmək istəmir, digər tərəfdən, İrəvana bununla bağlı təzyiq var. Məsələ ondan ibarətdir ki, "Kazan düsturu" yenilənmiş formada yenidən gündəmə gətirilir", - deyə o bildirib.
Qeyd edək ki, "Kazan düsturu" 2011-ci ildə Dmitri Medvedevin təşəbbüsü ilə prezidentlərin Kazan görüşündən sonra meydana gəlib. Bu plana görə, Qarabağ ətrafındakı 5, yaxud 6 rayon Azərbaycana qaytarılır. Qarabağın müvəqqəti statusu müəyyən edilir, qaçqınların geri dönüşündən sonra statusun təyin edilməsi üçün referendum keçirilir. Bölgənin təhlükəsizliyini sülhməramlılar üzərinə götürür. Rusiya bu sülhməramlıların öz əsgərlərindən ibarət olmasını istəyir, lakin Qərb buna razı deyil.
Erməni ekspert qeyd edir ki, Rusiya bu planını həyata keçirmək üçün yeni cəhdlərə əl atır: "İndiki məqamda Rusiyaya vaxt lazımdır və vaxt udmaq üçün Ermənistanı danışıqlar masasında əyləşdirir. Ermənistan hakimiyyəti ümid edir ki, "Kazan düsturu" həllini tapmayacaq və onlar da bunu icra etmək məcburiyyətində olmayacaqlar. Əks variantda onlar orduya güvənirlər. Lakin məsələ ondadır ki, Ermənistan hakimiyyəti öz siyasəti ilə ordunu yalqız qoyur. Azərbaycana isə bu prosesdə Ankara və Moskva dəstək verəcək. Digər mərkəzlərin loyallığı da dolayısı ilə Bakıya dəstək deməkdir. Əslində Ermənistanla Hava Hücumundan Müdafiə sisteminin birləşdirilməsi kimi addımlar da "Kazan düsturu"nun həyata keçməsinə hesablanmış addımlardır".
Qeyd etdiyimiz kimi, "Kazan düsturu" Rusiya baş naziri Dmitri Medvedevin prezident olduğu dönəmdə hazırlanıb. Burada Rusiyanın geosiyasi maraqları ilə yanaşı, Medvedevin münaqişəni həll edən şəxs kimi tarixə düşmək istəyi də var idi. Təsadüfi deyil ki, Rusiyanın Qarabağ münaqişəsinə ən konstruktiv yanaşması onun adı ilə bağlıdır. Proseslərin analizi Vladimir Putinin Medvedevin planını icra etmək istəyində olduğunu göstərir. Rusiya münaqişəni bu düsturla həll etməklə geosiyasi maraqlarını təmin etmək istəyir: Cənubi Qafqaza ABŞ-ın girməsinin qarşısını almaq; Azərbaycanın dəstəyini qazanmaq; Qarabağ rus sülhməramlılarını yerləşdirməklə regiona nəzarəti gücləndirmək.
Vladimir Putinin bu istəyi Rusiya maraqları ilə yanaşı, şəxsi imicinə hesablanmış addım ola bilər: beynəlxalq arenada şəxsi nüfuzunu gücləndirmək; nə Obamanın, nə də Avropa liderlərinin həll edə bilmədiyi məsələni həll etmək; Ukraynadan sonra sülhsevər lider imicini bərpa etmək.