“Hər zaman həmsədrlərin görüşü ilə bağlı pessimist proqnozlar verirəm” Siyasət

“Hər zaman həmsədrlərin görüşü ilə bağlı pessimist proqnozlar verirəm”

Akif Nağı: "Bütün bunlar da həmişə özünü doğruldur"

Rövşən Rzayev: "Danışıqlar prosesində çox mühüm hallar baş verir"

Arzu Nağıyev: "Azərbaycan tərəfi bütün beynəlxalq qanunvericilklərə uyğun olaraq öz şərtlərini təqdim edib"

Son zamanlar Dağlıq Qarabağla bağlı yaranan siyasi aktivlik ümidləri artırıb. Amma Ermənistanın qeyri konstruktiv mövqeyi, prosesi əngəlləmək istəyi, həmsədrlərin ənənəvi üslubu hələ ki konkret nəticələrin ortaya qoyulmasına imkan vermir.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, ümumiyyətlə mən hər zaman ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü ilə bağlı bədbin, pessimist proqnozlar verirəm: "Bütün bunlar da həmişə özünü doğruldur. Çünki bu gün hələlik hansısa müsbət bir nəticəyə ümid etməyə dəyməz". Onun sözlərinə görə, Ermənistan öz mövqeyindən geri çəkilmir və vəziyyəti olduqca ağırdır: "Təbii ki, rəsmi İrəvanın öz mövqeyindən geri çəkilməsi üçün ya Rusiya, ya da beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiq olmalıdır. Amma təəssüf ki, hər iki tərəfdən də Ermənistana hələlik belə bir təzyiq yoxdur. Son günlərdə bildiyiniz kimi böyük dövlətlərin G-20 sammiti keçirildi. Orada da bəzi məsələlər müzakirə olundu. Çox təəssüf ki, həmin sammitdə Qarabağ məsələsi müzakirə olunmadı. Orada müxtəlif ikitərəfli görüşlər də oldu və Suriya, Ukrayna məsələsi gündəliyə yatırıldı. Bir sözlə həmsədrlərin görüşündə ciddi bir nəticəyə ümid etməyə dəyməz".
Millət vəkili Rövşən Rzayev deyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda gedən danışıqlar prosesində çox mühüm hallar baş verir. Deputat bildirib ki, yaxın zamanlarda prosesin gedişatında yeni hadisələrin şahidi olacağıq: "Prezidentin daxili və xarici siyasəti Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyümüzün təmin olunmasına aparan yeganə yoldur. Bu istiqamətdə xarici işlər nazirinin Potsdam görüşü diqqət çəkir. Məmmədyarovun son dövr proseslərinin təhlilini apararaq Almaniyada Azərbaycanın birmənalı mövqeyini səsləndirməsi o deməkdir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problemi məhz sülh yolu ilə həll ediləcək. Son günlər keçirilən intensiv görüşlər öz məntiqi nəticəsinə gəlib çıxacaq. Rusiya sözsüz ki, prosesi çox yaxşı izləyir. Qarşıda prezidentlərin növbəti görüşü gözlənilir. Artıq elə bir məqam yetişib ki, biz ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən daha ciddi və ədalətli bir mövqe görə biləcəyik".
Politoloq Arzu Nağıyev isə diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli demək olar ki, bu gün dalana dirənmiş bir vəziyyətdədir: "Azərbaycan tərəfi bütün beynəlxalq qanunvericilklərə uyğun olaraq öz şərtlərini təqdim edib. Aprel döyüşlərindən sonra keçirilən istər Vyana, istərsə də Sankt-Peterburq görüşlərində də bu haqda bildirib. Buna baxmayaraq Ermənistan tərəfi müxtəlif yalan arqumentlər gətirərək prosesi ləngitməklə məşğuldur, beynəlxalq normalara məhəl qoymur və təbii ki, Serj Sərkisyan və onun komandası öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün bir sıra siyasi gedişlər edirlər. Buna misal kimi son mitinqlər və digər siyasi şouları göstərmək kifayətdir".
O bildirib ki, Prezidentlərin görüşündə ən maraqlı tərəf ATƏT -in Minsk Qrupunun həmsədrləridir: "Onlar öz hesabatları xatirinə və ya veriləcək deklorativ bəyanatlar üçün çalışırlar. Demək olar ki, son görüşlərdə bütün variantlar müzakirə edilib və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həlli, daha doğrusu ilk növbədə Ermənistan işğalçı ordusunun ərazilərimizi tərk etməsi məsələsi konkret qoyulub. Lakin bütün bunlar danışıqlardan o yana keçmir və nəticə olaraq Azərbaycan tərəfinin görüş naminə görüş keçirməsi heç də məqsədəuyğun deyil. Əsas səbəb kimi məhz bunu göstərmək olar".
Ekspertin fikrincə, Serj Sərkisyan mütəmadi olaraq Dağlıq Qarabağa səfərlər edir və separatçılarla məsləhətləşmələr aparır: "Bu görüşlərdə bir neşə məqam var. İlk növbədə Sərkisyan Dağlıq Qarabağa müstəqillik söz verib yerinə yetirə bilmədiyi üçün günahlarını yumağa çalışır. Digər tərəfdən başa düşüləndir ki, məhz səhra komandiri olan bu şəxs, məhz münaqişə üzərindən öz qaniçən dəstəsi ilə Ermənistanda hakimiyyəti zəbt edib və istənilən vaxt aradan götürülə biləcəyini başa düşür. Bu səbəbdən mütəmadi olaraq yarınmaq üçün işğal olunan ərazilərə gəlir. Serj Sərkisyandan asılı olsa idi çoxdan sülhə gedərdi. Özü də bilir ki, o, söz sahibi deyil. Buna görə də məcburiyyət qarşısında səfərlərini davam etdirir. Ermənistan hansı mövqedə olmasından asılı olmayaraq Rusiyasız heç bir qərar qəbul edə bilməz. Yəni danışıqları pozmaq üçün hansısa xırda təxribatlara əl ata bilər. Lakin genişmiqyaslı əməliyyatlar keçirmək iqtidarında və gücündə deyil. Son aprel hadisələrindən sonra bunu daha dərindən dərk edən Ermənistan rəhbərliyinin bu gün güvənc yeri ancaq Rusiyadır. Rusiya da təbii ki, müharibənin yenidən alovlanmasının marağında deyil. Çünki beynəlxalq ictimaiyyət bunu başa düşməyəcəkdir. Eyni zamanda Rusiya münaqişə alovunun söndürülməsində ən maraqlı tərəf olmalıdır. Düşünürəm ki, konkret məqsəd Rusiyanın təlimatlarına uyğun hərəkət etməkdir. Daha doğrusu, məqsəd Sərkisyan hakimiyyətini nəyin bahasına olursa olsun saxlamaqdır. Bunun da əsas yolu münaqişənin həllinin uzadılmasıdır. Eyni zamanda ATƏT-n Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlarda noyabrda seçkilər keçirilməlidir və siyasi kursun nədən ibarət olacağı da mühüm amildir. Bundan başqa Rusiya-Türkiyə münasibətləri də münaqişəyə təsir edəcək məsələdir. Bir sözlə gözləmə mövqeyi Azərbaycanı qane etməsə də, Ermənistan bundan yararlanmağa çalışır. Lakin bütün bunlara baxmayarq dünya ictimaiyyəti böyük iqtisadi layihələri həyata keçirmək üçün regionda təhlükəsizliyin təmin edilməsini tələb edirlər. Region üçün isə ən böyük təhlkə məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir".