“Amerikanın hər elədiyi düz olsaydı...” Siyasət

“Amerikanın hər elədiyi düz olsaydı...”

Elxan Şahinoğlu: "Bu gün İraq və ya Liviya qan çanağına dönməzdi"

SSRİ ilə ABŞ arasında mövcud olan soyuq müharibə illərində dünyada müharibələrin sayı indikindən az deyildi. Ancaq o illər dünya ikiqütblü idi, hərə öz yerini bilirdi - nə ABŞ, nə də SSRİ qırmızı cizgini keçirdi.
Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Rusiya prezidentinin ABŞ-la bağlı bəzi fikrilərini doğru hesab etdiyini deyib:
"Vladimir Putin hazırda Amerikanın simasında birqütblü dünyanı tənqid edir, müstəqil dövlətlərin Amerikanın hegemonluğunu qəbul etməyəcəyini dönə-dönə vurğulayır. Onun sözlərində müəyyən qədər həqiqət var, Amerikanın hər elədiyi düz olsaydı, bu gün İraq və ya Liviya qan çanağına dönməzdi. Buna baxmayaraq, Putinin iddia etdiyi çoxqütblü dünya da sabitlik üçün əsas vermir".
Politoloqun fikrincə, Putinin də məqsədi çoxqütblü dünya yaratmaq deyil, bu, sadəcə, görüntüdür: "Kreml sahibi Rusiyanı SSRİ-nin varisi etmək istəyir ki, Amerika "çoxqütblü dünya" ilə deyil, Rusiya və onun maraqları ilə hesablaşsın. Məgər Rusiya Krımı işğal edəndə, Abxaziya və Cənubi Osetiyanı ələ keçirəndə və ya Donbası Ukraynadan ayıranda tərəfdaş adlandırdığı - Çin, Qazaxıstan, Belarus, Hindistan, Braziliya və ya Cənubi Afrika Respublikasıyla məsləhətləşmişdi? "Oralar mənimdir" deyib hərəkətə keçmişdi. Amerikadan nə fərqi oldu ki?!"