“Azərbaycan Ordusu böyük peşəkarlıq və sücaət göstərib” Siyasət

“Azərbaycan Ordusu böyük peşəkarlıq və sücaət göstərib”

Sahibə Qafarova: “Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib”

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə baş tutan iclasda deputatlar gündəlikdə olan 17 məsələni müzakirə ediblər. Öncə cari məsələlər müzakirə edilib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Spiker bildirib ki, qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb tapşırıqlara yerinə yetirməyə qadir olduğunu göstərib: “Tarixi ədalətin öz yerini tutması, ərazi bütövlüyümüzün təmin olunması üçün canından keçmiş şəhidlərimizi biz heç zaman unutmayacağıq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirlərində böyük peşəkarlıq və sücaət göstərib. Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib. Silahlı Qüvvələr Gününü bayram edərkən, Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə qabliyyətini yüksəldir, eyni zamanda regionda sülh və sabitliyə sadiq olduğunu qeyd edir. Əminliklə söyləmək olar ki, Azərbaycan ordusu daha da inkişaf edəcək. Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş komandanı, əsgər və zabitləri təbrik edir və onlara yeni uğurlar arzulayırıq. Azərbaycan Ordusunun bundan sonra da öz üzərinə düşən tarixi missiyasını şərəfli yerinə yetirəcəyinə əminik”.

Deputat Siyavuş Novruzov deyib ki, bu gün təhlükəsizlik məsələsi dünyanın əsas məsələsinə çevrilib: “Bu, dini müstəvidə həyata keçirilir, bir müddət sonra etnik zəmində də bu istiqamətdə problemlər yaratmağa çalışacaqlar”. O, bildirib ki, büdcədə təhlükəsizlik istiqamətində əlavə vəsaitlərin ayrılması bu istiqamətdə tədbirlərin gücləndirilməsinə şərait yaradacaq. Deputat həmçinin növbədənkənar parlament seçkilərinə də toxunub: “Parlament seçkilərinə gəlincə, müxalifət sevinməldiir ki, parlament seçkiləri vaxtından əvvəl olur. Amma seçkilər elan olunandan sonra tamamilə bunun əksinə təbiğat aparıldığının şahidi oluruq”.

Deputat Zahid oruc bildirib ki, Vətən müharibəsində Qələbəmiz Erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa yaxındır. 28 may müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir: “Bəli, sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür”. “Hamıya bəllidir, Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox xalqımıza edilib. Biz Razdan meydanında İskəndər raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əskərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.

Əgər qətllər törədən hərbçiyə Böyük Tiqran ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də episkopluqdan Patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə azərbaycanlı xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Erablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan Patriarxat və kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən koçaryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb. Əsil faciə budur”.

Onun sözlərinə görə, artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir. İlk növbədə, erməni Baş nazir “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir: “Qalır təkcə soyqırım əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın.

Hakim partiyadan deputat Arsen Torosyan, “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik”, söyləyir. İqtidaryönlü “Baqramyan-26” teleqram kanalı yazır: “düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki Katalikos sülhü yox, müharibəni təmsil edir.

Bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.

Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək. İsa Məsih məhz belələrinə üz tutub deyirdi:”Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər”.

Deputat Elşad Mirbəşir diqqətə çatdırıb ki, Fransanın simasında Qərb Cənubi Qafqazda təhlükəli siyasət həyata keçirir. O qeyd edib ki, Fransanın Ermənistana özüyeriyən artilleriya qurğuları verməsi bunun bariz nümunəsidir: “Bu planların arxasında çirkin niyyətlər var. Azərbaycanla Ermənistan arasında sülh prosesinə bu sarsıdıcı zərbədir. Əslində Ermənistanın da sülhlə bağlı yanaşmaları səmimi deyil”. Deputat bildirib ki, Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqazda təhlükəsizlik sistemi qurula bilər: “Bu sistemin müəllifi isə Azərbaycan Prezidentidir. Amma bəzi qüvvələr Ermənistana hücum silahları verməklə regionda gərginliyin artmasına çalışır”.

Deputat Ceyhun Məmmədov vurğulayıb ki, bu gün Azərbaycanda cinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları müstəsna rol oynayır: “Azərbaycan hazırda dünyada ən sabit və təhlükəsiz ölkələrindən birididir. Şübhəsiz ki, polisə atılan güllə cəmiyyətə atılan güllədir. Azərbaycan polisi həm birinci, həm də ikinci Qarabağ müharibəsində ciddi rol oynaylıblar və çoxsaylı şəhidlər veriblər.

Cinayətkaqlığa qarşı daha sərt addımların atılması zəruridir. Son hadisə də göstərdi ki, bəzi insanlarda silahlar var. Bəzi hallarda cinayətkarlığın qarşısını almaq üçün ölüm cəzası daha effektlidir. Proseslərin təhlili göstərirk ki, dəfələrlə cinayətlər törətmiş insanların azad olunmasına daha həssas yanaşmalıyıq”.

Deputat Fazil Mustafa deyib ki, dövlət qulluğu ilə bağlı elə problemlər var ki, onu dövlət strukturları yaradır. O qeyd edib ki, elə gənclərimiz var onlara problemlər yaradırlar: “Bütün imtahanlardan, müsahibə mərhələsindən keçmiş gənclərə əngəl olurlar. Yüzlərlə belə gəncimiz belə problemlər yaşayır. Biz onlara kömək olmalıyıq”.

Deputat bildirib ki, müsahibə mərhələsindən uğurla keçdiyi halda ondan zəif nəticəsi olanları işə qəbul edirlər: “Bu kimi xoşagəlməz məsələlərə son qoyulmalıdır. Bu adamlar dövlətə xidmət etmək üçün qulluğa girirlər. Ona görə də, bu məsələyə elə bu kontekstdən yanaşmaq lazımdır”.

Deputat Tural Gəncəliyev isə Fransanın aqressiv siyasətindən danışıb: “Fransa aqressiv siyasətini Cənubi Qafqaza qədər sürdürür”. Deputat bildirib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napelon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilməsinin qarşısını almalıdır”.

Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli