KXCP-nin Milli Şurada “get-gəli” Siyasət

KXCP-nin Milli Şurada “get-gəli”

Xəzər Teyyublu: "Milli Şuradan istefa barədə mövqeyimiz dəyişməyib"
Siyavuş Novruzov: "KXCP-nin Milli Şuradan çıxmağı yox, qalmağı təəccüb doğurur"

Milli Şuranın sonuncu sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu quruma yeni üzvlərin qəbulu və AXCP sədri Əli Kərimlinin öz tərəfdarlarının üzvlük təklifinə etiraz olaraq partiyanın qurumdan istefa verdiyini açıqlayıb və iclası tərk edib.
Bu addım Milli Şura üzvlərinin əksəriyyətinin etirazına səbəb olub. Lakin sonradan KXCP Ali Məclisinin sədri Bəybala Əbil iclasa qayıdaraq qurumda qaldıqlarını bəyan edib. Onun Mirəlioğlunun istefa bəyanatına əks mövqe ifadə etməsi isə cəmiyyətdə də, elə bu partiyanın özündə də birmənalı qarşılanmayıb.
Partiya sədrinin müavini Xəzər Teyyublu bu "gediş-gəliş"ə APA-ya açıqlamasında aydınlıq gətirməyə çalışıb və KXCP-nin Milli Şuradan istefa vermək barədə mövqeyinin qüvvədə qaldığını deyib. O deyib ki, Mirmahmud Mirəlioğlu sessiyada Milli Şuradan getməklə bağlı konkret mövqe qoyub və bu, partiyanın mövqeyi sayılır. Onun sözlərinə görə, partiyanın istefasından sonra Milli Şuranın sədri Cəmil Həsənli və digərləri KXCP-nin narazı olduğu məsələləri aradan qaldırdıqlarını deyərək partiya sədrindən qurumda qalmasını xahiş ediblər: "Bundan sonra Milli Şurada təmsilçiliklə bağlı yeni vəziyyət yarandı. Ona görə də partiyanın rəhbər orqanları Mili Şuraya qayıdıb-qayıtmamaq barədə müzakirələr aparmağa qərar veriblər".
Xəzər Teyyublu hazırda partiya sədrinin istefa ilə bağlı mövqeyinin qüvvədə qaldığını vurğulayıb: "Eyni zamanda düşünürəm ki, partiyanın əksər şöbələri və üzvləri partiya sədrinin bəyanat verib getməsini və yenidən geri dönməsini düzgün hesab etməzlər. Buna görə də müzakirələrə ehtiyac var".
Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şurada baş verənlərə görə AXCP sədri Əli Kərimlini ittiham edib: "AXCP Milli Şurada sıralarını genişləndirməyə cəhd edir. AXCP-nin öz tərəfdarlarını Milli Şuraya üzv etməsi qurumda təsir imkanlarının gücləndirilməsi istiqamətində atılan addımdır".
Rafiq Manaflı qeyd edib ki, KXCP-nin AXCP üzvlərinin Mili Şurada təmsilçilik məsələsinə etirazı başa düşüləndir: "AXCP kifayət qədər tanınmış adamların vasitəsilə olsa da, Mili Şurada təsir imkanlarını genişləndirmək istəyir. Hər halda bu görüntü var. Milli Şuranın sonuncu sessiyasında yaranmış vəziyyətdən sonra hələlik quruma yeni üzvlərin qəbuluna moratorium qoyuldu. Lakin bu məsələ əlavə müzakirə olunacaq və qərar veriləcək".
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şuradan istefa haqqında qərarına münasibət bildirərkən deyib ki, bu gün Milli Şura adlı qurum artıq yoxdur: "Milli Şuranın Azərbaycanda fəaliyyəti, ictimai-siyasi vəziyyətə təsiri yoxdur. Çünki ora toplaşan şəxslərin kimliyi bəllidir".
Bəzi partiyaların Milli Şuradan çoxdan istefa verdiyini xatırladan S.Novruzov KXCP-nin hələ də qurumda qalmasının təəccüb doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, Milli Şura AXCP-nin oyuncağına çevrilib: "KXCP-nin Milli Şuradan çıxmağı yox, qalmağı təəccüb doğurur. Digər tərəfdən, Əli Kərimli və Mirmahmud Mirəlioğlu arasında münaqişə hələ Xalq Cəbhəsi dövründən başlamışdı. Bu mübarizə Xalq Cəbhəsi ilə "Yurd" arasında olan mübarizənin tərkib hissəsi idi. Əli Kərimli ətrafına "Yurd"çuları toplamışdı və Xalq Cəbhəsini parçalamaqla məşğul idi. Həmin vaxt da Mirmahmud Mirəlioğlu Xalq Cəbhəsinin sədr müavini idi və bu məsələlərə görə Əbülfəz Elçibəydən sonra Klassik Xalq Cəbhəsi Partiyasını yaratdı. Ümumilikdə, Xalq Cəbhəsində olan bütün insanlar qurumdan istefa verdi. Tarixə nəzər salsaq, görərik ki, Cəmil Həsənli özü bəyanat yayıb ki, Xalq Cəbhəsindən Əli Kərimliyə görə istefa verir və müstəqil siyasətlə məşğul olmağa başlayır. Ancaq bu gün Milli Şurada həmin Cəmil Həsənli Əli Kərimlinin diktəsi ilə oturub-durur. Buna görə də düşünürəm ki, Milli Şura bu partiyanın oyuncağına çevrilib və orda olanlar da həmin partiyanın üzvləridir".