Rusiya silahları Azərbaycana tuşlansa... Siyasət

Rusiya silahları Azərbaycana tuşlansa...

"Ermənistanın apardığı siyasət əslində danışıqlar prosesinin yubadılmasına və konkret addımların atılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda əsas məqsəd Azərbaycanı hərbi əməliyyatlara cəlb edərək, ölkəmizi atəşkəsi pozmaqda günahlandırmaqdan ibarətdir". Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Ermənistan hakimiyyəti cəbhədə gərginlik yaratmaqla danışıqlar prosesinin istiqamətinə təsir etməyə və Ermənistana bir daha güc tətbiq etməyəcəyi ilə bağlı Azərbaycanın üzərinə müəyyən öhdəliklər götürməsinə çalışır: "Təbii ki, bu mümkün deyil. Azərbaycan güclü dövlətdir. İstənilən an düşmənin təxribatlarına layiqli cavab verməyə və öz torpaqlarını işğaldan azad etməyə qadirdir".
ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanın apardığı bu siyasətə göz yumduğuna təəssüfləndiyini deyən İ. Vəlizadə söyləyib ki, hətta onlar regiona səfər edən zamanda da danışıqları yalnız atəşkəslə bağlı aparmağa çalışırlar: "Sanki problem tək atəşkəslə bağlıdır. Amma əslində danışıqlar prosesi çoxşaxəlidir. Burada torpaqlarımızın işğaldan azad olunmasından tutmuş, status məsələsinə qədər bir sıra mövzular var ki, həmsədrlər bu məsələləri kənarda saxlayırlar".
Politoloq düşmən ölkənin Rusiyadan aldığı təhlükəli silahları Dağlıq Qarabağa gətirərək Azərbaycana qarşı istifadə etməsi ilə bağlı sualı da cavablandırıb: "Biz bilirik ki, Ermənistan Rusiyanın müttəfiqidir və onlar arasında ikitərəfli münasibətlərdə hərbi-texniki sazişlər mühüm yer tutur. Hansı ki, bu sazişlər əsasında Ermənistan Rusiyadan 200 milyon dollarlıq kredit götürərək silah alır. Lakin burada əsas məsələ həmin silah-sursatların yalnız Ermənistan torpağında yerləşdirilməsi ilə bağlıdır. Sözügedən silahlar Azərbaycanın işğal olunmuş torpaqlarına gətirilməməlidir. Əgər həmin silahlardan Azərbaycana qarşı istifadə olunsa təbii ki, ölkəmiz Rusiya tərəfinə müraciət edərək məsələni qəti şəkildə ortaya qoya bilər. Ermənistan tərəfi onlarda daha təhlükəli silahların olduğunu iddia edir. Əgər onlar istifadə olunsa, o zaman bu tək Azərbaycan-Ermənistan deyil, eləcə də Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilər. Rusiya bunu bildiyi üçün öz müttəfiqinə hazırda həmin silahlardan Azərbaycana qarşı istifadə etməyə icazə verməz".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Rusiyanın Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqrensinin fəaliyyətini ləğv etdikdən sonra, iki ölkə arasında soyuq münasibətlərin üzə çıxması ilə nəticələndi. Bir müddət davam edən Azərbaycanla Rusiya arasında Qarabağ münaqişəsi və Avrasiya İttifaqı məsələsində konfidensial danışıqlarda ortaq məxrəcə gəlinməməsi, əlbəttə burada Rusiyanın daha güzəştlər tələb etməsi, danışıqların nəticəsiz bitməsinə səbəb olub. Aprel ayı Kremlin rəsmi və qeyri-rəsmi şəxslərinin Bakı səfərində də uğursuzluq, rəsmi Kremlin açıq demarşları və Ermənistana isə reveransları artırdı: "Qeyd etmək lazımdır ki, Moskva ilə Bakı arasında davam edən siyasi soyuqluq fonunda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı danışıqların başlanması real görünmür. Bu vəziyyətdən Ermənistan razıdır və çalışılır ki, Moskva-Bakı münasibətləri belə davam edərək, münaqişə ətrafında status-kvo qorunsun. Rusiya-Azərbaycan münasibətlərinin bu vəziyyətdə saxlanmasında Rusiya XİN rəhbəri Sergey Lavrovun rolunu xüsusi vurğulamaq lazımdır. Məhz Sergey Lavrov iki ölkə arasında münasibətlərə zərbə vuran açılaqlamalar verib, ermənilərə siyasi gedişlər edib. Hazırda iki ölkənin siyasi əlaqələrini yüksək səviyyəyə gətirmək, yenidən Rusiyanın təşəbbüsü ilə Qarabağ danışıqlarında müsbət irəliləyişlərin olması, yaxın perspektivdə mümkün görünmür. Astanada gözlənilən sammitdə Rusiya prezidenti V. Putinlə prezident Ilham Əliyevin görüşündə müəyyən danışıqlar aparılsa da, Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunda irəliləyiş olmayacaq. Rusiya çalışır ki, tam danışıqları dondurub, vəziyyəti bu səviyyədə idarə etsin".
Politoloq onu da qeyd edib ki, Azərbaycanın Türkiyə və Gürcüstanla üçlük hərbi formatda təlimləri, Ər-Riyadda keçirilən "Ərəb-İslam-Amerika" konfransında iştirakı, Cənubi Qaz kəmərinin çəkilməsi, Rusiyanın Azərbaycana qarşı sərt mövqeyinin davam etməsi ilə nəticələnməkdədir: "Hazırda Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir. ABŞ və Fransanın təsir imkanları zəifləyib, Rusiya da açıq münaqişəni dondurmaq siyasəti aparır, Ermənistanı fəal şəkildə silahlandırır. Azərbaycan buna cavab olaraq, NATO ilə əlaqləri açıq şəkildə inkişaf etdirilməsi istiqamətində işlər aparmalı və Səudiyyə Ərəbistanı vasitəsilə formalaşa biləcək " İslam NATO"sunda yer almalıdır. Azərbaycan çalışmalıdır ki, Səudiyyə Ərəbistanı və İsrail vasitəsilə ABŞ-la siyasi dialoq qurub, ölkəmizə dəstəyi artırsın və Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığlna səbəb olsun. Xüsusilə, ABŞ Minsk qrupunda fəal olarsa, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə, hımçinin münaqişənin həllinə çalışmağa cəhd edərsə, Rusiya aktivlənib, münaqişəni həll etməyə çalışar. Göründüyü kimi, ABŞ-ın fəaliyyətsizliyi, Rusiyanın mövqeyini gücləndirib.
Bu ay Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Həmsədrlər çalışacaq ki, yay aylarında cəbhədə atəşkəsə əməl olunması üçün tərəflərlə danışıqlar aparsın. Minsk formatının hazırda fəaliyyəti sıfır vəziyyətində olmaqla yanaşı, status-kvonun qorunmasına hesablanıb. Real geosiyasi situasiya Qarabağda yenidən hərbi əməliyyatların başlanmasına rəvac verir".