“ABŞ-ın mövqeyində aktivlik var” Siyasət

“ABŞ-ın mövqeyində aktivlik var”

"Həmsədrlərin regiona növbəti səfəri əvvəlkilərdən prinsipial fərqlidir. Sərkisyanın prezidentliyinin başa çatmasına 10 ay qalıb. Qalan 10 ayda Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinə imkan verməməyə çalışacaq". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib. O bildirib ki, 2008-ci ildən hakimiyyətdə olan Sərkisyan hakimiyyətinin yalnız ilk aylarında Azərbaycanla barışığın tərəfdarı oldu: "Hətta "BBS" radiosuna verdiyi müsahibəsində Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa və Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə çağırdı. 2008-ci ildə Sərkisyan qan üstündə hakimiyyətə gəldiyi üçün Qərbin onun prezidentliyinin legitimliyinin tanımayacağından qorxurdu. Qərb bəzi məsələlərə görə yaranmış vəziyyətdən istifadə etmədi. Beləliklə S.Sərkisyanın tənzimlənməyə razılıq verməsi dövrü arxada qaldı.
Prezidentliyinin sonunda Sərkisyan yenidən mürəkkəb suallar qarşısındadır. Həm Ermənistan üzərində hakimiyyətini saxlamalı və belə hakimiyyətinin legitimliyinə nail olmalıdır. O, bu məqsədlərinə Qarabağ tənzimlənməsində güzəştə getmədən nail olmağa çalışacaqdır.
Rusiya Dağlıq Qarabağ tənzimlənməsində üstünlüyü ələ alıb. Bu üstünlük ABŞ tərəfindən qəbul edilir. Amma Sərkisyan Kremlin planlarını növbəti dəfə alt-üst etdi". Politoloq əlavə edib ki, Qarabağ tənzimlənməsində Putinin variantını sakitcə qəbul etməyən Sərkisyan Emənistanda hakimiyyətdə Rusiyapərəst ermənilərin çoxluğu ilə bağlı Kremlin arzularının reallaşmasına növbəti dəfə maneçilik etdi: "Parlament spikeri seçilməsində Rusiyanın maraqlarının təmin olunmasına imkan verməyən Sərkisyanın bu hərəkətinə hələ ki Rusiya tərəfdən heç bir reaksiya yoxdur. Belə sükutun Ermənistan üçün faydalı olacağını düşünmürük. Hər şey Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı növbəti təşəbbüsünü irəli sürməsinin vaxtından asılıdır. Rusiyanın prezidentlərin görüşünün vaxtını gecikdirməsi Sərkisyana çox baha başa gələ bilər. Qarabağ məsələsində ciddi zərbə alan Sərkisyanın yaranmış vəziyyəti ermənilərə izah etməyə vaxtı çatmaya bilər".
Ekspert deyib ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli mövqeyində aktivlik var: "Tramp administrasiyasının bu tənzimlənməyə yeni yanaşma nümayiş etdirməsi çox ehtimallıdır. Fransanın yeni prezidenti də yaranmış vəziyyəti düzgün dəyərləndirib, aktivlik nümayiş etdirəcək. Amma bütün bunların hamısının reallaşması vasitəçilik missiyasını praktiki cəhətdən icra edən həmsədr ölkələrin üç məmurundan asılıdır. Onlar Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəyə yaşıl işıq yandırmaq niyyətində olmasalar, çox asanlıqla Sərkisyanın prezidentlərin görüşündən yayınmaq üçün seçdiyi taktikanı neytrallaşdıra biləcəklər".
Politoloq həmçinin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanından başlayan ilk xarici səfər turnesini də şərh edib. O bildirib ki, Trampın Səudiyyə Ərəbistanına səfərinə sayılı günlər qalmış ABŞ Suriya hökumət qoşunun hərbi kolonuna atəş açdı: "Bu kolona İran hərbçiləri başçılıq edirmiş. Buna görə də ABŞ hərbçiləri bu kolonu özləri uçun təhlükəli hesab edərək, bombardman ediblər. Daha maraqlısı odur ki, ABŞ Suriyadakı İrana məxsus qüvvələri bombalayarkən Rusiyaya əvvəlcədən məlumat veribmiş. Bununla da ABŞ İranın Suriyadakı iştirakından narazı olduğunu bildirdi. Eləcə də İran ABŞ-ın Suriyada deeskalasiya prosesinə qoşulmasının əleyhinədir.
Trampın Səudiyyə Ərəbistanına səfərində iki gündəlik var idi. Bunlardan birincisi ABŞ-ın nəzərdə tutduğu gündəlik idi. Burada siyasət və ya geosiyasət minimal, iqtisadiyyat isə maksimum idi. ABŞ-la Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalandı. Bu bəşər tarixində bir dəfəyə imzalanmış ən böyük məbləğli müqavilədir. Eləcə də bu müqavilənin davamı olaraq və digər sahələri də nəzərə alaraq yaxın on ildə ABŞ Səudiyyə Ərəbistanına 350 milyard dollarlıq müqavilələr reallaşdırmalıdr. Trampın səfəri zamanı Səudiyyə Ərəbistanının gündəliyi isə sırf siyasi və ya geosiyasi tutumlu idi. Səudiyyə Ərəbistanının rəhbərliyi ABŞ-la xüsusi münasibətlərə malik olduğunu həm öz xalqına, həm ərəb dünyasına həm də eləcə bütöv İslam dünyasına nümayiş etdirməyi qarşısına məqsəd qoymuşdur. Buna nail oldu. "ABŞ-Səudiyyə Ərəbistanı", "ABŞ-Ərəb ölkələri", "ABŞ-İslam dövlətləri" adlı üç mərhələdə tədbirlər keçirildi. Sonuncu konfrans daha çox diqqət çəkir. 54 İslam dövlətindən 50-si bu konfransda iştirak edirdi. Onlardan 30-u prezident və baş nazir səviyyəsində təmsil olunurdu".