Yalçın Rəfiyev: COP-29-da bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü Siyasət

Yalçın Rəfiyev: COP-29-da bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü

Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanmasına çox böyük dəstək verilir.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“Prezident İlham Əliyevin koloniyalizmə qarşı atdığı praktik addımları qeyd etməliyəm. COP-29-un açılış mərasimində də Prezident İlham Əliyevin bu cür mövqe sərgiləməsi bütün dövlətlər tərəfindən səmimi qarşılandı. COP-29-dan sonra Azərbaycanla Yaxın Şərq, Afrika ölkələri arasında yaxınlaşma oldu. COP-29-un nəticələrinə diqqət yetirsək, əldə olunan əsas qərar 300 milyard ABŞ dollarının müəyyən olunması idi. Bu, Qlobal Şimaldan Qlobal Cənuba ödənilməli olan məbləğdir. Bakıda biz 198 tərəf dövlət arasında konsensus qərarın əldə olunmasına nail ola bildik. Bu, Azərbaycana olan münasibət, Azərbaycanın müstəqil tərəfsiz siyasət aparmasından irəli gəlir. Bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü”, - deyə nazir müavini qeyd edib.