

Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbulu zamanı deyib.
"Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq", - Prezident vurğulayıb.