Elçibəylə bağlı təhqirə sərt reaksiya verildi Siyasət

Elçibəylə bağlı təhqirə sərt reaksiya verildi

Almurad Əliyev: "Ağabəy Əsgərov da bu sözünün bəlasını çəkəcək"
Fazil Mustafa: "Ağabəy Əsgərovun prezidentin dəyər verdiyi şəxsə qarşı belə münasibəti qəbulolunmazdır"
"Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərovun Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr işlətməsi sərt reaksiyalara səbəb olub.
Xatırlıdıq ki, o müsahibəsi zamanı 90-cı illərin əvvəllərində Azərbaycanda olan vəziyyətdən danışıb. Həmin dövrün proseslərindən danışan Əsgərov eks-prezident Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr işlədib. Ağabəy Əsgərov müsahibəsində kommunistlərlə cəbhəçiləri müqayisə edib: "Bu adamlar mütəşəkkil, intizamlı, təşkilatçı adamlar idilər. Dövlət idarəetmə orqanları onların çiyinlərində idi. Onlar AXC funksionerlərindən fərqli olaraq hər gün üzlərini qırxır, kostyum və qalstukda gəzir, səhər tezdən durub işə gəlirdilər. Günortaya yaxın işə zorla gəlib çıxan İsa Qəmbər və ya Pənah Hüseynovdan fərqli olaraq onlar təhsilli və peşəkar dövlət aparatı işçiləri idilər. Bu sistemi bir anda necə dağıtmaq olardı? Bu təcrübəli funksionerlərin yerini Elmlər Akademiyasının kiçik elmi işçiləri tutdular. Mən də akademiyada işləyirdim"... Və sair...
Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Ağabəy Əsgərovun ittihamına cavab olaraq "Ağabəy Əsgərov görünür, vəzifə istəyir. Ona görə də, Əbülfəz Elçibəy haqqında belə danışır. Həyatını Azərbaycanın milli azadlığına həsr edən adama necə avara demək olar. Ola bilsin ki, Ağabəy Əsgərov kimi adamlar milli azadlıq uğurunda mübarizə aparmağı, etiraz aksiyaları keçirməyi avara, boş iş hesab edirlər. Əgər belə düşünürsə, deməli, ən böyük avara elə onun özüdür".
Almurad Əliyev qeyd etdi ki, Əbülfəz Elçibəyə hətta mərhum prezident Heydər Əliyev də hörmət edib: "Heydər Əliyev qardaşım haqqında yüksək fikirdə olub. Ağabəy Əsgərov kimi adamlar Elçibəy haqqında danışarkən heç olmasa bunu nəzərə alsınlar. O, xəstə adamdır, vəzifə əldə etmək üçün Elçibəyi söyür. Amma bilmir ki, bu cür ifadələrinə görə ona heç kəs, hətta təmsil olunuduğu komanda da hörmət qoymayacaq. Əbülfəz Elçibəyin siyasi fəaliyyətindən narazılıq etmək olar, amma onu avara adlandırmaq həm də günahdır. Bu günə qədər Elçibəyi təhqir edənlərdən heç kim ağ günə çıxmayıb, başları bəlalar çəkib. Görəcəksiz, Ağabəy Əsgərov da bu sözünün bəlasını çəkəcək".
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa da Ağabəy Əsgərova etirazını bildirib: "Əbülfəz Elçibəy, nəinki Ağabəy Əsgərova, başqa adamlara da pislik etməyib. Hər hansı bir şəkildə Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev, ümumilikdə dünyalarını dəyişən dövlət xadimləri haqqında tərbiyədən kənar bir üslubda ifadə işlətmək yanlışdır".
Onun sözlərinə görə, vəfat edən insanlar haqqında nalayiq sözlər işlətmək, sadəcə olaraq tərbiyəsizlikdir: "İnsanlar gərək bu cür açıqlamalardan qaçsınlar. Biz dövlət xadimlərinə hörmət etməliyik ki, gələcəkdə daxili barışı və həmrəylik durumunu saxlamaq imkanlarımız olsun".
Fazil Mustafa xüsusilə məsul vəzifədə olan şəxsləri bu məsələdə daha diqqətli olmağa çağırıb: "Mən bunu məsul vəzifədə çalışan şəxslərə heç yaraşdırmıram. Məcburam deyim ki, Ağabəy Əsgərovun bu açıqlaması çox səviyyəsiz və ədəbdən kənar hərəkətdir. Bu, ölkə prezidentinin Əbülfəz Elçibəyə qarşı olan münasibətinə adekvat deyil. Məhz İlham Əliyevin təşəbbüsü ilə "Eks prezidentlərin statusu haqqında qanun" qəbul edilib. Bu münasibətin qarşısında YAP üzvünün təhqiramiz formada ifadə işlətməsi yolverilməzdir".
O, həmçinin əlavə edib ki, yalnız kamilləşməyən, insan kimi yetişməyənlər Əbülfəz Elçibəy barəsində belə fikir səsləndirə bilər: "Allah günahından keçsin. Buna görə Ağabəy Əsgərovu qınayıram. İslam əxlaqına sahib olan insan Əbülfəz Elçibəy haqqında belə ifadə işlətməməlidir. Ola bilsin ki, onun siyasətini bəyənməsinlər. Əbülfəz bəyin siyasi baxışlarını bəyənməyən kifayət qədər insan var. Ədəbsiz ifadə heç kimə yaraşmır. Ağabəy Əsgərovun prezidentin dəyər veridiyi şəxsə qarşı belə münasibəti qəbulolunmazdır. Bir daha deyirəm ki, mən, toplumun dəyər veridiyi Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin haqqında təhqiramiz ifadələr işlədilməsinin əleyhinəyəm. Bunu natamamlıq, mədəniyyətsizlik kimi qiymətləndirirəm. Onlar bizim arzularımıza uyğun olub-olmamasından asılı olmayaraq Azərbaycan üçün əllərindən gələni ediblər. Sayımız, müstəqillik tariximiz çox deyil. Bir-birimizə qarşı bunca sayğısız davranmağımızın ancaq fəsadları ola bilər".
Jurnalist Cavid İsmayıl da Ağabəy Əskərovu sərt formada tənqid edib: "Avara kimdir? Gəncliyindən Azərbaycanın müstəqilliyi ideyası ilə yaşayan, üzləşdiyi bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, yolundan dönməyən və sonunda məqsədinə nail olub Vətəninin müstəqilliyini bərpa edən, bu müstəqil ölkənin prezidenti seçilən və vətəndaş müharibəsi təhlükəsi qarşısında vəzifəsindən imtina etməyi bacaran Əbülfəz Elçibəy, yoxsa 15 ildir rəhbərlik etdiyi "Azərbaycan" nəşriyyatından tualet və araq qoxusunu təmizləyə, normal kanalizasiya sistemi qura bilməyən, qoynunda reketlər bəsləyən Ağabəy Əsgərov?"

Əli