Elçin Əmirbəyov İspaniya Krallığında işgüzar səfərdə olub Siyasət

Elçin Əmirbəyov İspaniya Krallığında işgüzar səfərdə olub

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İspaniya Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici işlər və Qlobal məsələlər üzrə Dövlət katibi Dieqo Martinez Belio, Baş Nazirin Ofisinin Xarici Əlaqələr üzrə Baş Katibi Emma Apariçi, Konqresdə Avropa İttifaqı üzrə Birgə Komissiyanın sədri Fransisko Xose Konde Lopez, Senatın Xarici Əlaqələr Komitəsinin Prezidenti Xose İqnasio Landaluse Kayexa və İspaniya parlamentinin hər iki palatasının üzvləri, həmçinin İspaniyanın aparıcı beyin mərkəzəri olan Elcano Kral İnstitutu və Fundasion Alternativas ekspertləri ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi və investisiyalar üzrə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Görüşlərdə, həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, iki ölkə arasında davamlı və dönməz sülhün bərqərar olması üçün hələ də mövcud olan əsas maneələr və Azərbaycanın sülh gündəliyi barədə ətraflı məlumatı təqdim edib, mövzu ətrafında ispaniyalı həmkarları ilə fikir mübadiləsi aparıb.

Görüşlər zamanı Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi barədə ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırıb, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim edib.

E.Əmirbəyov səfər çərçivəsində həmçinin İspaniyanın media nümayəndələrinə müsahibə verib.