

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, "Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda təşkil olunan iclasda çıxışı zamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətin inkişafına dəyərli töhfələr verdiyini bildirib.
Sahibə Qafarova qeyd edib ki,z türk birliyinin yeni tarixi şəraitdə, qarşılıqlı hörmət, strateji tərəfdaşlıq və xalqlarımızın gələcəyi üçün birgə məsuliyyət əsasında dirçəlməsinə şahidlik edirik və türk dövlətlərinin “dildə, fikirdə, əməldə birliyi” türk ailəsinin sabitliyinin və rifahının mühüm şərtinə çevrilməkdədir. Dövlətlərimiz arasında siyasi əlaqələrin dərinləşməsi, ölkələrimizin yerləşdiyi bölgələrdə ikitərəfli və çoxtərəfli iqtisadi layihələrin uğurla həyata keçirilməsi, qarşılıqlı sərmayə qoyuluşları, digər tədbirlər iş birliyimizin yeni arxitekturasını formalaşdırıb.
Türk ailəsinin fəal üzvü kimi Azərbaycanın ümumi işə verdiyi töhfələrdən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan türk dünyasının birliyinin daha da güclənməsi üçün düşünülmüş tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycanın Zəfəri həm də ümumi regionumuzda yeni geosiyasi reallıqlar formalaşdırıb və türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb. Enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə mövcud potensialdan maksimum istifadə, yeni əməkdaşlıq formatlarının tətbiqi türk dövlətlərinin iqtisadi birliyinin daha da möhkəmlənməsini təmin edəcək.
Xalqlarımızın və dövlətlərimizin birlik və birgəlik əzminin Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi inteqrasiya qurumlarının keçdiyi inkişaf yolunda parlaq təcəssümünü tapdığını söyləyən Sahibə Qafarova qeyd edib ki, bu əməkdaşlıq təşkilatları arasında öz yeri olan Türk Dövlətlərinin Parlament Assambleyası 15 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir.
Milli Məclisin sədri vurğulayıb ki, iyirmi birinci əsr türk xalqları üçün yeni imkanlar əsridir və Türk xalqlarının yeni yüksəlişinin yolu birlik və həmrəylikdən keçir. Azərbaycan parlamenti TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyətə bundan sonra da ümdə əhəmiyyət verəcək.